"“Yaşıl” layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına hesablanıb" - Nazir müavini

   "“Yaşıl” layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına hesablanıb" -    Nazir müavini
  14 Mart 2024    Oxunub:1067
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi tariximizin ən mötəbər və məsuliyyətli təbirlərindən biridir.
AzVision.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumfa çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın bu tədbirə ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

"Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu bu mühüm beynəlxalq platformanın Azərbaycanda təşkili həm də ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşıya qoyduğu məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb", nazir müavini bildirib.

S.Məmmədov qeyd edib ki, böyük enerji şirkətləri ilə icra etdiyimiz “yaşıl” layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb:
"Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və icra edir".

Nazir müavini bildirib ki, BMT-nin hesablamalarına görə, əgər 2050-ci ilə qədər dünya əhalisi 9,8 milyarda çatarsa, mövcud həyat tərzini saxlamaq üçün lazım olan təbii resursları təmin etmək üçün demək olar ki, üç planetin ekvivalenti tələb olunacaq:
"Yüksək gəlirli ölkələrdə adambaşına düşən karbon izi aşağı gəlirli ölkələrin səviyyəsindən 10 dəfə yüksəkdir. Sağlamlıq böhranı və çirklənmə indiki və gələcək nəsillər üçün optimal həyat şəraitinin təmin edilməsinə maneə olan əsas amillərdir. Bu kontekstdə yaşıl xidmətlərə üstünlük verilməsi, yaşıl nəqliyyat vasitələrinin seçilməsi ilə çirklənmənin azaldılması və fərdi səviyyədə görülən hər hansı digər ekoloji təmiz tədbirlər kimi müəyyən edilən ekoloji istehlak əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti