Elmin inkişafı büdcədən asılıdırmı? – TƏHLİL

// Bu sahədə pul hər şeyi həll etmir...

   Elmin inkişafı büdcədən asılıdırmı? –    TƏHLİL
  29 Noyabr 2022    Oxunub:3318
Ölkəmizdə elmə və təhsilə ayrılan xərclər hər il artır. Növbəti ildə təhsilə 4 milyard 423 milyon 100 min manat vəsaitin ayrılması nəzərdə tuulub ki, bu da cari illə müqayisədə 536 milyon 500 min manat (13,8%), 2021-ci ilin icra göstəricilərinə əsasən isə 1 milyard 330 milyon 900 min manat (43.0%) çoxdur.
Ümumiyyətlə, son 5 il (2019-2023-cü illər) ərzində təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 4,2%, mütləq ifadədə isə 2 milyard 227 milyon 400 min manat, yəni 2,0 dəfə artdığı nəzərə alınmalıdır.

Elmə gəldikdə isə gələn ilin dövlət büdcəsi layihəsində ölkədə elmin inkişafına 228 milyon 500 min manat vəsait ayrılıb ki, bu da cari ildəkindən 23,5 milyon manat və ya 11,5%, ötən ilin icra göstəricisindən isə 76 milyon 700 min manat və ya 50,5% çoxdur.

Elm ilə təhsilin qarşılıqlı əlaqəsini möhkəmləndirmək və bu sahələrdə idarəetməni təkmilləşdirilmək məqsədilə ölkədə bu il müəyyən dəyişikliklərə gedildi. Prezidentin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının AMEA) strukturuna daxil olan 66 elm müəssisəsindən 37-si Elm vəTəhsil Nazirliyinin, 3-ü isə Mədəniyyət Nazirliyinin tabeliyinə verilməklə birincinin strukturunda cəmi 26-sı saxlandı.

Bununla əlaqədar olaraq növbəti ilin dövlət büdcəsinin xərclər strukturunda dəyişikliklər baş verib. Elmə ayrılan xərclərin 48,6 milyon manatı (21,3%) AMEA-nın, 114,9 milyon manatı (50,3%-i) bir sıra dövlət orqanlarının tabeliyində olan elm müəssisələrinin, o cümlədən, 75,6 milyon manatı Elm və Təhsil Nazirliyinin,17,1 milyon manatı Kənd Təsərrüfatı Nazirliyinin, 9,0 milyon manatı Ədliyyə Nazirliyinin, 6 milyon manatı Mədəniyyət Nazirliyinin, 4,1 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun, 3,1 milyon manatısa elm sahəsində digər tədbirlərin payına düşür.


Maliyyə naziri Samir Şərifov bildirib ki, elmə ayrılan xərclərin az olmasına səbəb struktur problemləridir. “Sadəcə, əməkhaqlarını artırmaq yolu ilə elmdən nəsə gözləməyə dəyməz” deyən nazirin sözlərində həqiqət var; hər şeydən əvvəl o baxımdan ki, iqtisadiyyatdan tələb olmasa, elmin inkişafı mümkün deyil. Elm və təhsil elə sahələrdir ki, iqtisadiyyatla qarşılıqlı əlaqədə mövcud olmalı və fəaliyyət göstərərək inkişaf etməlidir.

Yəni təhsilin səviyyəsi və burada əldə olunan nəticələr bilavasitə iqtisadi inkişafa xidmət göstərməlidir. İqtisadi inkişaf da təhsilin tərəqqəsi üçün tələb yaratmalıdır.

İnkişaf etmiş ölkələrdə elmi-texniki səviyyə niyə yüksəkdir? Çünki elm və təhsil xərcləri yüksəkdir. Nəyə görə yüksəkdir? Ona görə ki, onların iqtisadiyyatlarının inkişaf səviyyəsi yüksəkdir. Elm və təhsilin inkişafını iqtisadiyyatın artım tələbi stimullaşdırır. İqtisadiyyatdan tələb gəlmirsə, nə təhsil, nə elm tərəqqi əldə edə bilməz. Təhsil-elm-istehsal-iqtisadi artım... Bunlar zəncirvari şəkildə biri-biriləri ilə əlaqədar olan məsələlər və halqalardır.

Ölkəmizdə orta təhsil məktəbləri ali məktəblərlə, ali məktəblər AMEA ilə, AMEA istehsalla və iqtisadiyyatla əlaqəli şəkildə mövcud deyillər, qarşılıqlı fəaliyyət göstərmirlər. Pul və sərmayə elə bir şeydir ki, hara və hansı istiqamətə sərf edilirsə, gəlir gətirməlidir. AMEA-nın gəliri nə qədərdir və nədən ibarətdir? Nəyə görə bu qurum heç olmasa özünü maliyyələşdirə bilmir?

Sözsüz, bu fikirlərə görə bəziləri tərəfindən qınanacağam. Lakin demək istədiyim odur ki, Azərbaycanda elmə ayrılan vəsaitin az olması dövlət büdcəsinin real həcmindən irəli gəlir. Ölkəmiz qeyri-neft-qaz, yəni istehsalçı ölkə deyil hələ ki. Ölkənin iqtisadiyyatınə qədər çox çeşidli istehsal sahələri üzərində köklənsə, elm və təhsilin inkişafı üçün də bir o qədər çox zəmin mövcud olacaq. Odur ki, indiki şərtlər daxilində elmə və təhsilə nə qədər çox vəsait ayırsaq belə, hansısa ciddi nəticə görünməyəcək. Elmə yatırılan hər dollar inkişaf etmiş ölkələrdə dəfələrlə artıq gəlir gətirir. Bizdə isə bunun üçün müvafiq şərait, şərtlər mövcud deyil.

Bu baxımdan, nazir S. Şərifov onu da təsadüfən qeyd etməyib ki, elmi tədqiqatları maliyyələşdirmək üçün xüsusi mexanizm və müvafiq sifariş olmalıdır: “Bu mexanizm üzrə hələ ki ortada sənəd yoxdur. Təqdim olunarsa, həmin tədqiqatların maliyyələşdirmək olar".

Bizdə elmi-texnoloji tərəqqinin nailiyyətlərinə əsaslanan istehsal sahələri hələ yeni-yeni yaranır. Xüsusən, neft-kimya sahəsində. Bundan əlavə, startaplara diqqət artır. Sənaye parkların təşkili və sair hələki başlanğıc sayılır. Lakin elm müəssisələrinin tədqiqat işlərinin arxasında böyük şirkətlərin və holdinqlərin dayanması bizdə də təşəkkül tapmalıdır. Belə ki, özəl sektora aid qurumlarımız, müxtəlif şirkət və holdinqlərimiz öz inkişaf perspektivlərini müəyyənləşdirərkən müvafiq tədqiqatlar, araşdırma və təcrübələr üçün elmi müəssisələrə sifarişlər verməlidir. Həmin müəssisələr isə, universitetlərdən özləri üçün yüksək ixtisaslı və keyfiyyətli kadrlar tələb etməlidirlər.

Ölkəmizdə belə qurumlar yoxdur. Şirkət və holdinqlər var, amma onların bacarıqlı kadrlar, düzgün idarəetmə siyasətinə tələbləri azdır. Müəyyən bacarıq tələb edən işlər olduqda isə mütəxəssisi xaricdən gətirirlər. Ona görə ki, rəqabət aparıb inkişaf üçün ən əlverişli yollar axtarmaq və təhsil ilə elmin inkişafına tələb yaranması üçün əlverilli bazar və mühit yoxdur. Elmin inkişafına səbəb olacaq tələbin formalaşması üçün sağlam rəqabətli bazar, istehsal, iqtisadiyyat olmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Elm  





Xəbər lenti