Alman-Fransız çəkişməsi Avropa İttifaqını zəiflədir – ŞƏRH

   Alman-Fransız çəkişməsi Avropa İttifaqını zəiflədir –    ŞƏRH
  15 Yanvar 2023    Oxunub:6765
Ötən həftə Almaniya prezidenti Frank Valter Ştaynmayer həm erməni, həm də azərbaycanlı həmkarlarına zəng vurmuşdu. Tərəflərin heç biri gizlətmir ki, söhbət zamanı Xankəndi-Laçın yolundakı vəziyyət də müzakirə olunub. Bu, maraqlı detaldır. Demək Fransa ilə Almaniyanın arasında olan geosiyasi rəqabət Avropanın sərhədlərini aşıb və başqa regionlarda da özünü göstərir.
Artıq dünyada əksər təhlilçilər bu rəqəbətin Avropa Birliyinin gələcəyi üçün təhlükəli ola biləcəyini deyirlər. Fransa-Almaniya birliyi Avropa İttifaqının bünövrəsini təşkil etsə də, son vaxtlar bu iki ölkənin arasında geosiyasət, təhlükəsizlik, energetika və maliyyə kimi həlledici məsələlərdə ciddi fikir ayrılıqları yaranıb.

“Politoco” yazır ki, məhz bu səbəbdən hələ noyabr ayına nəzərdə tutulan Almaniya-Fransa birgə sammitini indiyə qədər keçirmək mümkün olmayıb. İki ölkə bir-birini eqoist siyasət yürütməkdə, ancaq öz maraqlarını güdməkdə qınayırlar. Şolts həmçinin Makronun Avropa İttifaqı adından Çinə birgə səfər təklifini də rədd edib.

Almaniyanın məşhur “Die Zeit” qəzeti vurğulayır ki, Makronla Şoltsun arasındakı çox soyuq münasibətlər Avropanın ümumi inteqrasiya və birlik ruhunu sarsıdır. Berlin hansısa təklifi irəli sürürsə, Paris dərhal onu topa tutur. Parisin geosiyasi təşəbbüslərini isə Berlin süngü ucunda qarşılayır.

Ukraynada müharibə başlayandan bu yana onun iqtisadi fəsadlarına qarşı mübarizə aparmaq üçün iki ölkə demək olar ki, heç bir məsələdə çəkici eyni yerə vura bilməyiblər. Məsələn, Almaniya enerji qiymətlərinin bahalığı ilə əlaqədar daxili subsidiyaları 200 milyard avroya qaldıranda Fransa onu özfəaliyyətdə ittiham etmişdi.

“Modern Diplomacy” jurnalı xatırladır ki, Almaniyanın ABŞ-dan “F-35” qırıcıları almaq üçün 100 milyard dollar ayırması da fransızların xoşuna gəlməyib. Paris həmçinin Almaniyanın Avropa İttifaqının digər 14 dövlətilə birlikdə “Səma qalxanı” adlı müdafiə sistemi yaratmasına qarşı çıxır. Özü isə İtaliya ilə birlikdə “Mamba” adlı raketdən müdafiə sistemi yaratmağa çalışır.

Görünən budur ki, müharibə davam etdikcə Fransa ilə Parisin arasındakı gərginliklər də arta-arta gedəcək. Burada Makronun eqoist və cığal xarakterinin təsri də az deyil. Halbuki, ortaya çıxan və çıxacaq böhranlı vəziyyətlərdə əksinə, Almaniya ilə Fransanın həmrəylik göstərməsi Avropanı xilas edə bilərdi. İndi isə Avropa İttifaqının gələcəyi ilə bağlı da suallar yaranır.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Fransa   Almaniya   Ziddiyyət  





Xəbər lenti