“Bankir adaxlı” səhnəyə qayıdır

“Bankir adaxlı” səhnəyə qayıdır
  09 May 2014    Oxunub:1860
Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşası bərpa edilir.
Xatırladaq ki, tamaşanın ilk premyerası 12 may, 2000-ci il tarixində, rejissor Faiq Zöhrabovun quruluşunda olub. Həmin quruluşda xalq artisti Hacıbaba Bağırov (Atakişi), daha sonralar xalq artisti İlham Namiq Kamal, Xanım Qafarova (Məleykə), Gülcahan Salamova (Gülbikə), Ofelya Əfqanlı (Səmayə), Gülnar Salmanova (Maral), Lütfiyyə Səfərova (Ceyran), Fatma Mahmudova (Ağuçu), Novruz Qartal (Dilənçilər padşahı) və digər tanınmış sənətkarlar oynayırdılar.

Dörd illik fasilədən sonra “Bankir adaxlı” tamaşasının ikinci bərpa işi xalq artisti Afaq Bəşirqızına həvalə olunub. Aktrisa bunu, tamaşaçı tələbatı ilə əlaqələndirir: “Bankir adaxlı” tamaşası vaxtilə teatrın ən çox sevilən, anşlaqla keçən, seyrçi korluğu çəkməyən quruluşlarından biri olub. Seyrçilər yeni tamaşalarla yanaşı, retro tamaşalara baxmaq istəyirlər. Həm teatra, həm də birbaşa mənim özümə dəfələrlə istək zəngləri olub. Xüsusilə də “Xanuma”, “Yeddi məhbusə anası”, “Bankir adaxlı” ən çox tələb olunan tamaşalardır. Bərpa zərurətini yaradan digər faktor - mənim 2 illik fasilədən sonra yenidən səhnəyə qayıtmağımdır”.

Afaq Bəşirqızı həmçinin əlavə etdi ki, tamaşasının ikinci bərpası həm quruluş, həm yaradıcı heyətin tərkibi, həm də rol bölgüsü ilə fərqlənəcək.

Qeyd edək ki, “Bankir adaxlı” tamaşasının yeni yaradıcı tərkibində əməkdar artist Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Möylə Mirzəliyev, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev iştirak edirlər.

Premyerası 24 may tarixinə planlaşdırılan tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.


Teqlər:





Xəbər lenti