“2025-ci ildə Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək!” – Sergey Markov

   “2025-ci ildə Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək!” –    Sergey Markov
  16 Mart 2023    Oxunub:3533
“Erməni silahlı birləşmələri Qarabağdan tamamilə çıxarılmalıdır. Lakin onlar hələ də oradadırlar. Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli sazişin bir sıra bəndlərinə əməl etmir. Səbəb odur ki, Ermənilər Qarabağı Azərbaycana vermək istəmirlər”.
Bu sözləri AzVision.az -a rusiyalı politoloq Sergey Markov deyib. O bildirib ki, Ermənistan Qarabağdakı birləşmələri silah-sursat və s. ilə təmin etməkdə davam edir. Lakin azərbaycanlı ekoaktivistlər Laçın yolunu nəzarətə götürdükdən sonra bu təchizat xeyli çətinləşib. Ona görə də, Ermənistan rəhbərliyi çıxış yolları axtarmağa başlayıb.

Politoloq hesab edir ki, Qarabağdakı son toqquşmalar Azərbaycanın regionunun təhlükəsizliyi mövzusunda mövqeyinin sərtləşməsi ilə nəticələnəcək: “Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılmasının zəruriliyi məsələsini qaldıracaq. Bunu etmək asan olmayacaq, lakin uzun danışıqlardan sonra keçid məntəqəsi reallaşacaq. Ermənistan nəzarət-buraxılış məntəqəsinin varlığına sərt müqavimət göstərəcək, çünki bu halda İrəvan artıq erməni hərbi qruplaşmalarını silahlandıra bilməyəcək. Bu, kritik məqamlardan biridir. Ancaq düşünürəm ki, Azərbaycan bütün hallarda keçid məntəqəsini yarada biləcək”.

Markovun sözlərinə görə, Ermənistan rəhbərliyinin, əhalisinin, müxtəlif ölkələrindəki ermənipərəst dairələrin Qarabağın Ermənistanın nəzarəti altında saxlanılması ilə bağlı ümidləri puç olacaq. “Hər şeydən göründüyü kimi, Qarabağ 2025-ci ilin payızında tam şəkildə Azərbaycanın nəzarətinə keçəcək. Azərbaycan bu regionu inkişaf etdirməyə başlayacaq və qaçqınlar öz evlərinə qayıdacaqlar”,- S.Markov bildirib.

Murad Nəcəfov
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti