Həbs olunan məşhur narkobaron 216 milyon dolları təhvil verəcək

Həbs olunan məşhur narkobaron    216 milyon dolları    təhvil verəcək
  27 Yanvar 2023    Oxunub:2074
Məşhur kolumbiyalı narkobaron, "Otoniel" ləqəbi ilə tanınan Dairo Antonio Usuqa ABŞ məhkəməsində narkoticarətlə məşğul olmasını etiraf edib.
AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Maraqlıdır ki, 51 yaşlı məşhur cani narkotikdən əldə edilən 216 milyon dolları təhvil verməyə razılaşıb. Adətən həsb olunan narkobaronlar və mafiya rəhərləri heç vaxt günahlarını boyunlarına almırlar.

İndi onu ən azı 20 il və ya ömürlük həbs cəzası gözləyir.

Prokurorlardan biri Otonieli Pablo Escobardan sonra ən əhəmiyyətli kolumbiyalı narkotik alverçisi adlandırıb. ABŞ Narkotiklərlə Mübarizə İdarəsi isə onun "dünyanın ən qəddar və məhsuldar narkotik satıcılarından biri" olduğunu bəyan edib.

"Otoniel" 2021-ci ilin oktyabrında Kolumbiyada gizləndiyi məkandaca həbs edilib. Narkobaron keçən il ABŞ-a ekstradisiya edilib. Usuqanın yerinin deyilməsinə görə 5 milyon mükafat təyin edilmişdi.

Qeyd edək ki, "Otoniel" "Körfəz klanına" qardaşı Xuan de Dios Usuqa 2012-ci ildə öldürüldükdən sonra rəhbərlik etməyə başlayıb. Xuan de Dios Usuqa yeni il şənliyi zamanı polisin keçirdiyi reyddə aradan götürülmüşdü.

Bir çox əyalətlərdə fəaliyyət göstərən və geniş beynəlxalq əlaqələri olan klanın dəstələri narkotik qaçaqmalçılığı ilə yanaşı, insan alveri, qeyri-qanuni qızıl hasilatı və digər cinayət işləri ilə də məşğul olub.

O, Kolumbiyadan ABŞ-a və hətta Rusiyaya gedən bir çox narkotik qaçaqmalçılığı marşrutlarına nəzarət edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Narkobaron  





Xəbər lenti