"Ekspress" qatarlar üzrə vaqonların sayı artırılacaq

   "Ekspress" qatarlar üzrə vaqonların sayı artırılacaq
  15 Dekabr 2023    Oxunub:1370
Gələn ildən Bakı dairəvi dəmir yolu xətti ilə hərəkət edən "ekspress" qatarlar üzrə vaqonların sayı artırılacaq.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

S.Nəzərova qeyd edib ki, vaqonların sayı 10-a çatdırılacaq. O, eyni zamanda "ekspress" qatarların sayının da artırılmasının nəzərdə tutulduğunu qeyd edib:

""Ekspress" qatarları fəaliyyətə başlayandan gündəlik 1 000 nəfərə yaxın sərnişinin mənzil başına vaxtında çatdırılıb. Gələn il üçün daha geniş planlarımız var. Təhlükəsizliklə bağlı dəmiryolu xətlərinə yaxın yerləşən yaşayış massivlərində, xüsusilə icma və məktəblərdə yol hərəkəti qaydalarının təbliğ olunması istiqamətində geniş kampaniyalar təşkil edəcəyik".

S.Nəzərova qeyd edib ki, Abşeron dairəvi xəttinin genişləndirilməsi və mərhələli şəkildə regionlarda sərnişindaşımanı bərpa etmək üçün 3 illik strategiya üzərində iş gedir: "Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa etmək üçün lazımi tədbirləri görürük. Hazırda Yevlax-Balakən istiqamətində infrastrukturun kompleks sağlamlaşdırılması işləri aparılır. 2024-cü ildə Abşeron dairəvi xətti, Gəncə, Goran və Qəbələ vağzallarında pulsuz vayfay zonasının fəaliyyət göstərməsini təmin edəcəyik".

AzVision.az


Teqlər:





Xəbər lenti