Tədbirdə Qazax rayonundan olan şəhid və qazi övladları iştirak ediblər. Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə, öncə çıxış edən layihə rəhbəri Mircavad Seyfili bildirib ki, layihənin məqsədi post-müharibə dövründə də şəhid və qazi övladlarının diqqətdə saxlanılması, uşaqların əyləncəli və səmərəli vaxt keçirilməsinə dəstək vermək və vətənpərvərliyin təbliğ olunmasından ibarətdir. Daha sonra Qazax rayon İcra Hakimiyyətinin şəhid ailələri ilə iş şöbəsinin müdiri çıxış edərək bu cür layihələrin önəmindən söz açıb. O, qeyd edib ki, şəhid və qazi övladları bu gün cəmiyyətdə həssas və diqqətdə saxlanılması önəmli olan məsələdir. Şəhid və qazi övladları hər zaman sevgi və qayğıyla əhatə edilməlidir.
Daha sonra layihənin proqram rəhbəri Nuranə xanım Şıxəliyeva iştirakçılara ətraflı məlumat verib. Tədbirdə eyni zamanda şəhid ataları və qazilərimiz də çıxış ediblər. Rəsmi çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Öncə "Virtual Qarabağ" İKT Mərkəzinin istehsal etdiyi "Mübariz İbrahimov" uşaqlar üçün cizgi filmi nümayiş etdirilib. Ardınca iştirakçılar şeir və musiqi parçaları səsləndiriblər. Daha sonra tədbir rəsm müsabiqəsi və intellektual yarışma ilə davam etdirilib. Ardınca uşaqlar müxtəlif növ əyləncəli oyunlarda iştirak ediblər. Qaliblər layihə rəhbəri tərəfindən hədiyyələr və medallarla mükafatlandırılıb.
AzVision.az