"Strategiyanın icrası ilə ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4 faiz artacaq"

   "Strategiyanın icrası ilə ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4 faiz artacaq"
  14 Mart 2024    Oxunub:1129
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq olunmuş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya edilib.
AzVision.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumfa çıxışı zamanı bildirib.
O qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yüksək keyfiyyətli ekoloji mühit” və ”yaşıl enerji” milli inkişaf prioritetləri olaraq seçilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məhz “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib:

"Növbəti orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20%-ə çatdırılması, o cümlədən regionlarda 10% təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub".

Nazir müavini bildirib ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artırılması hədəflənir.

O qeyd edib ki, azad edilmiş torpaqlarımızın reinteqrasiyası, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir: "Bu ərazilərdə “yaşıllaşma və karbonsuzlaşma” sahəsində yerli və xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti