Füzulidəki su anbarlarının bərpası oktyabrda başa çatdırılacaq

Füzulidəki su anbarlarının bərpası oktyabrda başa çatdırılacaq
  14 Aprel 2023    Oxunub:1153
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində "Köndələnçay-1", "Köndələnçay-2" və "Aşağı Köndələnçay" su anbarlarında, selötürücü kanallarda və Quruçayda təmir-bərpa işlərini bu ilin oktyabr ayında başa çatdırmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilir ki, 30 il baxımsız qaldığı üçün hər 3 anbar qəzalı vəziyyətə düşüb. Buna görə də anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, sel ötürücü kanallarda təmir işləri həyata keçirilir. İşlər paralel olaraq hər 3 anbarda aparılır.

Quruçay mövsümü gələn çay olduğu üçün daha çox yaz aylarında sel gəlir. Ona görə də üzərində qoruyucu bənd də tikilir, sipərlər yenilənir, suaşıran beton üzlüyə alınır və su təmizləyici qurğu da betonlanır. Çayda su anbara gedəcək səviyyədən çox olarsa bunun üçün əlavə suburaxıcı da quraşdırılır ki, onun vasitəsilə əlavə su çayın məcrasına ötürüləcək.

Köndələnçay-1 su anbarı 3,9 milyon kubmetr, Köndələnçay-2 su anbarı 2,1 milyon kubmetr, Aşağı Köndələnçay su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Anbarların bərpası başa çatdıqdan sonra sudan Füzuli rayonunun həm işğaldan azad edilmiş, həm də işğal olunmamış kəndlərinin sakinləri yararlanacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti