“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib
  07 Dekabr 2022    Oxunub:1366
Dekabrın 7-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, YAP ərazi partiya təşkilatlarının nümayəndələri, həmçinin elmi müəssisə və təşkilatların baş direktorları iştirak ediblər.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.

Elmi konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda giriş nitqi ilə çıxış edib. Akademik qeyd edib ki, adı və xidmətləri Azərbaycanın yarım əsrlik tarixi ilə üzvi surətdə bağlı olan Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu daim dövlətini, xalqını düşünüb, ölkəmizin çiçəklənməsi və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində tarixi addımlar atıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ümummilli Lider hələ 1967-ci ildə kommunist ideologiyasının sərt dövrlərində, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışarkən milli təfəkkürlü, Azərbaycançılıq ideologiyasına sahib kadrları qoruyub saxlayıb və xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlayıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi ilə Azərbaycan xalqının zəngin dövlətçilik və idarəetmə qabiliyyətinə malik olduğunu bütün dünyaya göstərmiş oldu.

Ümummilli Liderin Azərbaycan SSR-ə rəhbərlik edərkən onu İttifaq Respublikalarının ən son sıralarından SSRİ-nin inkişaf etmiş respublikası səviyyəsinə qaldırdığını deyən akademik İsa Həbibbəyli görkəmli dövlət xadiminin müstəqil Azərbaycanı isə parçalanmaq təhlükəsindən xilas etdiyini, ölkəmizin müstəqilliyini möhkəmləndirdiyini və respublikada siyasi sabitliyi təmin etdiyini bildirib. Vurğulayıb ki, zəngin idarəetmə təcrübəsinə sahib olan Ulu Öndər qısa müddətdə müstəqil Azərbaycanın inkişafı naminə əməli addımlar atıb, tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalanıb, hərbi, iqtisadi, siyasi, elmi, ədəbi, mədəni sahələrdə bir çox layihələr həyata keçirilib.

AMEA rəhbəri qeyd edib ki, Ümummilli Liderin əsasını qoyduğu ideya və strategiyalar, layihələr, Dövlət proqramları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarından irəli gələrək zənginləşdirilib və həyata keçirilib. Bildirib ki, məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın nüfuzlu və inkişaf etmiş dövlətlərindən birinə çevrilib, beynəlxalq təşkilatlarda dövlətimizin və onun Liderinin sözünə önəm verilir, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və Azərbaycanın iştirakı və icazəsi olmadan regionda heç bir layihə həyata keçirilmir.

Diqqətə çatdırıb ki, ölkəmizdə İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf layihələrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir və öz zəngin təcrübəsi ilə bu inkişafa öz əməli töhfələrini verir.

Elmi konfransda, o cümlədən AMEA-nın müşavirləri, akademiklər Yaqub Mahmudov “Heydər Əliyevin Azərbaycançılıq konsepsiyası və müasir dövr”, Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili”, Adil Qəribov “Heydər Əliyev və Azərbaycan elmi” və Qərib Məmmədov “Heydər Əliyev və Azərbaycanda aqrar islahatlar” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxışlarda Ümummilli Liderin Azərbaycançılıq ideologiyasının birləşdirici gücündən, dahi liderin Azərbaycanın tarixi şəxsiyyətlərinin irsinin, eləcə də milli kadrların yetişdirilməsi və qorunması sahəsindəki xidmətlərindən, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, zənginləşməsi və qorunması istiqamətindəki Fərman və sərəncamlarından, Azərbaycan elminə və ziyalısına göstərdiyi diqqət və qayğıdan, eləcə də ölkəmizdə aqrar sahənin inkişafında həyata keçirdiyi addımlardan danışıblar.

Həmçinin tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Konfransa yekun vuran akademik İsa Həbibbəyli Ümummilli Liderlə keçirdiyi görüşlərdən danışıb, bu gün cənab Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ideyalarını, Azərbaycanın dövlətçilik ənənələrini yaşatdığını, zənginləşdirdiyini bildirib və qeyd edib ki, ölkəmizdə siyasi varisliyin təmin olunması Azərbaycanın gələcəyinin əmin əllərdə olmasının göstəricisidir və xalqımız, alimlərimiz dövlət başçısının həyata keçirdiyi bütün layihələri dəstəkləyir, bu işdə canla-başla iştirak edirlər.

AzVision.az



Teqlər: AMEA  





Xəbər lenti