Qarabağ erməniləri qara bağlamaq istəmirlərsə... – Ədalət Verdiyevin şərhi

   Qarabağ erməniləri qara bağlamaq istəmirlərsə... –    Ədalət Verdiyevin şərhi
  25 Noyabr 2022    Oxunub:2117
Azərbaycandakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə yaşayan erməni separatçılarının “rəhbəri” Araik Arutunyanın son günlərdə həyata keçirdiyi “kadr dəyişiklikləri” heç bir əhəmiyyət daşımır. Rəsmi Bakı prinsiplərindən geri çəkilməyəcək və Ruben Vardanyan, Vardan Oskanyan kimi tiplərlə hansısa dialoqa getməyəcək.
Azərbaycan prezidenti dəfələrlə Qarabağ məsələsinin heç kimlə müzakirə olunmayacağını söyləyib. Silahlı Qüvvələrimizin qəhrəmanlığı hesabına Qarabağ münaqişəsi həll edilib. Bunu vardanyanlar və onları banladanlar da yaxşı bilirlər. İlham Əliyevin Qələbədən sonrakı iki ildə imzaladığı heç bir sənəddə Qarabağ barədə bir kəlmə də yoxdur. Əvəzində “Qarabağ iqtisadi zonası” yaradılıb və Xankəndi şəhəri də həmin zonaya daxil edilib. Yaxın iki ildə Azərbaycan hökuməti Ağdamdan Xankəndiyə qaz kəməri çəkməyi planlaşdırır. Vardanyanın bu planlara mane olmaq imkanı isə sıfırın altındadır.

Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar, rəsmi Bakı onları təmsil edə biləcək şəxslərlə müəyyən səviyyədə məhdud dialoq apara bilər. Amma bu, Azərbaycan ərazilərinə xüsusi təlimatlarla göndərilən Vardanyan və ya Oskanyan kimilərə aid deyil.

İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubel ilə görüş zamanı bildirmişdi ki, Ermənistan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”. Məncə, bu bəyanatda qaranlıq heç nə yoxdur.

Kremlin maraqları çərçivəsində Qarabağa göndərilən Rusiya vətəndaşı Vardanyan və Suriyada doğulan Oskanyan isə Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər və ölkənin qanunlarına əsasən cinayət törədiblər. Odur ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları bu şəxslərlə cinayətkar kimi davranmalıdır.

Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki prosesləri də diqqətdə saxlayır. Qarabağdakı separatçı qurumun mövcudluğuna və onların törətdiyi özbaşınalıqlara, o cümlədən, ərazilərimizə silah-sursat, texnika, mina daşınmasına uzun müddət dözmək niyyətində deyilik. Azərbaycan bütün bu təxribat xarakterli düşmən fəaliyyətlərinin qarşısını almaq üçün preventiv və qəti tədbirlər görmək hüququna malikdir.

Görünür, kənardan gələn bir ovuc şəxs Qarabağda yaşayan dinc erməniləri də öz çirkin və perspektivsiz hakimiyyət oyunlarına alət etmək istəyirlər. Vaxtilə Robert Koçaryan ilə Serj Sarkisyan da eyni addımları atmaqla Qarabağ ermənilərindən 30 il ərzində girov kimi istifadə etdilər. Nəticə ortadadır.

Əgər Qarabağdakı sıravi ermənilər baş verənlərdən doğru nəticə çıxarmasalar, qurulan yeni oyunlardan və onların müəlliflərindən qəti şəkildə imtina etməsələr, o zaman növbəti ağrılı-acılı hadisələr qaçılmaz olacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az




Teqlər: Qarabağ  





Xəbər lenti