Mirvari, toxuculuq, daş-qaşlar – I əl işləri sərgisi – FOTOLAR

Mirvari, toxuculuq, daş-qaşlar – I əl işləri sərgisi – FOTOLAR
  05 İyun 2014    Oxunub:23523
“Kapelhaus”un zalına girəndə insanın gözü qamaşır. Rəngarəng bəzəklər, mirvarilər, taxtadan oyulmuş sənət əsərləri, muncuqdan toxunmuş xalçalar və ən əsası incəsənəti sevən, müxtəlif yaş və peşəyə malik insanlar.
Biz alman-Azərbaycan mədəniyyət cəmiyyəti – “Kapelhaus”da 4-5 iyun tarixlərində keçirilən “I əl işləri festivalı”na baş çəkdik.

Festivalda tətbiqi sənətin müxtəlif növlərinə adi əl işləri sərgilənirdi. Əl işlərinin müəllifləri arasında həm tələbələr, həm evdar xanımlar, həm də müxtəlif peşələrə sahib olan insanlar var idi. Burada xalçaçılıq, keramika, toxuculuq, makrame, muncuq toxuma, mücrülərin və suvenirlərin yazı ilə işlənməsi üslubunda hazırlanmış sənət əsərləri nümayiş etdirilirdi.

Festivalın təşkilatçısı Könül Allahverdiyevanın Azvision.Az-a verdiyi məlumata görə, bu tədbir Bakıda ilk dəfə keçirilir, lakin təşkilatçılar festivalı hər 3 aydan bir keçirməyi planlaşdırır. Qeyd edək ki, 2 günlük tədbirin təşkilatçısı yaradıcı insanların birliyi “Bəzək” idi.

Festivaldakı əl işlərini hədiyyə kimi alanlar da var idi. Amma ustaların dediyinə görə, tədbirin əsas məqsədi tətbiqi incəsənəti ölkəmizdə populyarlaşdırmaq və inkişaf etdirməkdir.
Festivalda 46 sənətkar iştirak edirdi, onların arasında hətta kişilər də var idi. İştirakçıların yaş həddi isə 18-83 arası idi.
Azvision.Az festivalın iştirakçılarındna biri ilə tanış oldu. Bədirə Əliyeva ibtidai sinif müəlliməsidir, ama işdən sonra boş vaxtlarında əl işləri ilə məşğul olur. Sənətçi öz işlərində əsasən muncuqdan toxuma üslubundan istifadə edir. Mənim diqqətimi muncuqdan toxunmuş divar xalçası cəlb etdi. Bədirə xanım deyir ki,bu cür xalça orta hesabla 1-1,5 aya ərsəyə gəlir. Bu xalçaların hazırlanmasında əsasən milli ornamentlər və xalq nağıllarından sujetlər istifadə olunur.


Leyla Murad
Fotolar: Nuran Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti