Türk Dünyasının yüksəlişi hər 7 əsrdən bir olur

// İndi növbəti dalğanın vaxtıdır

   Türk Dünyasının yüksəlişi    hər 7 əsrdən bir olur
  01 Noyabr 2022    Oxunub:7434
Elnur Həsən Mikayıl
Qars-Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri
Xüsusi olaraq AzVision.az üçün

Bu gün türk dünyasından danışarkən ilk növbədə onun coğrafi məkanında 300 milyon insanın yaşadığını qeyd etməliyik. Bu məkan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr Türk Respublikası kimi 7 müstəqil dövlətdən, 70-dən çox muxtar qurum və icmadan ibarətdir. Məsələn, Gürcüstanda yaşayan Borçalı türkləri, İranda yaşayan Azərbaycan türkləri, Çində yaşayan uyğurlar, Rusiyada yaşayan tatarlar, başqırdlar, yakutlar, çuvaşlar, tuvalılar və başqa xalqlar.
Tarix boyu türklər azı 20 böyük imperiya, yüzlərlə dövlət, minlərlə bəylik yaradıblar. Türklərin tarixinin Mete Xandan başladığını iddia edənlərlə yanaşı, Mustafa Kamal Atatürkün prezidentliyi dövründə dünya dillərinin hamısının türkcədən qaynaqlandığını bildirən “Günəş Dil Nəzəriyyəsi” irəli sürülüb. Bu, türklərin tarixinin qədim şumerlərə gedib çıxdığını təsdiqləməyə imkan verir.

Türklər köçəri xalq olublar. Bunun sübutu ilk türk tayfalarının Altay və Pamir ətəklərində yaşamasıdır. Onlar Çinə basqınlar ediblər və bu, hətta kosmosdan da görünən çoxkilometrlik Böyük Çin Səddinin tikintisinə səbəb olub. Daha sonra türklər monqol ordularının tərkibində Çingiz xanla birlikdə Qərbə doğru hərəkət edərək, bir çox əraziləri fəth ediblər.

Tarixdə aşağıdakı türk dövlətləri məlumdur:
1. Böyük Hun İmperiyası (e.ə. 204-216)
2. Qərbi Hun İmperiyası (e.ə. 40-216)
3. Avropa Hun İmperiyası (375-454)
4. Ağ Hunlar İmperiyası (420-562)
5. Göytürk İmperiyası (552-743)
6. Avar xaqanlığı (565-803)
7. Xəzər xaqanlığı (651–983)
8. Uyğur dövləti (744-1335),
9. Qaraxanlılar dövləti (840-1212),
10. Qəznəvilər dövləti (963-1183),
11. Böyük Səlcuqlar Dövləti (1040–1157),
12. Xarəzmşahlar dövləti (1157–1231),
13. Qızıl Orda dövləti (1227–1502),
14. Osmanlı İmperiyası (1299-1922)
15. Teymurilər İmperiyası (1370-1507),
16. Səfəvilər İmperiyası (1501-1736),
17. Moğol İmperiyası (1526–1858)

Türklər təbiətcə çox güclü, qüdrətli, döyüşkən, başqalarının qarşısında əyilməyən xalqdır. Onlarda güclü liderlik ruhu var. Bundan əlavə, Atatürkün dediyi kimi, türklər ağıllı və yüksək inkişaf etmiş irqdir.

Türklər ən çox Xəzər dənizi ətrafında məskunlaşdıqları dövrdə inkişaf və təkamül etmişlər. Bu fərziyyəni öz əsərlərində tanınmış türkoloq Lev Nikolayeviç Qumilyov irəli sürür. Onun nəzəriyyəsinə görə, hər yeddi əsrdə bir baş verən Xəzər dənizinin səviyyəsinin qalxması türklərin böyük dövlətlər yaratmasına səbəb olub. Buna uyğun olaraq, 7-ci əsrdə Səlcuq dövləti yaranıb, 14-cü əsrdə Osmanlı imperiyasının yüksəlişi olub. Yeddi əsr də əlavə etsək, bu yüzildə türk dünyasının oyanışına şahidlik etməkdəyik.

Türk dünyasının formalaşması ilk baxışda çoxlarına utopiya və təxəyyül məhsulu kimi görünə bilər, amma dərinə getsək görərik ki, bu gün Avropa Birliyi, Ərəb Dövlətləri Liqası kimi birliklər var. Ona görə də deyə bilərik ki, hər bir realist nəzəriyyə utopik fikirlərlə başlayır.

Atatürk bir dəfə demişdi ki, gələcəkdə türk birliyinin gerçəkləşəcəyinə inanır. Türkiyə Cümhuriyyətinin qurucusunun üzərində böyük təsiri olan şəxs azərbaycanlı Əlibəy Hüseynzadə idi. Ondan başqa Əhməd Ağaoğlu, Zeki Vəlidi Toğan, İsmayıl Qaspıralı, Yusuf Akçura və Mirsəid Sultan-Qaliyev də var idi. Onların hamısı türk millətçiliyinin Türkiyədə və dünyada yüksəlişini və dirçəlişini müəyyən edən görkəmli mütəfəkkirlərdir.

Bu gün Türk Birliyinin yaradılmasına boş fantaziyaların bəhrəsi deyil, real və rasional ideya kimi yanaşmaq lazımdır. Türk Dövlətləri Təşkilatının və TürkPA-nın mövcudluğu artıq türk dünyasının ayrılmaz elementləri sayıla bilər. Bu gün artıq NATO-nun türk analoqu kimi Turan ordusunun yaradılmasından söhbət gedir. Türk Birliyinin konturları artıq real cizgilər qazanır.

Seymur Məmmədov hazırladı


Teqlər: Türklər-və-dünya  





Xəbər lenti