Gələn il əmək haqqı və pensiya nə qədər artacaq?

   Gələn il əmək haqqı və pensiya nə qədər artacaq?
  30 Oktyabr 2023    Oxunub:1695
2024-cü ildə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata ayrılan xərclərin həcmində artımlar nəzərdə tutulub.
Bunu AzVision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, 2023-cü ildə bu rəqəm 4 milyard 315 milyon manat idisə, gələn il bu istiqamətdə 4 milyard 542 milyon manat vəsait ayrılacaq.

"Bütövlükdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təxminən 45 faizi sosial istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, 2024-cü ildə də dövlət büdcəsi sosial yönümlü olacaq. Təbii ki, büdcə xərclərində sosial istiqamətə yönəldilən vəsaitlərin həcminin artması həm də birmənalı şəkildə pensiya, əmək haqqı və digər istiqamətə daha çox vəsaitin ayrılması üçün daha çox imkanlar yaradır.

Pensiyalar 2024-cü ilin yanvar ayında indeksiyasiya olunaraq artırılacaq. Son iki aylıq nəticə göstərir ki, orta aylıq əmək haqqındakı artım 11,3 faizdir. Bu o deməkdir ki, mövcud tendensiya qorunub saxlanacağı halda Azərbaycanda növbəti ilin əvvəlində pensiyalar təxminən 11 faiz artacaq".

V.Bayramov qeyd edib ki, əmək haqları artımları 2024-cü ildə bu istiqamətdə ayrılacaq vəsaitlərin həcmindən asılı olaraq müəyyənləşəcək.

"Hələlik konkret olaraq hansı faiz artımların olacağı dəqiqləşməsə də, sosial istiqamətə ayrılan vəsaitin həcminin artması bütövlükdə sosial proqramlara daha çox vəsaitin ayrılması ilə reallaşacaq. Bu baxımdan digər sosial proqramlarda, o cümlədən ünvanlı sosial yardımda da dövlət büdcəsindən ayırmaların artacağı gözlənilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti