Yeni il ərəfəsində bahalaşma güclənəcəkmi? - TƏHLİL

   Yeni il ərəfəsində bahalaşma güclənəcəkmi? -    TƏHLİL
  20 Dekabr 2022    Oxunub:3153
Yeni il ərəfəsində qiymətlərin, xüsusən də ərzaq məhsullarının bahalaşması gözlənilirmi? Baş nazir Əli Əsədov Milli Məclisin iclasında ərzaq qiymətlərinin artmasının səbəblərini açıqlayarkən deyib ki, qlobal təchizat zəncirində qırılmalar dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. "Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. Azərbaycanda il ərzində 13,8% inflyasiya qeydə alınıb, bunun da 60 faizi ərzaq inflyasiyasının payına düşüb”,- hökumətin rəhbəri əlavə edib.
Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, ölkədə istehlak qiymətləri indeksinin ötən ilin eyni dövrü ilə müqayisədə 14%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 20%, qeyri-ərzaq sarıdan 8%, əhaliyə göstərilən ödənişli xidmətlər sferasında isə 11% təşkil etdiyi qeydə alınıb. Ümumiyyətlə, bu il bahalaşma ili oldu. Əsas səbəb də qlobal tendensiya sayılır.

O ki qaldı yeni il ərəfəsinə, bayramlar qabağı qiymətlərin qalxması ənənəvi xarakter daşıyır. Bu xüsusən, ərzaq məhsullarına aiddir. Hər bayram ərəfəsində müxtəlif yarmarkalar, satış sərgiləri təşkil edilsə də, qiymət artımının qarşısının alına bilmədiyi görünüb. Bu da təbiidir, çünki bayramlar ərəfəsində tələb artır. Nəticədə hətta süni bahalaşma da qaçılmaz olur.

Odur ki, qarşıdan gələn yeni il ərəfəsində də müəyyən qiymətlərdə artımların olacağı qaçılmaz görünür. Məsələn, hazırda düyü ümumiyyətlə bahadır, Pakistandan idxal olunan düyüyə dair gömrük rüsumunun götürələcəyinə rəğmən, yenə bu məhsul üzrə qiymət artımına meyl var. Ət, yağ və digər məhsullarda da eyni tendensiya müşahidə edilir.

Bahalaşma prosesi səngiməyib və bir az da sürətlənməsi üçün yeni il ərəfəsi əlavə fürsətdir. Əsas odur, ümumi bahalaşma tendensiyası dayansın. Bu da qlobal vəziyyətdən asılıdır. Ümumi qiymət yüksəlişi dayanmasa, istənilən xırda inhisarçı xarakterli sahələr üzrə qiymət artımı inflyasiyanın sürətinə təkan verəcək. Bu normal hal deyil. Hələ indidən pusquda duranlar var ki, yanvardan pensiya və maaşlar, o cümlədən bir sıra sosial ödənişlər artırılacaq. Təkrar edirəm, rəsmi olaraq inflyasiyanın səviyyəsi 14%-in üstündə, ərzaq üzrə isə 20%-dən çoxdur. Yeni il ərəfəsində isə istehlak qiymətlərində yüksəlmə ənənəvi xarakteri daşıyır. Xüsusən də ərzaq məhsulları üzrə.

Odur ki, bahalaşmanın özünü önləmək lazımdır. Hökumət inflyasiya prosesi ilə mübarizə aparmaq üçün ilin əvvəlindən “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlamışdı. Bu plan istənilən nəticəni vermədi. Ona görə ki, antinflyasiya tədbirləri ölkədə ilk növbədə pul-kredit siyasətinin çevik təsirə və idarəetməyə malik olması ilə qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək imkanı yaratmaqla, özünü bəzi növ idxal ərzaq məhsulları üzrə müvafiq güzəştlərə gedilməsi, yerli məhsulların istehsalı sahəsində stimullaşdırıcı bazanın yaranmasında göstərməlidir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: İnflyasiya  





Xəbər lenti