Türklər: İki sivilizasiyanın xadimləri - VİDEOKAST

// Həm İslam dünyası, həm də Avropa türklərdən böyük impuls alıblar

  Türklər:  İki sivilizasiyanın xadimləri -  VİDEOKAST
  28 Oktyabr 2022    Oxunub:8531
"Türk və İslam sivilizasiyaları bir-birinə elə inteqrasiya olunub ki, onları ayırmaq çətindir. Türklərin özündə dövlətçiliyə, orduya, ailəyə, dövlətə, ümumiyyətlə, insana aid dəyərlər sistemi mövcud idi. Müasir demokratiyaya bənzəyən siyasi quruluşun qayda-qanunlarını türklərdə hələ o vaxtdan görürik. Məsələn, qanunun aliliyi türklərdə əvvəldən var idi. Bu, özünü “törə” anlayışında göstərirdi. Xaqanın hakimiyyəti mütləq olsa da, o, “törə”nin qoyduğu qaydaları poza bilməzdi. Xaqanın “törə”, yəni qayda vermək hüququ “toy” deyilən bir quruluş – “qurultay”la məhdudlaşdırılırdı. Bu, formalaşmış və müəyyən protokolları olan dövlətçilik münasibətləri idi.
Bu sözləri AzVision.az -a müsahibəsində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, türkoloq Namiq Məmmədov deyib. O bildirib ki, müasir dünyada qədim türkləri adətən köçəri qəbilə və tayfalar kimi qələmə verirlər. Amma bu, çox dayaz yanaşmadır:


- Qədim türklərdə əsas dəyərlərdən biri humanizm idi. Türklərin formalaşdığı cəmiyyətə diqqət yetirsək, görərik ki, onlarda sinif anlayışı yoxdur. Yəni sonradan feodalizm və yaxud, kapitalizm quruluşlarında olduğu kimi xalq təbəqələrə bölünmür. Məsələn, ruhanilər zümrəsi olmayıb. Ümumiyyətlə, "zümrə" anlayışını görmürük. Hamı bərabər idi. Hökmdarın funksiyalarından biri “bərabərlik” anlayışının qorunmasıdır.
İslamın gəlməsi bu məqamlara yeni dəyər verdi. Onsuz da türklərin özündə olan dəyərlər – humanizm, bərabərlik, insanların hüquq və azadlığı anlayışları, - islamla möhkəmləndirildi. Əlbəttə ki, İslamın yaranma dövrünün ərəblərlə bağlı olduğu danılmazdır. Amma onun sonrakı inkişafı və dünyaya yayılması birbaşa türklərin xidmətidir. Türklərdə olan ordu mədəniyyəti və hələ Mehdi xanın dövründən formalaşmış ordu sistemi hazırda da dünyada mövcuddur. Ordunun müəyyən sahələr üzrə onluqlar, yüzlüklər və minliklərə bölgü sistemi qədim türklərdə formalaşıb. Yəni dünyada hərb tarixini və ordu sistemini öyrənmək üçün mütləq türkləri öyrənmək lazımdır. Çünki bu, türk dünyasının birbaşa yaşayış tərzi olub. Hər bir türk eyni zamanda bir əsgər demək idi. Xaqanın vəzifəsi də həmin əsgərləri bir nizam altında saxlamaq idi.

- Bəzi ekspertlər bildirirlər ki, əslində türklərin köçərilik həyatı Avrasiya məkanından başlayaraq, Qərbə qədər inkişafa bir impuls verib. Yəni həmin köçərilikdən irəli gələn impuls, hərbi yürüşlər və hərbi təlimlər vasitəsilə həm daşıyıcısı olduqları dəyərləri yayıblar, həm də getdikləri yerlərdəki mədəniyyətlərdən önəmli məqamları götürüb, özlərində sintez ediblər. Bu fikirlərlə razılaşmaq olarmı?
- Avropanın türklərdən əvvəlki tarixinə, yəni Roma imperiyasının mövcud olduğu vaxta diqqət yetirsək, böyük bir qul kütləsi cəmiyyətin iqtisadi sisteminin əsasını təşkli edirdi. Bu, əzilən bir kütlədir, müharibələrdə əsir götürülür və onlarla insan kimi davranılmırdı. Bir qarın yeməyə işlədilir və yaxud onlara əyləncə vasitəsi kimi baxılırdı. Türklərin gəlişi bu çökmüş sivilizasiyanı yenisilə əvəz etdi.
Böyük Çölün böyük izi

Yeni sivilizasiya nə deməkdir? Humanizmin, yeni ictimai-siyasi münasibətlərin təşəkkülü. Məsələn, türklərdə insanları qula çevirmək anlayışı yox idi. Türklər yayılan yerlərdə quldarlıq münasibətləri olmayıb. İnsana hümanizm mövqeyindən yanaşılırdı. Onlar hər hansı bir ərazini götürəndə orada yaşayan xalqın tabe olmağını istəyirdilər. Türklərdə tabe olmaq anlayışı hansısa bir tayfanın tabeliyinə keçərək, müəyyən nizamı formalaşdırmağı nəzərdə tuturdu. Ən pis halda oradan vergi alırdılar. Həmin xalqlar öz işlərilə məşğul olur, öz həyat tərzlərini saxlayırdılar, qarşılıqlı münasibətlər yaradılırdı. Hətta tabe olanların qorunmasını da türklər öz üzərlərinə götürürdülər. Tabe olanlardan orduda çox istifadə etmirdilər.
Bunlar Avropanın yeni bir iqtisadi-siyasi formasiyaya keçməsinə gətirib çıxardı. Yəni türklərin gəlişindən sonra Avropanın quldarlıq sistemi yeni bir sistemlə - feodal ictimai münasibətlərilə əvəz olundu ki, bu da quldarlığa nisbətən irəliyə atılmış bir addım idi.

- Yeni tarixdə türk dünyası, türk xalqları ümumbəşəri svilizasiyada hansı rolu oynayır və hansı töhfələri verirlər?
- Azərbaycanın və Orta Asiya xalqlarının Rusiya imperiyasının tərkibinə keçməsi mütəxəssislərin, beyin xadimlərinin artıq yeni bir dildə - daha çox rus dilində özünü ifadə etməsinə gətirib çıxardı. Azərbaycanın da, Orta Asiyanın da mütəfəkkirləri bu dilin tərkibində formalaşırdılar. Bu, parçalanmaya gətirib çıxardı, amma onlar öz dəyərlərini saxladılar.
Sovet imperiyasının parçalanmasından sonra XXI əsrin əvvəllərindən Türkiyənin yeni mövqeyi və liderliyi ilə türk dövlətləri əvvəlki türk sivilizasiyasını bərpa etməyə başladılar. Əlbəttə ki, birinci növbədə mədəni və iqtisadi cəhətdən yaxınlaşmaya start verildi. Bunun tam bəhrəsini biz 2020-ci ilin hadisələrindən sonra görürük. Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra imzalanmış Şuşa Bəyannaməsi yeni bir impuls verdi. Bu impuls artıq Zəngəzur dəhlizi vasitəsilə türk dünyası arasında iqtisadi qapının açılması deməkdir. Türk dünyasının birbaşa üzərində yerləşən və bunun nəticəsində onun çiçəklənməsini şərtləndirən əvvəlki İpək yolunun yeni formatda bərpası, Orta Asiya türklərinin, Azərbaycanın, Türkiyənin açar rolu vəziyyətinə gəlməsi bu sivilizasiyanın yenidən canlanmasına gətirib çıxaracaq.

- ...Bu, elə həmin körpü məsələsinin bərpası deyilmi?
- Bəli, bu eyni zamanda həmin körpünün bərpası və yeni formatda çiçəklənməsidir. Çünki son dövrlərdə 7 türk dövlətinin Təşkilatı yaradılıb və bunun gələcək inkişafını biz artıq görürük. Türkiyənin və digər türk dövlətlərinin müəyyənləşdirdiyi yeni vizionda bunların konfederasiya, yeni bir güc mərkəzi kimi formalaşmasının təməli qoyulur. Biz bunun şahidi olacağıq.

- Türklər tarixən sivilizasiyalar arasında inteqrasiyanın tərəfdarıdırlar, yoxsa qarşıdurmanın? Yəni türk sivilizasiyası özünü inteqrasiya ilə identikləşdirib, yoxsa toqquşma ilə?
- Əlbəttə ki, müxtəlif konsepsiyalar var. Türklər bəşər tarixinin bütün mərhələlərində dediyim dəyərlərin möhkəmlənməsində və inkişafında, islam mədəniyyətinin Hindistandan və Çindən tutmuş, qədər Avropaya yayılmasında rol oynamış xalqlardırlar. VIII əsrdən sonra İslamın yayılması türk xalqlarının adı ilə bağlıdır. VII əsrdə türklər İslam mədəniyyətinin tərkibinə daxil oldular. Onsuz da türklər bu mədəniyyətin daşıyıcıları idilər və onların şüurunda həmin dəyərlər var idi. Bu baxımdan həmin mədəniyyətin saxlanması və yayılması funksiyasını türklər həyata keçirdilər. Tarixən türklər sivilzasiyaların inteqrasiyasının mərkəzi rolunu oynayıblar. Necə ki, Çinlə Avropanı "İpək yolu" ilə əlaqələndirirdilər, müasir dövrdə də Avropanın Şərqlə əlaqələndirilməsində əsas rol türklərin üzərinə düşəcək.

- Maraqlıdır, niyə türk dünyası həmişə inteqrasiyanın, qarşılıqlı əlaqələrin tərəfdarı kimi çıxış edir, amma Qərbdə müəyyən dairələr mütləq sivilizasiyaların toqquşmalı olduğunu bildirirlər?
- Bu nədən irəli gəlir... Onlar öz mədəniyyətlərinin türk sivilizasiyasının içərisində əriyəcəyindən qorxurlar. Buna görə toqquşma ssenarisini irəli sürürlər. Bizim mədəniyyət və dəyərlər elədir ki, hansı dəyərin içinə düşsə, onu özünə çevirəcək, çünki daha üstündür, daha humanistdir.

- Türk xalqları ənənəvi dəyərlərini qoruyub saxlaya biliblərmi? Qərbdə ənənəvi dəyərlərin ayaq altına salındığını görürük. Türklərdə vəziyyət necədir?
- "Ənənəvi dəyərlər" deyəndə biz türklərdə tarixən formalaşmış dəyərləri nəzərdə tutsaq, onlar bunu uzun müddət daşıyıblar. Müəyyən imperiyalar, xüsusilə də Səfəvilər və yaxud, Osmanlı dövründə hətta genişləndiriblər, başqa xalqlara yayıblar və onları öz tərkiblərində saxlayıblar. Osmanlı dövlətinin tərkibindən çıxmış kiçik xalqlar indi də həmin dəyərlərin ənənəsini yaşadır və ya həsrətini çəkirlər. İnsana münasibəti dəyər kimi formalaşdırdığına görə. Elə Osmanlı dövlətinin ərazisində yaşayan erməniləri götürək. Osmanlının, türkün əvəzinə başqa bir millət və ya dövlət, məsələn, hər hansı bir Avropa xalqı olsa idi, ermənilər türklərə etdiyini onlara etsəydilər, erməniləri yer üzündən silərdi. Bununla belə, ermənilər yaşayırlarsa, türklərə borcludurlar.
Başqa xalqları götürək. Osmanlı imperiyasının daxilindəki yəhudilər, bu dinin daşıyıcıları qorunublar. Xüsusilə də 1492-ci ildə İspaniyada baş verən qırğınlar zamanı, ərəblərin dövründə və ondan sonrakı vaxtlarda yəhudiləri qoruyan və öz ərazisinə yerləşdirən Osmanlı imperiyası olub. Belə dəyərlər dünyanın hər xalqına məxsus deyil. Bunun üçün türk olmaq lazımdır ki, başqasına verilən dəyəri də, göstərilən münasibəti də, böyüklüyü də görə biləsən. Bu dəyərlərin daşıyıcısı olan türklər bunu həmişə yaşadıblar, indi də yaşadırlar və gələcək nəsillərə də ötürəcəklər.

Sahil İsgəndərov
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.16:
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.



Teqlər:   Türklər-və-dünya  





Xəbər lenti