"Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir" - Emin Əmrullayev

  "Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir" -    Emin Əmrullayev
  18 Aprel 2023    Oxunub:2008
"Özəl məktəblərdə şagirdlərimiz problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib.

Nazirin sözlərinə görə, məktəbin məzmunu mütləq dəyişməlidir: "Ola bilər ki, Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu, tək bizdə yox, bir ölkələrdə də belədir. Çünki həmin fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi. Bu mənada həmin anlayışları Azərbaycan məktəbinə gətirdiklərinə görə həmkarlarıma təşəkkür edirəm".

Nazir qeyd edib ki, məktəbdə hazırlanan şagird sabah onu həyatda gözləyən təhdid və reallıqlara hazır böyüməlidir.

"Yəni, biz şagirdi hansısa nəzəri və ya konseptual məsələlərlə hazırlaya bilərik, lakin biz onu da başa düşməliyik ki, düzgün strukturlaşmış beyin həmişə içi düzgün doldurulmuş beyindən daha yaxşıdır. Bu mənada bu və digər məsələlərə yanaşmanı şagirdlərə təbliğ etmək önəmlidir", - E.Əmrullayev əlavə edib.

O bildirib ki, təhsilin əsas məqsədi təhsilini bitirən birinin bəlli il və vaxt keçdikdən sonra öyrəndiklərini xatırlamasıdır: "Çünki əzbər öyərilən biliklər adətən yaddan çıxır. Amma yanaşma və məsələyə münasibəti hər zaman onunla birlikdə qalır".
Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti