`Türk OPEK-i` yarana bilərmi? - TƏHLİL

`Türk OPEK-i` yarana bilərmi? - TƏHLİL
  01 İyun 2014    Oxunub:1336
Bu həftə Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçrətəfli görüşü keçirildi. Bu, çox maraqlı bir formatdır, çünki əvvəla, təkcə iqtisadi və coğrafi amillərə yox, həm də etnik mənsubiyyət amilinə əsaslanır.

Hər üç dövlətin əhalisi əsasən türk kökənlidir və bu, istər-istəməz, onların əməkdaşlığına fərqli rəng qatır. İkincisi isə, yaxın gələcəkdə bu format hasilatçı və tranzit dövlətlərin birliyinə çevrilə bilər.

Hazırda işbirliyinin əsas istiqaməti enerji sahəsilə bağlıdır. Türkmənistanda neft-qaz sənayesinin 2030-cu ilə qədər inkişaf etdirilməsi proqramı var ki, ona əsasən həmin müddətə qədər qaz hasilatı ildə 250 milyard kubmetrə, neft istehsalı isə 110 milyon tona çatdırılmaldır. Rusiyanın yürütdüyü hazırkı geosiyasi kursun fonunda Avropanın bu resurslara ehtiyacı çox böyükdür. Bu isə həmin resursların nəqlini təmin edə biləcək Azərbaycan və Türkiyənin tranzit ölkə kimi önəmini kəskin artırır.

Ötən il Azərbaycandan keçməklə Türkmənistanın 3,3 milyon ton nefti və 20 milyard kubmetr qazı nəql edilib. Amma bu rəqəmlər Türkmənistanın ixrac potensialı və hədəfləri ilə müqayisədə çox kiçikdir. Onu kəskin artırmaq üçün isə indiki münasibətlərin özü yeni səviyyəyə qalxmalıdır. Tərəflər də elə bunu edirlər.

Görüşdə qəbul olunan Bakı bəyanatında deyilir ki, tərəflər enerji təhlükəsizliyi və şaxələndirilməsinin təminatı məqsədilə birgə irimiqyaslı layihələrdə işitrak etməyi vacib sayıblar. Bunlar o dərəcədə böyük layihələrdir ki, təkcə iqtisadi sferada nəzərdən keçirilmələri düzgün olmazdı. Onlar üçün siyasi, regional işbirliyi də mütləq gücləndirilməli, strateji səviyyəyə çatmalıdır. Türkiyə ilə Azərbaycan arasında bu, zatən var, indi isə daha bir türk dövlətinin hesabına ikilik üçlüyə çevirilir.

Maraqlıdır ki, bu həftə Fransanın `Total` şirkətinin “Şahdəniz-II” yatağındakı payı Türkiyənin Petrol Anonim Ortaklığına satıldı. Eyni zamanda, TANAP-da `Botaş`ın payı artırıldı. Beləliklə, Türkiyənin “Şahdəniz 2” layihəsindəki payı 9%-dən 19%-ə, TANAP layihəsindəki payı isə 20%-dən 30%-ə qalxdı. Başqa sözlə desək, bu layihə daha çox türkləşdi. Eyni zamanda Türkiyədə ARDNŞ-in daha bir `Star` neft emalı zavodu tikilməkdədir.

Belə görünür ki, Azərbaycan, Türkiyə və Türkmənistan 2019-cu ilə hazırlaşırlar. Həmin ildə Avropaya əsas qaz ixracı başlayanda bölgə dövlətləri sadəcə mənbə və tranzit olmaq istəmirlər. Vaxtilə ərəb dövlətləri eyni məxrəcə gələrək, neft satdıqları ölkələrə öz şərtlərini diqtə etməyə çalışmışdılar. OPEK kartelinin daxilində sanki ayrıca bir ərəb OPEK-i var idi. O cür olmasa da, bu həftə Bakıda toplaşan üçlük indidən ortaq strategiyaya uyğun hərəkıt etməklə, öz təbii sərvət və coğrafi mövqelərini təkcə valyutaya yox, daha böyük dividendlərə çevirə bilərlər.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti