Ali təhsil müəssisələrinin qəbul planı 93.94 % dolub

   Ali təhsil müəssisələrinin qəbul planı 93.94 % dolub
  31 Avqust 2023    Oxunub:1497
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.
Mərkəzdən AzVision.az -a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub. Sentyabrın 5-dən 14-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3100 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1550 nəfər çoxdur.

Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12.27% daha çox plan yeri ayrılmışdı. İxtisas qrupları üzrə ayrılıqda baxsaq bu il hətta I ixtisas qrupunda 23.30%, IV ixtisas qrupunda 15.56% artım var idi. Beləliklə, abituriyentlərin dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib və onlar müəyyən ixtisaslar üzrə ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə də ödənişsiz oxumaq imkanına malik olurlar. Bununla bağlı gözləntilər əvvəlcədən var idi.

Xatırladaq ki, ixtisas seçimindən öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən canlı yayımlar zamanı müsabiqə vəziyyəti təhlil olunmuşdu və ixtisas qrupları üzrə abituriyentlərin topladıqları ballara əsasən şansları qiymətləndirilmişdir. Müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı ilə bağlı proqnozların özünü doğrultduğunu görə bilərik.

Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.35%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (2985 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 2731 nəfər qəbul olunub. III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.74%, 94.36% və 91.19% dolub.

Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, 23 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri əsasən 80%-dən çox dolub.

Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 1665 nəfər daha çoxdur. Subbakalavrlar say etibarilə daha çox Mingəçevir Dövlət Universiteti (586 nəfər) Azərbaycan Texniki Universitetinə (490 nəfər), Lənkəran Dövlət Universitetinə (453 nəfər) və Azərbaycan Texnologiya Universitetinə (432 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 54.10%-nin, Naxçıvan Müəllimlər İnstituna qəbul olunanların 51.03%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 41.10%-nin subbakalavrlar olduğunu görərik.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti