Uşaq oxutmağın böyük qiyməti - ARAŞDIRMA

Uşaq oxutmağın böyük qiyməti - ARAŞDIRMA
  16 Aprel 2013    Oxunub:62270
Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqqı 3000- 40000 AZN arasında dəyişir.
Artıq tədris ilinin sonuna 2 aydan da az vaxt qalıb. Növbəti tədris ilində birinci sinfə gedəcək uşaqlar üçün indidən sənəd qəbulu başlayıb. Valideynlər dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxumasını istəyirlər. Həmin məktəblərdə təhsilin səviyyəsi yüksək olsa da, qiymətlər ürəkaçan deyil. İllik xərclər orta aylıq əmək haqqından 10 dəfə, bəlkə də 20 dəfə çoxdur.

AzVision.az bunu nəzərə alaraq, Bakıda məşhur olan bir sıra özəl məktəblərin illik təhsil xərcləri ilə bağlı araşdırmalar aparıb.

Od tutub yanan qiymətlər

“TİSA- İnternational School of Azerbaijan” - 40 000 manat

Araşdırmamız nəticəsində məlum olub ki, ən yüksək təhsil haqqı “TİSA- İnternational School of Azerbaijan” məktəbindədir. Burada qiymətlər həqiqətən də baş gicəlləndiricidir. Belə ki, məktəbin illik haqqı nə az nə çox tam 40 min manatdır. Təhsil haqqını ildə 3 dəfəyə ödəmək olar. Ancaq 40 min manatın qarşılığında məktəbin nə avtobus servisi var, nə də uşaqlar yeməklə təmin olunur.

“Baku Oxford School” - 14500 manat

Bu məbləği il ərzində bir neçə dəfəyə ödəmək olar. Məktəb beynəlxalq statusa malik olduğu üçün bura qəbul il ərzində davam edir. Qeydiyyata alınan uşaqlar iyun ayında psixoloji test və ingilis dilinin riyazi bazasından imtahan verməlidirlər.

“British School”-12 000 manat

Həm təhsili həm də adı ilə çox məşhur olan məktəblərdən biri də “British School”dur. Məktəbin təhsil haqqı üçün valideynlər hər ay 1300 manat ödəməlidirlər ki, bu da ildə təqribən 12000 manat edir. Məktəbə qəbul da imtahanla aparılır. Dərslər bir növbəlidir. Birinci siniflərin ingilis dilini bilməsi mütləq deyil. Şagirdlərə saat 10-da səhər yeməyi, 12-də lanç (ikinci səhər yeməyi) verilir. Avtobus servisi isə yoxdur.

“XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”- 8 000-10 000 manat

“XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə Azərbaycan-rus bölməsi üçün illik təhsil haqqı 8000, ingilis dili bölməsi üçün isə 10 min manatdır. Dərslər saat 9-dan 6-ya qədər davam edir. Bu müddət ərzində isə şagirdlər gündə 3 dəfə yeməklə təmin olunur. Avtobus servisi isə yoxdur. Məktəbə qəbul olunarkən şagird onun məktəbə hazırlığını müəyyən edən test imtahanından keçir.

Qafqaz Özəl türk litseyi – illik təhsi haqqı 7350 manat.

Birinci sinif üçün təhsil haqqı birdəfəlik, digər illərdə isə hissə- hissə ödənilə bilər. Avtobus servis olsa da, bu xidmətin qiyməti təhsil haqqına daxil deyil. Qiymət məsafədən asılı olaraq dəyişir. Dərs vaxtı saat 9-dan 15:45-ə qədərdir. Şagirdlərə günorta yeməyi verilir.

Qərb Universitetinin nəzdində olan orta məktəbdə - 6 000

Qərb Universitetinin nəzdində olan orta məktəbdə dərslər bazar günündən başqa hər gün saat 9:00-da başlayır və saat 16:00-dək davam edir. Şənbə günü 10:00-dan 14:00-dək əlavə dərslər keçirilir. Məktəbə qəbul digər məktəblərdə olduu kimi imtahanla aparılır. İllik təhsil haqqı isə 6 000 manatdır. Məktəbliləri aparıb-gətirmək üçün xüsusi avtobus xidməti də var.

“Dünya” məktəbi- 5 000 manat

Xəzər universitetinin tərkibində olan “Dünya” məktəbinin illik haqqı 5000 manatdır. Bu qiymətə daşıma servisi də daxildir. Məktəbə qəbul şagirdlər bilik və bacarıqlarını müəyyən edən imtahan və müsahibə yolu ilə həyata keçirilir. İmtahanda uğur qazana bilməyən şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.

“Erudit- 4 500 manat

“Erudit” məktəbində – təhsil haqqı 4500 manatdır. Ödəniş il ərzində aparıla bilər. Məktəbdən bildirdilər ki, şagirdlərin məntiqləri yoxlanır, bilik səviyyələrinə görə qruplara bölünürlər. Hər qrupda 12 uşaq olur. Dərs vaxtı səhər 9-dan axşam 6-a qədərdir. Dərsdən sonra uşaqlar nahar edib, dərslərini məktəbdə yerinə yetirirlər. Məktəbin xidmət servisi var, lakin bu xidmət təhsil haqqına aid deyil.

İlyas Əfəndiyev adına “Elitar” Gimnaziya- 3 000 manat

İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyada sənəd qəbulu artıq başlayıb və mayın 15-ə qədər davam edəcək. Məktəbdən verilən məlumata görə, illik təhsil haqqı 100-150 manat arasında dəyişir.

Əksər valideynlərin üstünlük verdiyi “Avropa litseyində”isə təhsil ödənişsizdir.

S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında da təhsil pulsuzdur.

P.S. litseylərin bir çoxundan təhsil haqqı olmasa da, əldə etdiyimiz məlumata görə, məktəbə qəbul üçün valideynlər ən azı 500 manat ödəməlidirlər.

Sevinc İltifatqızı
Səbinə Həsənova

AzVision.az


Teqlər:  





Xəbər lenti