Kainatın "arxa fon uğultusunun” dəlilləri

   Kainatın "arxa fon uğultusunun” dəlilləri
  03 İyul 2023    Oxunub:2115
Dünyanın müxtəlif ölkələrindən olan astronomlar elan ediblər ki, onlar bütün kainatda "arxa fon uğultusunu" yaradan qravitasiya dalğalarının uzun müddətdir nəzəriyyə şəklində olan formasının ilk sübutunu aşkar ediblər.
Şimali Amerika, Avropa, Çin, Hindistan və Avstraliyada radioteleskoplardan istifadə edən yüzlərlə elm adamı tərəfindən uzun illər ərzində aparılan tədqiqatlar nəticəsində əldə edilən sıçrayış kainata yeni bir pəncərə açan mühüm bir mərhələ kimi qiymətləndirilib. İlk dəfə Albert Eynşteyn tərəfindən fərz edilən qravitasiya dalğaları kainatın ətrafında tamamilə maneəsiz işıq sürəti ilə hərəkət edən dalğalardır. Onların mövcudluğu 2015-ci ildə ABŞ və İtaliya rəsədxanaları tərəfindən iki qara dəliyin toqquşması nəticəsində yaranan ilk qravitasiya dalğalarını aşkar edənə qədər təsdiqlənməyib. Bu "yüksək tezlikli" dalğalar Yerə doğru güclü, qısa bir dalğalanma göndərən tək şiddətli hadisənin nəticəsi idi. Lakin elm adamları onilliklər ərzində fon səs-küyü kimi kosmosda daim yuvarlanan aşağı tezlikli qravitasiya dalğalarını axtarırlar.

Beynəlxalq Pulsar Zaman Konsorsiumunun bayrağı altında qüvvələri birləşdirərək bir neçə qitədə qravitasiya dalğaları detektorlarında çalışan elm adamları ötən həftə bildiriblər ki, nəhayət, bu fon dalğalarına dair sanballı sübutlar tapılıb. Astronom Maykl Keyt bildirib ki, indi biz kainatın cazibə dalğaları ilə dolu olduğunu bilirik. Qravitasiya dalğaları kosmosda hərəkət edərkən keçdikləri hər şeyi çox incə bir şəkildə sıxır və uzadırlar. Aşağı tezliklərdə bu sıxılma və uzanmanın sübutunu tapmaq üçün astronomlar pulsarlara, partlayan ulduzların ölü nüvələrinə baxıblar. Məlum olub ki, onlardan bəziləri saniyədə yüzlərlə dəfə fırlanır, kosmik mayaklar kimi son dərəcə müntəzəm fasilələrlə yanıb-sönən radio dalğaları şüaları yayırlar.

Yeni araşdırma üçün bütün dünyada radioteleskoplar Süd Yolu qalaktikası boyunca cəmi 115 pulsara yönəldilib. Daha sonra elm adamları qravitasiya dalğalarının əlamətlərini axtararaq, impulsların zaman meyarı ilə inanılmaz kiçik fərqlərini ölçüblər. Nəticədə, onlar 20 ildən çox müddətdə saniyənin milyonda birindən az dəyişiklikləri aşkar edə biliblər. Alimlər bildiriblər ki, ilkin dəlillər Eynşteynin nisbilik nəzəriyyəsi və elmin kainat haqqında mövcud anlayışı ilə uyğun gəlir. Lakin onlar vurğulayıblar ki, qızıl standart olan beş siqma əminlik səviyyəsinə çata bilməyiblər. Beş siqma göstərir ki, bir şeyin statistik təsadüf olma ehtimalı milyonda birdir.

Konsorsiumdakı hər bir ölkə və ya qrup öz tədqiqatlarını bir sıra jurnallarda ayrıca dərc etdirib. Şimali Amerikanın NANOGrav qravitasiya dalğası rəsədxanasının sədri Stiv Teylor bildirib ki, bütün məlumatlar birləşdirildikdən sonra bir və ya iki ilə beş siqma səviyyəsinə çatmaq olar. Aparıcı nəzəriyyə ondan ibarətdir ki, dalğalar yavaş-yavaş birləşən qalaktikaların mərkəzində oturan cüt superkütləli qara dəliklərdən gəlir. Əvvəllər aşkar edilmiş qravitasiya dalğalarına səbəb olanlardan fərqli olaraq, bu qara dəliklər demək olar ki, ağlasığmaz dərəcədə nəhəngdir, bəzən isə Günəşdən milyardlarla dəfə böyükdür.

Avstraliyalı astronom Daniel Reardon bildirib ki, əgər təsdiq olunarsa, dalğalar “kainatın hər yerində qalaktikaların nüvələrində bir-birinin ətrafında fırlanan superkütləli ikili qara dəlik sistemlərinin cəmi olacaq”. O, "bütün bu qara dəliklərin fon uğultusunun səs-küylü bir restoranda oturub insanların danışdığını eşitmək kimi" olduğunu söyləyib.

Başqa bir nəzəriyyə isə qravitasiya dalğalarının alimlərin nəzərindən gizlədilən “kosmik inflyasiya” adlanan Böyük partlayışdan sonra bir saniyə ərzində baş verən sürətli genişlənmə nəticəsində ola biləcəyi haqqındadır. Astronomların dediyinə görə, gələcəkdə aşağı tezlikli cazibə dalğaları bu erkən genişlənmə haqqında daha çox məlumat verə və qaranlıq maddənin sirrini işıqlandıra bilər. Bu, həmçinin onlara qara dəliklərin və qalaktikaların necə əmələ gəldiyini və təkamül etdiyini daha çox anlamağa kömək edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti