Azərbaycanda Antik dövrə aid mədəniyyət nümunələri tapıldı

   Azərbaycanda Antik dövrə aid mədəniyyət nümunələri tapıldı
  21 İyul 2023    Oxunub:2511
AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikada aparılan qazıntı işlərinin həyata keçirilməsi zamanı ekspedisiyaların fəaliyyətinin yerində yoxlanılması üçün akademik İsmayıl Hacıyevin sədrliyi ilə yoxlama komissiyası yaradılıb.
AzVision.az xəbər verir ki, komissiyanın üzvləri Tumbultəpə və Meydantəpə yaşayış yerlərində aparılan arxeoloji qazıntıların vəziyyəti ilə tanış olublar.

Tumbultəpə yaşayış yeri Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində yerləşir. Ekspedisiyanın rəhbəri AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir.

Komissiya üzvlərini aparılan araşdırmalarla tanış edən Vəli Baxşəliyev rəhbərlik etdiyi Tumbultəpə arxeoloji ekspedisiyasının qazıntılar zamanı aşkar etdiyi maddi mədəniyyət nümunələrini, abidə ilə bağlı əldə olunan yeni elmi nəticələri və yaşayış yerinin gələcək araşdırmalar üçün vəd etdiyi perspektivləri diqqətə çatdırıb. Alim bildirib ki, Tumbultəpə yaşayış yerinin araşdırmaları zamanı Son Eneolit dövrünə və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib. Abidə qəbir abidələrinin qazılması nəticəsində dağıntıya məruz qalsa da, ərazinin qədim sakinlərinin dördkünc formalı yarımqazma tipli evlərdə yaşadığı öyrənilib. Tədqiqatçı qeyd edib ki, karbon analizlərin nəticələri abidəni daha dəqiq tarixləndirməyə imkan verəcək və bu nəticələr yekun hesabatda öz əksini tapacaq. Tumbultəpə yaşayış yerindən yeni əldə olunan materiallar bölgənin qədim dövr tarixini daha dərindən öyrənməyə imkan verəcək.

Daha sonra komissiya üzvləri Babək rayonunun Cəhri kəndi ərazisində, Naxçıvançayın sağ sahilində yerləşən Meydantəpə yaşayış yerində aparılan arxeoloji araşdırmaların vəziyyəti ilə tanış olublar. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlov rəhbərlik etdiyi ekspedisiya zamanı əldə olunan yeni arxeoloji materiallar, abidənin strukturu, habelə bu qədim yaşayış yerinin tədqiqi ilə bağlı gələcəkdə aparılması nəzərdə tutulan işlər və abidənin tarixi əhəmiyyəti barədə məlumat verib.

Hər iki ekspedisiyanın işinin uğurla aparıldığı qənaətinə gələn komissiya üzvləri bu tədqiqatların gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti