Hindistanın keşiyində duran “Bakı” – DOSYE+FOTOLAR

// SSRİ-nin 7 aviadaşıyıcı gəmisindən birinin qəribə taleyi

   Hindistanın keşiyində duran “Bakı” –    DOSYE+FOTOLAR
  24 Yanvar 2023    Oxunub:17105
1978-ci il, dekabrın 26-da Nikolayevdəki Qara Dəniz tərsanəsində “Bakı” adlı ağır aviadaşıyıcı kreyserin əsası qoyulur. Kreyser 11435 saylı layihəyə müəyyən dəyişiklik edilməklə tikilirdi. Gəminin korpusu 10 tikinti rayonuna bölünmüşdü. 4 ildən sonra – 1982-ci il, martın 31-də ağırlığı 19.000 ton olan gəmi suya salınır.

Daha 5 il keçir və 1987-ci il, yanvarın 9-da Ağır Aviadaşıyıcı Kreyserin (AAK) dənizdə sınaqları başlayır. Sınaqlardan uğurla çıxandan sonra “Bakı” həmin ilin dekabrın 11-də SSRİ-nin Hərbi Dəniz Qüvvələrinin istifadəsinə qəbul edilir.


Sovet donanmasının fəxri

Gəminin uzunluğu 270, eni 50, hündürlüyü 60 metr, subasımı 45.000 ton idi. Suya 9,5 metr oturan gəmi 32 dəniz düyününə qədər sürət yığır və 7000 mil məsafəyə üzürdü. 2000 nəfərdən ibarət heyət 30 gün gəmidə avtonom şəkildə qala bilirdi.

AAK-ın göyərtəsində 12 ədəd “Як-38М” (NATO təsnifatında “Forger”) hücum təyyarəsi, 16 ədəd “ Ka-27” (“Helix-A”) gəmi əleyhinə, 2 ədəd “Ka-31” ('Helix') axtarış-xilasetmə və 2 ədəd hədəf göstərən vertolyot var idi.


Kreyser güclü radiolokasiya, artilleriya, raket, zenit qurğuları ilə təchiz edilmişdi. Gəminin “Kiyev” sinfindən olan digər kreyserlərdən fərqi “Goblet” (4K60), “Gecko” (9K33 Osa) raketlərində, “Qranit” buraxılış qurğularında idi. O, həmçinin 192 ədəd “Kinjal” raketi daşıyırdı.


Uçuş-enmə əməliyyatları o dövr üçün ən yeni naviqasiya sistemilə idarə olunurdu. Sovet HDQ-nin tarixində ilk dəfə “Yak-141” səsdənsürətli təyyarələrinin sınaqdan keçirilməsi məhz “Bakı”nın göyərtəsində baş tutmuşdu.

Aralıq dənizində xidmət keçən “Bakı”nın vəzifəsi ABŞ-ın “Duayt Eyzenhauer” adlı atom aviadaşıyıcı gəmisini izləmək idi.

1989-cu ildə AAK təlimlər zamanı 3 dəfə dəniz desantının çıxarılması əməliyyatında iştirak edir.

Bu kreyser sovet gəmiqayırmasının həqiqətən fəxr edə biləcəyi uğuru idi. O dövrün elmi və texniki potensialı “Bakı”da tam ifadəsini tapmışdı. Bütün dünyadan olan ekspertlər onun haqqında müsbət fikirlər səsləndirir və deyirdilər ki, “Bakı” sovet HDQ-nin nüfuzunu yüksəltməyə xidmət edir.

Yeddi “oğul”dan biri

SSRİ-də ümumilikdə yeddi ədəd aviadaşıyıcı gəmi tikilmişdi. Onların layihələri Leninqraddakı “Neva” Layihə-Konstruktor Bürosunda hazırlanmışdı.


Əvvəlcə “Kondor” kod adlı “1123” layihəsi təsdiqlənmişdi. Sonra 1143 (kod adı “Kreçet”) layihəsi qəbul olunur. “11434” sinfindən “Kiyev” (1975), "Minsk" (1975), “Novorossiysk” (1975) gəmiləri tikilir.

Qeyd edək ki, əvvəlcə məhz bu 3-cü gəmi “Bakı” adlanırdı. Amma sonra onun adını dəyişərək, “Novorossiysk” qoyurlar. “Bakı” AAK isə 11435 layihəsinin əsasında, dediyimiz kimi, 1978-ci ildə tikilməyə başlayır.

Ad – taledir

1990-cı il, oktyabrın 4-də gəminin adını dəyişərək “Admiral Qorşkov” qoyurlar. Güman ki, bu addımın atılmasında Bakıda törədilən 20 yanvar faciəsinin də rolu vardı. Ordu rəhbərliyi gəminin adının öz tarixinə vurulan qara və şərəfsiz ləkə ilə assosiasiya olunmağını istəmirdi...

Burada bir məqamı qeyd etməyi lazım bilirik: “Bakı” AAK-ın ikinci adı olan “Admiral Qorşkov”u hazırda Rusiyanın ABŞ-ı hədələmək üçün istifadə etdiyi “Admiral Qorşkov” raket kreyseri ilə səhv salmayın. Bunlar tamam ayrı-ayrı gəmilərdir.


Adının dəyişməsilə gəminin taleyi də dəyişir: “Admiral Qorşkov”un döyüş hazırlığı və missiyalarda iştirakı getdikcə azalmağa başlayır. 1991-ci il, oktyabrın 5-də gəminin göyərtəsində bir təyyarənin itirilməsilə nəticələnən qəza baş verir. Bundan sonra “Як-141” təyyarələrinin sınağı dayandırılır, ardınca layihənin özü də bağlanır.

SSRİ dağılandan sonra Ağır Aviadaşıyıcı Kreyserlər daha Rusiyada heç kimi maraqlandırmırdı. Onların hərəsi ömrünü bir cür başa vurur.
Keçmiş “Bakı” 1992-ci ilin fevralında Murmanskda lövbər salır, 1994-cü ildə onun Hindistana satılması üçün danışıqlar başlayır. Gəminin təmiri və qiymətinin razılaşdırılması xeyli vaxt aparır. 2009-cu ildə Vladimir Putinin Delhiyə səfəri zamanı Hindistan “Admiral Qorşkov” (“Bakı”) üçün 2,35 milyard dollar ödəməyə razılaşır. 2013-cü ildə adı növbəti dəfə dəyişdirilərək, “Vikramaditya” olan gəmi Hindistana çatdırılır.

Reinkarnasiya

“İkinci əl” gəmi üçün bu qədər pulun ödənilməsinə görə tənqidlərə Hindistan donanmasının rəhbəri, admiral Suriş Mehta belə cavab vermişdi: “Hamınız ağıllı adamlarsınız, mənə deyin görüm, 2 milyard dollardan ucuz aviadaşıyıcı gəmi varmı? Varsa, tapın, elə indi çekinizi yazım”.

Sanksrit dilində “Günəş kimi cəsur” mənasını verən “Vikramaditya” əsaslı şəkildə modernləşdirilir; güc qurğuları, elektronikası, texniki təchizatı və silahlanması tamamilə dəyişdirilir, təyyarələrin enib-qalxma zolağı genişləndirilir.


Modernizasiyadan sonra gəminin ağırlığı 2500 ton artır. Hazırda “Vikramaditya”nın 8 buxar mühərriki ümumilikdə 180.000 at gücü (134.226 kW) dartı yaradır. Altı ədəd alternativ dizel mühərriki isə 18 meqavatt güc verir.

Gəminin döyüş və müdafiə potensialını “Lesorub-E” əməliyyat sistemi idarə edir. Aviadaşıyıcı “Barak” raket əleyhinə müdafiə sistemilə təchiz olunub. O, göyərtəsində 36 ədəd aviasiya vahidi - “MiQ-29”lar və “Ka-31”lər daşıyır.
Keçmiş həyatında “Bakı” adlanan “Vikramaditya” hər on ildə bir dəfə əsaslı təmir olunmaq şərtilə 40 il Hindistana xidmət edəcək.

Vüsal Məmmədov
AzVision.az

Digər fotolar üçün qalereyaya baxın:

Qalereya




Teqlər:





Xəbər lenti