Profisit yaranıb: Büdcəyə yenidən baxıla bilər

      Profisit yaranıb:    Büdcəyə yenidən baxıla bilər
  24 Aprel 2024    Oxunub:1416
“2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub”.
Bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Deputat, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin profisit yarandığını deyib.

“Proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33,8 faiz çox icra olunub. Həm neft-qaz, həm də qeyri-enerji sektorundan büdcəyə daxil olmalar proqnozlaşdırılandan daha çox olub.
Büdcə göstəriciləri elan ediləndən sonra ən çox ünvanlanan suallardan biri də 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır. Qeyd edək ki, bir sıra əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib. “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.

Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və eləcə növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək.

Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin prioritet olacağı istisna deyil”, - deputat qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti