Kriogen dövründə canlılar necə sağ qala biliblər?

Kriogen dövründə canlılar necə sağ qala biliblər?
  04 Aprel 2023    Oxunub:2007
Planetimizdəki həyat 720-635 milyon il əvvəllər mövcud olmuş Kriogen Dövründə sərt sınaqla üzləşib. Bu uzun dövrdə Yer kürəsi buzlaqlarla əhatə olunub və kosmosdan parıldayan ağ qartopu kimi görünüb. "Qartopu Yeri" adlanan bu müddət ərzində canlılar birtəhər sağ qalmağı bacarıb. Yeni bir araşdırma bunun səbəbini daha dərindən izah edə bilir.
Reuters yazır ki, Çinin mərkəzi Hubei əyalətində qara şistdə tapılan dəniz yosunu fosilləri o dövrdə yaşamaq üçün əlverişli dəniz mühitinin olduğunu sübut edib. Tapıntılar göstərir ki, Kriogen dövründə canlı aləmin çoxhüceyrəli növləri donmuş halda yaşaya biliblər. Bu fosillər qütblərdən ekvatora doğru böyük buz təbəqələrinin uzandığı Kriogen Dövrünün ikinci mərhələsinə aiddir. Marino Buz Dövrü adlanan bu interval təxminən 651 milyon il əvvəldən 635 milyon il əvvələ qədər davam edib.

Çin Yer Elmləri Universitetinin geobioloqu, tədqiqatın aparıcı müəllifi Huyue Sonq deyib: "Bu tədqiqatın əsas tapıntısı açıq su - buzsuz şəraitin Marino Buz Dövrünün azalma mərhələsində orta enlik okean bölgələrində mövcud olmasıdır" dedi. Alimin “Nature Communications” jurnalında dərc olunmuş məqaləsində deyilir: "Tədqiqatımız göstərir ki, ən azı Marinoda "Qartopu Yeri" hadisəsinin sonuna yaxın yaşayış üçün əlverişli ərazilər əvvəllər düşünüldüyündən çox daha böyük olan orta enlik okeanlarına qədər uzanırdı. Əvvəlki araşdırmalar belə yaşayış sahələrinin, ən yaxşı halda, yalnız tropik ərazilərdə mövcud olduğunu təsdiq edirdi. Yaşayış üçün əlverişli okeanların daha geniş əraziləri çoxhüceyrəli dəniz yosunu kimi mürəkkəb orqanizmlərin harada və necə sağ qaldığını daha yaxşı izah edir. Tapıntılar göstərir ki, dünya okeanları tamamilə donmayıb və çoxhüceyrəli orqanizmlərin - bitkilər, heyvanlar, göbələklər və protistlər adlanan bəzi əsasən təkhüceyrəli orqanizmlər də daxil olmaqla, bütün canlıların sağ qala bildiyi yerlərdə yaşamaq üçün əlverişli sığınacaqlar olub”.

Yer kürəsi təxminən 4,5 milyard il əvvəl meydana gəlib. İlk təkhüceyrəli orqanizmlər planetin mövcudluğunun təqribən ilk milyard ilində yaranıb. Çoxhüceyrəli orqanizmlər daha sonra, bəlkə də 2 milyard il əvvəl yaranıb. Ancaq yalnız Kriogen Dövründən sonra daha isti şərtlər geri qayıdıb və təxminən 540 milyon il əvvəl müxtəlif həyat formalarının sürətlə genişlənməsinə yol açıb.

Alimlər "Qartopu Yer"in başlanğıcını daha yaxşı anlamağa çalışırlar. Onlar hesab edirlər ki, günəş radiasiyasının ağ buz təbəqələrindən sıçraması nəticəsində günəş istiliyinin çox azalmış hissəsi planetin səthinə çata bilib. “Virginia Tech” laboratoriyasının geobioloqu və tədqiqatın həmmüəllifi Şuhai Xiao bunu belə izah edib: "Atmosferdəki karbon dioksid səviyyələrinin bu hadisələrdən dərhal əvvəl kəskin şəkildə düşdüyünə inanılır, bu da qütb buz örtüklərinin genişlənməsinə və buna görə də daha çox günəş radiasiyasının kosmosa geri əks olunmasına səbəb olub. Zamanla qartopu şəklində olan Yer kürəsi mavi və yaşıl rənglərə bürünüb”.

Qara şistdə aşkarlanan dəniz yosunu və bəzi digər çoxhüceyrəli orqanizmlərin fosilləri günəş şüası ilə işıqlandırılan dayaz dəniz mühitində yaşayan fotosintetik orqanizmlər olublar. Çin Yer Elmləri Universitetinin paleontoloqu və tədqiqatın həmmüəllifi Qin Ye bildirib ki, fosillər sıxılmış üzvi karbon təbəqələri kimi qorunub saxlanılıb. Qırmızı yosunlar, yaşıl yosunlar və göbələklər də daxil olmaqla, çoxhüceyrəli orqanizmlər Kriogendən əvvəl ortaya çıxıb və həmin dövrdə məhv olmaqdan qurtula biliblər.

Kriogen buz erası təxminən 10 min il əvvəl sona çatan insanların sağ qaldığı ən son Buz Dövründən daha soyuq olub. Ən son Buz Dövrü ilə müqayisədə, buzlaqların əhatə dairəsi daha geniş idi və okeanın çox hissəsi donmuşdu. Çinli alim Xiao bildirib ki, "Qartopu Yeri" hadisələrinin Yerdəki həyat üçün əhəmiyyətli çətinliklər olduğunu söyləmək ədalətlidir. Həmin dövrdə canlıların yaşaması da möcüzədir, lakin görünür ki, həyat, o cümlədən mürəkkəb eukaryotik orqanizmlər biosferin dayanıqlığını təsdiq edərək sağ qalmağı bacarıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti