Yerablur yeni qəbirlərə hamilədir – Ədalət Verdiyevin yazısı

   Yerablur yeni qəbirlərə hamilədir –    Ədalət Verdiyevin yazısı
  11 Noyabr 2022    Oxunub:2246
İki il əvvəl qəhrəman Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan ordusunun darmadağın edilməsini başa çatdırdı. Düşmən dizlərini yerə qoydu, aman dilədi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Amma İrəvan üzərinə götürdüyü bir sıra öhdəlikləri hələ də yerinə yetirmir.
Qarabağdakı qanunsuz silahlı birləşmələr, Ermənistan ordusuna aid şəxsi heyətin, texnikaların və ağır silahların bir hissəsi sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə qalmaqdadır. Naxçıvanla maneəsiz ikitərəfli əlaqəmiz üçün İrəvan heç bir iş görməyib. Soçidə keçirilən son sammitdə isə Paşinyan bu öhdəliyi yerinə yetirməkdən ümumiyyətlə, imtina edib.

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır. İşğaldan azad edilmiş ərazilərdə ermənilərin minaladığı sahələrin dəqiq xəritələri Azərbaycana verilməyib. Halbuki, həmin xəritələr Ermənistan Müdafiə Nazirliyinin Mühəndis Xidmətinin arxivində mövcuddur.

Qarabağda separatçı administrasiyanın qanunsuz fəaliyyəti hələ də davam edir. Qondarma qurumun fəaliyyətini canlandırmaq üçün beynəlxalq erməni diasporunun himayədarlarından olan milyarder Ruben Vardanyanın Qarabağa gəlişi və burada mitinqlər keçirməsi də faktdır. Qarabağa hələ də Laçın dəhlizi vasitəsilə silah daşınır. Həmin mitinqlər və silah daşınması birbaşa sülhməramlıların komandanı general Volkovun dəstəyi ilə baş verir.

Ermənistan ordusu mütəmadi olaraq şərti sərhəddə silahlı təxribatlar törədir, minalama işləri aparır. Qarabağ ərazisində də eyni fəaliyyətlər vaxtaşırı müşahidə edilir.

Ermənistan hərbi büdcəsini 47 faiz artırmaqla, Hindistan və digər ölkələrdən silah almaqla həm yeni və genişmiqyaslı təxribatlara hazırlaşır, həm də regiona Aİ və ATƏT kimi kənar qüvvələri cəlb edir.

Bütün bu sadalananlar məğlub Ermənistanın üzərinə daşıya biləcəyindən artıq "yük" götürməsi deməkdir. Bu "yük" heç bir halda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpasına xidmət etmir, əksinə, münaqişənin alovlanması üçün münbit şərait yaradır.

Ermənistan həqiqətən də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə, o zaman Azərbaycan yaxın perspektivdə İrəvanı buna məcbur edəcək. İstər Qarabağın silahlılardan və silahlardan təmizləməsi, istər Laçın dəhlizinin bağlanması, istər Naxçıvanla əlaqənin yaradılması, istər təxribatlar törədilən tarixi torpaqlarımızda Azərbaycan Əsgərinin yerləşdirilməsi məsələsində Azərbaycanın tərəddüd edəcəyini düşünənlər yanılırlar. Məğlub Ermənistanın şıltaqlıqlarını və rus sülhməramlılarının fəaliyyətsizliyini müşahidə etməyə artıq nə səbrimiz, nə də həvəsimiz qalıb.

Azərbaycan düşmənin dizi üstündən qalxmasını, yenidən silahlanmasını və daha genişmiqyaslı təxribatlar törədəcəyini səbrlə gözləyə bilməz. Ya 10 noyabr tarixli Birgə Bəyanat son nöqtə-vergülünədək yerinə yetiriləcək, ya da Ermənistanın və Qarabağ seperatçılarının başı əziləcək, düşmən daha ciddi ərazi, heyət və texnika itkilərinə məruz qalacaq. Odur ki, Yerablurun arzuolunmaz növbəti hamiləliyinin qarşısının alınması Ermənistandan asılıdır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: Ermənistan  





Xəbər lenti