"Qarabağda ənənəvi yolla suvarma qadağan olunmalıdır" - Nazir müavini

   "Qarabağda ənənəvi yolla suvarma qadağan olunmalıdır" -    Nazir müavini
  13 Dekabr 2023    Oxunub:1461
Hazırda Ağdam Sənaye Parkında 104 milyon dollar dəyəri olan 19 müəssisə rezident, 6 müəssisə qeyri-rezident kimi qeydiyyatdadır. Orada 1600-dən çox iş yeri olacaq.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 19,2 milyon dollar dəyərində 5 müəssisə rezident, 1 müəssisə qeyri-rezident kimi qeydiyyata alınıb və 400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Nazir müavini qeyd edib ki, bu gün Böyük Qayıdışda su məsələsi aktual məsələlərdəndir.

"İqlim dəyişikliyi su probleminin aktuallaşmasına gətirib çıxardıb. Lakin Böyük Qayıdış çərçivəsində bizim yeni imkanlarımız yaranıb. Öz ərazimizdə formalaşan su mənbələrimiz var. Qısa zamanda layihələr həyata keçirərək, su ehtiyatlarının toplanmasına nail ola bilərik. Su anbarlarının tikilməsi, su kanallarının çəkilməsi bahalı layihədir. Lakin buna ölkə başçısı səviyyəsində dəstək olunur. Zabux çayı üzərində su anbarı tikilir və bir neçə aydan sonra istifadəyə verilir. Orada suötürücü qurğudan istifadə etməklə, su kəməri çəkilib və Zəngilan, Qubadlının 12 min hektar sahəsinin suvarılmasına nail olunub".

S.Ələkbərov qeyd edib ki, sudan qənaətlə və səmərəli istifadə ölkəmiz qarşısında duran vacib məsələdir.
"Reallıq budur ki, istehlakçıya su vermək üçün mənbədən 2 dəfə çox su götürməliyik. Su kanallarının çox hissəsi torpaq məcralıdır və su itkisi yaranır. Sahədə yanaşma müasir olmadığı üçün çox böyük həcmdə su itirilir".

Nazir müavini qeyd edib ki, azad edilən ərazilərdə ənənəvi yolla suvarma qadağan olunmalıdır. "Su o yerlərə veriləcək ki, orada müasir texnologiyaları tətbiq edə bilsinlər. Bu dövlət-özəl tərəfdaşlığı çərçivəsində olmalıdır. Hər şeyi dövlətin üzərində qoymaq olmaz. Torpaqlar paylananda da bu, nəzərə alınacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti