Dünyada ən çox istifadə edilən süni dadlandırıcı kanserogen elan edildi

   Dünyada ən çox istifadə edilən süni dadlandırıcı kanserogen elan edildi
  29 İyun 2023    Oxunub:2437
Dünyada ən çox yayılmış süni dadlandırıcılardan biri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən kanserogen elan ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" adı açıqlanmayan iki mənbəyə istinadən məlumat yayıb.

"Coca-Cola" içkilərindən "Mars"ın Extra saqqızlarına və bəzi "Snapple" içkilərinə qədər məhsullarda istifadə edilən aspartam iyul ayında Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən ilk dəfə olaraq "insanlar üçün kanserogen" siyahısına daxil ediləcək.

Mənbələr agentliyin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng araşdırma qolu olduğunu bildirib.

IARC qərarını bir maddənin bütün dərc edilmiş sübutlara əsaslanaraq potensial təhlükə olub-olmadığını qiymətləndirməklə qəbul edir və təşkilat bir insanın nə qədər məhsulu təhlükəsiz şəkildə istehlak edə biləcəyi ilə bağlı tövsiyə vermir.

IARC-nin keçmişdə müxtəlif maddələr üçün qəbul etdiyi oxşar qərarlar istehlakçılarda bu maddələrin istifadəsi ilə bağlı narahatlıqlar yaradıb, bu da istehsalçıların məhkəmə çəkişmələrinə və təzyiqlərə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Qida Əlavələri üzrə Birgə Ekspert Komitəsi JEFCA 1981-ci ildən bəri aspartamın qəbul edilmiş gündəlik limitlər daxilində istehlak edilməsinin təhlükəsiz olduğunu bildirib.

Məsələn, 60 kiloluq bir yetkin, içkidəki aspartamın miqdarından asılı olaraq risk altında olmaq üçün hər gün 12-36 qutu pəhriz soda içməlidir. Bu fikir ABŞ və Avropa da daxil olmaqla milli tənzimləyicilər tərəfindən geniş şəkildə paylaşılır.

ÜST-nin əlavələr komitəsi JECFA da bu il aspartamdan istifadəni nəzərdən keçirir. İyunun sonunda iclasına başlayan JECFA-nın nəticələrini IARC qərarını elan etdiyi gün, iyulun 14-də ictimaiyyətə açıqlayacağı gözlənilir.

AzVision.az


Teqlər: ÜST   Xərçəng  





Xəbər lenti