Sərnişin və yük daşımaları üçün icazələr 7 illik veriləcək

Sərnişin və yük daşımaları üçün icazələr 7 illik veriləcək
  18 Avqust 2023    Oxunub:1883
Oktyabrın 1-dən Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslərə və fərdi sahibkarlara icazələr veriləcək, onların qüvvədə olma müddəti 7 ildir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilir ki, icazələri “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunların tələblərinə uyğun olaraq AYNA verəcək. Məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarını qorumaq, bu sahədə haqsız rəqabətin və inhisarçılığın qarşısını almaq, daşımaların təhlükəsizliyini, ətraf mühitin və əməyin mühafizəsini təmin etməkdir.

Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində sifarişli daşıma ilə, yəni qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul olmaq istəyənlər isə buraxılış vəsiqəsini əldə etmək üçün 125 manat dövlət rüsumu ödəməlidirlər. Buraxılış vəsiqəsi əldə edən hüquqi şəxslər və ya fərdi sahibkarların nəqliyyat vasitələrinə verilən icazənin əlavəsi olaraq buraxılış kartı alması da mütləqdir. Bunun üçün tələb olunan dövlət rüsumu isə 25 manatdır.

Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları üçün də buraxılış vəsiqəsi və buraxılış kartı tələbi müəyyən edilib. Bu fəaliyyət növü üçün buraxılış vəsiqəsi 250 manat, buraxılış kartı isə 75 manat dövlət rüsumu ödənilməklə təqdim olunacaq.

“Avtomobil nəqliyyatı haqqında” Qanunun tələbinə əsasən ölkə ərazisində taksi sifarişi operatoru fəaliyyəti də icazə əsasında mümkün olacaq. Sözügedən icazə növü üçün dövlət rüsumu 3000 manatdır.

Hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan icazələri əldə etmək üçün “Avtomobil nəqliyyatı haqqında” Qanunda tələb olunan sənədləri AYNA-ya təqdim etməlidirlər.

Avtomobil nəqliyyatı haqqında qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yaradır və buna yol verən şəxslərə qarşı cərimə tətbiq olunacaq. Belə ki, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 1 000 manat cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 2 000 manat cərimələnir.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 80 manat cərimələnir.

Buraxılış vəsiqəsi, yəni icazə olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 2400 manat cərimələnir.

Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 100 manat cərimələnir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə də cərimə nəzərdə tutulub. Belə ki, qeyd olunan xətalara yol verən vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 20000 manat cərimə olunacaq. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmi yaratmayan və ya həmin mexanizmi fəaliyyət göstərməyən vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər isə 20000 manat cərimələnəcək.

AzVision.az





Teqlər:





Xəbər lenti