Bu kənd muzeyinin beş minədək eksponatı var

Bu kənd muzeyinin beş minədək eksponatı var
  21 Mart 2023    Oxunub:2218
Astara rayonunun Kakalos kəndindəki muzey öz qeyri-adiliyi ilə seçilir. Bu muzeydə hətta Fransadan gətirilmiş eksponatlar da saxlanılır.
Muzey Astara rayonunun Kakalos kəndindəki “Folklor evi”ndə yerləşir. Bu muzey 1982-1983-cü illərdə ömrünü rayonda mədəniyyət və incəsənətin inkişafına həsr etmiş Fərbiyyə Şabanova tərəfindən yaradılıb.

Muzey yarananda orada 200 eksponat olub, hazırda isə eksponatların sayı 5000-ə çatır. Kakalos kənd muzeyi ilk yaradılanda Kakalos kənd orta məktəbinin bir sinif otağında yerləşib. 1994-cü ildə isə eksponatların sayının artdığı üçün, muzey Kakalos kənd “Folklor evi”nə köçürülüb.

“Muzeyi ilk yaradanda cəmi iki yüz eksponat var idi. Sonradan bu eksponatların sayı iki minə çatdığı üçün muzey rəsmi olaraq fəaliyyətə başladı. 2014-cü ildən isə buraya Astara Tarix Diyarşünaslıq Muzeyinin Kakalos kənd filialı statusu verilib. Muzeyimizdə ən qədim eksponatın yaşı iki əsrə yaxındır. Bu eksponatları arasında Fransadan gətirilmiş, XIX əsrin əvvəllərinə aid olan qrammofon daha çox muzeyə gələn qonaqların diqqətini cəlb edir”, - deyə Fərbiyyə Şabanova qeyd edib.

Muzey 30 bölmədən ibarətdir. Burada eksponatların bir çoxu Fərbiyyə xanımın öz vəsaiti hesabına alınıb və həmçinin bir hissəsi insanlar tərəfindən bağışlanıb. Muzeydə bütün Azərbaycandan və digər ölkələrdən gətirilən eksponatlar da saxlanılır. Bu muzeyin dəyərli eksponatları arasında “Güləbatın yaylığı”, lampalar və qədim pullar nümayiş olunur. Həmçinin burada cənub zonasına aid 150-200 yaşı olan qədim kişi və qadın geyimləri sərgilənir.

Muzeydə olan eksponatlar arasında XIX əsrə aid “Naz-nazı yaylığı” və cüt çarığı da (ayaq üçün nəzərdə tutulan geyim) saxlanılır.

Muzeyin bir hissəsində isə “Kənd evi guşəsi” bölməsi yerləşir. Burada kəndin qədim quruluşu, evlərin düzülüşü əks olunub.(AZƏRTAC)

AzVision.az



Teqlər:





Xəbər lenti