Braziliyada `Real Madrid` çempion olacaq?! - YAZARLARIN PROQNOZU

 Braziliyada `Real Madrid` çempion olacaq?! - YAZARLARIN PROQNOZU
  31 May 2014    Oxunub:1795
Braziliyada keçiriləcək dünya çempionatına sayılı günlər qalıb. Sənətindən aslı olmayaraq bir çox insanın ürəyi bu çempionatla döyünəcək. Braziliyadan çox-çox uzaqlarda, bizim məmləkətin insanları bu futbol bayramı haqqında nə düşünür?

Elə buna görə də ədəbiyyat adamlarıyla dünya çempionatı haqqında kiçik bir sorğu keçirdik. Onların hansı yığma komandalara azarkeşlik edəcəyini, futbol proqnozlarını sizə təqdim edirik:

Həyat Şəmi: ” Həmişə “Real-Madrid” komandasına azarkeşlik etmişəm. Qalib də “Real Madrid” olacaq.”

Etimad Başkeçid: “6 yaşımdan bu yana bütün çempionatları izləyirəm. Bu çempionatı da qaçırmayacağam. Türkiyə bu finala düşməyib deyə, Almaniyaya azarkeşlik edəcəyəm. Almaniya çempion olacaq, proqnozum belədir.”

Səhər Əhməd:” Əvvəllər futbol üzrə çempionatları maraqla gözləyirdim, əməlli-başlı azarkeş sayılırdım. 3-4 il olar futbola marağım ölüb. Heç hansı komandalar oynayacaq, onu da bilmirəm. Bəlkə başlayanda marağım yarandı, izlədim,deyə bilmərəm”

Qan Turalı: “İmkan tapdıqca izləyəcəm. Almaniyaya azarkeşlik edəcəm. Son zamanlar futbolla proqnoz verəcək qədər çox maraqlanmıram. Amma arzum budur ki, Almaniya çempion olsun.”

Rasim Qaraca:” Yalnız final oyunlarına baxacam. Braziliya yığması çempion olacaq.”

Əsəd Cahangir:” Təəssüf ki, Türkiyə yığması bu çempionatda təmsil olunmur. Amma yenə də izləyəcəyəm. İtaliya yığmasına azarkeşlik edəcəyəm və inanıram ki, qalib də bu komanda olacaq.”

Xəyal Rza:” Futbola marağım yoxdur. İzləmirəm. Yalnız Türkiyə və Azərbaycan nəticə göstərəndə izləyirəm.”

Zəka Vilayətoğlu:” Ümumilikdə götürsək, mən futbol azarkeşi deyiləm. Amma hardakı Azərbaycan və ya Türkiyənin futbol komandası oynayır, o zaman yarışı çox böyük həvəslə izləyirəm.”

Kənan Hacı: “Son vaxtlar futbola marağım tamam itib. Ona görə oyunları izləmirəm. Buna görə də sənin sualına cavab verməkdə çətinlik çəkirəm.”

Mirmehdi Ağaoğlu:” Kamyudan fərqli olaraq futbola marağım yoxdu. Amma vaxtilə bəzi matçlara baxırdım. Misal üçün Nihat Kahveçinin oynadığı “Real Sosyedad”ın oyunlarına. Bir də həmişə çempionatlarda Türkiyəyə azarkeşlik eləmişəm. Xüsusən, uduzan komandanın son anda qələbə topunu vurması məni valeh edib, ruhlandırıb, əmin olmuşam həyatda möcüzə həmişə olur, 90-cı saniyədə belə. Bu il isə yəqin dostların təklifi ilə ən güclü komandaların matçlarına baxacam. Braziliya, Almaniya.... Onlara da ancaq dostlarla kafedə... Başqa cür baxmaq fikrim yoxdu.”

Füzuli Sabiroğlu: “Özümdən olsa izləmərəm! Ancaq oğullarım futbol azarkeşi olduğu üçün hərdən yəqin ki, maraqlı anlara baxmaq məcburiyyətində qalacam.”


Aqşin Evrən :” Mən 1998-ci ildən bəri Braziliya yığma komandasına azarkeşlik edirəm. O vaxtlar Ronaldo kimi nəhəng ulduz var idi. Təəssüf ki, indi Braziliyanın heyətində belə üstinsanlar yoxdur. Bu da təbii haldır. Çünki hazırkı dövrdə futbol fərdi oyunla deyil total şəkildə oynanılır. Bu ildə Braziliyaya azarkeşlik edəcəm. Ronaldinyo və Kakanın mundialdan kənarda qalmasına təəssüf etdim. Ancaq bu iki futbolçu komandanın uyğunlaşdığı sürətli oyun taktikasına uyğun deyildi. Məncə, çempionatlara embarqo qoyan bir Braziliya gəlir.”


Fərid Hüseyn:” Bu il Braziliyada keçiriləcək dünya çempionatında Braziliyaya azarkeşlik edəcəyəm. Proqnoz verə bilmərəm”

Namiq Hüseynov:” Deyim ki, mən həddi-buluğa çatdığımdan bəri heç bir zaman futbolla maraqlanmamışam. Futbolu kapitalistlərin və diktatorların sadə xalqın başını qarışdırması və qismən də pullarını əlindən alması üçün bir vasitə hesab edirəm. Braziliyada keçirilən dünya kuboku ilə bağlı isə onu deyərdim ki, günümüzdə az qala futbolun vətəni sayılan bu ölkədə də artıq xalq ayılıb, elə bu yaxınlarda Braziliya xalqı ölkədə keçiriləcək futbol üzrə dünya çempionatına etiraz olaraq küçələrə axışdı, Braziliya hökümətinin çempionata böyük pullar ayırmasına etiraz etdi. Bu elə mənim yuxarıda futbol haqqında düşündüklərimi təsdiq edir.”

İradə Aytel:” Bir zamanlar Hollandiyanın futbol komandasının oyunlarını izləyirdim.Həmin il hansısa Dünya Çempionatı idi. Futbola baxmağımın nədəni isə komandada çox bəyəndiyim bir futbolçunun olması idi (adını belə unutmuşam). Bu il azarkeşlik etməyəcəm. Yəqin, əvvəlki surətpərəst qızcığaz deyiləm... İdmanın hər bir növü təqdirəlayiqdir. Hər bir komandaya gücünə layiq uğur arzulayıram.”

Azad Qaradərili: `Mən lap uşaqlıqdan Braziliyaya azerkeşlik etmişəm və bu yenə də belədir. Bu futbol ölkəsinin çempion olacağına əminəm. Amma İspanların da revanşı xoşuma gəlir. Ola bilər ki, onlar yenidən çempion olsunlar. Nəysə, oyunçu aparsın.”

Cavidan:” Futbol heç vaxt mənə maraqlı olmayıb.”

Cəlil Cavanşır: "Təəssüf ki, 2002-ci ilin dünya çempionatından sonra çempionatları izləmirəm. Yalnız futbol xəbərlərini və həftənin ən yaxşı qollarını qaçırmıram. İmkan olduqca “Qalatasaray”ın və “Barselona”nın maçlarına baxıram. Bu ilki çempionata xüsusi marağım yoxdur. Boş vaxtımla üst-üstə düşsə oyunlarını izləyərəm. Geniş informasiyam olmadığı üçün, proqnoz vermək çətin olar."

Dilqəm Əhməd: “Mən uşaqlıqdan İtaliya yığmasının azarkeşiyəm. Onun qalib gəlməsini arzu edirəm, amma hazırda hansı ölkələrin hansı qruplarda mübarizə aparacağından xəbərsizəm. Qalibin isə Avropa ölkələrindən olacağını düşünürəm.”

Könül Həsənqulu:” Futbol mənə heç vaxt maraqlı gəlməyib. Ümumiyyətlə, yaradıcı insanların belə oyunlara marağını anlaya bilmirəm. Mənim üçün bif dəfə şahmat oyunmaq o çempionatı izləməkdən daha maraqlıdır. Çünki şahmatda daha çox beyin işləyir, top yox.”

Alpay Azər: “İzləyəcəm. Mən 1986-cı il Meksika çempionatından bu yana Almaniyaya azarkeşlik edirəm. Bu dəfə də bu komandaya azarkeşlik edəcəm. Yəqin ki, yenə İspaniya çempion olacaq”

Şəhriyar del Gerani:” Əvvəllər baxırdım. Hollandiya yığmasına azarkeşlik edirdim. 11 nömrəli bir oyunçu vardı, Overmars, əla oyunçuydu. Sonralar qumara çevirdilər, kantor-filan, həvəsim qalmadı. Həm də bir uşaqlıq sevdasıdı futbol. Cəmiyyətdə bu qədər problemlər varkən bir yazı adamının oturub 90 dəqiqə gic-gic topqovduya baxması bayağı görünür..”

Faiq Balabəyli:” Doğrusu, mənim komandam - Türkiyə millisi mundialda yoxdur. Olsaydı daha yaxşı olardı. Hazırda isə Almaniya yığmasına azarkeşlik edəcəm. Elə onların da şanslı olmasını düşünürəm. Arzu edərdim almaniya çempion olsun. Braziliyanı da unutmaq olmaz”


Əkbər Qoşalı:” Əlbəttə, izləyəcəm. Mənim futbola illər öncəki aşırı ilgim bir qədər azalsa da, ancaq futbol futboldur... - Hələ-hələ dünya çempionatı ola. Təəsüf ki, bu il, Türkiyə millisi, eləcə də Ukrayna bu çempionatda iştirak etmir... Belə olan halda Bosniya-Hersoqovina, Fil Dişi Sahili, Yaponiya kimi komandaların sürpiz oyun göstərməsini və yaxşı nəticələr qazanmasını istərdim. Bu cümləm arzu yüklüdür lakin proqnoz xarakteri daşımır - ehtimal ki, "qitələr savaşı" özünü son nöqtəsinədək göstərəcək və finala köhnə qitədən, Güney Amerikadan olan komanda çıxacaq. Elə hesab edirəm, baxışlar Braziliya və İspaniyanın üzərinə yönələcək. Lakin bu halda mən Almaniyanın çempion olacağını proqnozlaşdırıram...”

Cavid Zeynallı:” Mən sonuncu dəfə futbola 1998-ci ildə baxmışam. Özümdə futbola sevgi aşılaya bilmirəm, futbol söhbətləri mənim üçün maraqsızdır. Hətta məclislərdə buna görə xəcalət çəkdiyim də olur. Amma nə etmək olar, mənim maraq əhatəmdən kənardır.
Braziliyada çepionatdan isə ümumiyyətlə xəbərim yoxdur. Sizi təəccübləndirdiyim üçün üzr istəyirəm “

Elçin Mirzəbəyli: ” Dünya çempionatını izləyəcəyəm. Azarkeşlik edəcəyim komandanı müəyyənləşdirməmişəm. Amma Rusiya, Fransa və ABŞ millilərini böyük hesabla məğlub edən komandalardan birinə azarkeşlik edə bilərəm. Dünya çempionatının favoriti olaraq Braziliya millisini görürəm. Eyni zamanda düşünürəm ki bu çempionat sürprizlərlə zəngin olacaq.”

Emin Piri


Teqlər:  





Xəbər lenti