Universitet–biznes əməkdaşlığı istiqamətində layihələr həyata keçirilir

Universitet–biznes əməkdaşlığı istiqamətində layihələr həyata keçirilir
  09 Mart 2024    Oxunub:1120
Martın 9-da Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsi, mühəndis emalatxanası və AzTU Texnoparkı – “Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədov iştirak ediblər.

Qeyd olunub ki, model müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet–sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək.

KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış model müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasınadək real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq.

Model müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxt və xərclərə qənaət üsullarını öyrənməyə imkan verəcək. Model müəssisənin təlim-tədris auditoriyalarında sahibkarlıqla bağlı ilkin biliklər də veriləcək.

KOB Model Müəssisəsinin universitet – sahibkarlıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan “Mühəndis Geliştirme Proqramı”nın (MGP) emalatxanası ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və MAA ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorantlarıdır.

Daha sonra AzTU - Texnologiya Transfer Ofisi və "Bilişim Vadisi Bakı" ilə tanışlıq zamanı bildirilib ki, AzTU şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti