İranı başqa hansı “sürpriz”lər gözləyir – Ədalət Verdiyevin şərhi
Naməlum ölkənin dron zərbələri İran səmasının qorunmasında ciddi nöqsanları üzə çıxardı. İran hələ də ərazisinə endirilən əks zərbələrin haradan və nə ilə həyata keçirildiyini açıqlamır. ABŞ bunu etmədiyini deyir, İsrail isə baş verənlərə münasibət bildirmir.
Hadisələrin belə inkişafı İranı pis vəziyyətdə qoyur. Tehran nəyin baş verdiyini açıqlaya bilmir, çünki istənilən açıqlama “dəqiqələr ərzində ABŞ və İsraili məhv edərik” bəyanatını alt-üst edəcək suallar yaradacaq.
“Yaxında İranı nə gözləyir” sualına gəlincə, son hava zərbələrinin İran əhalisi tərəfindən dəstəklənməsi unikal fakt olaraq gələcəkdə ölkə ərazisində etiraz aksiyalarının daha kəskin xarakter alacağını ehtimal etməyə əsas verir. İranda etiraz edənlərin silah və texniki vasitələr əldə etmək üçün fəaliyyətlərini genişləndirməsi də gözləniləndir. Bir çox qərb və ərəb ölkələrinin İrana qarşı koordinasiyalı fəaliyyətləri də istisna deyil.
İranın sərhədləri boyunca yerləşən ölkələrin hərbi manevrlər, molla rejimi tərəfindən törədilə biləcək təxribatların qarşısını almaq üçün çoxtərəfli təlimlər keçirəcəyi, ssenariləri və birgə fəaliyyətləri razılaşdıracaqları da mümkündür.
İstənilən variantda İranın molla rejimi regiona təhdid törətdiyi, terroru dəstəklədiyi üçün cəzasız qalmayacaq.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Teqlər: İran