Erməni operator `Yol əhvalatı`nı zay plyonkaya çəkmişdi - KADRARXASI

Erməni operator `Yol əhvalatı`nı zay plyonkaya çəkmişdi - KADRARXASI
  04 İyul 2014    Oxunub:14434
Rubrikamızın növbəti filmi “Yol əhvalatı”dır.

Film gənc sürücü Mustafanın Zümrüdlə məhəbbətindən bəhs edir. Onlar evlənmək arzusundadırlar. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın heç ürəyincə deyil...

Filmin ssenari müəllifi Asim Cəlilov, quruluşçu rejisssor Teymur Bəkirzadə, operator Şərif Şərifov, Ələsgər Ələkbərov, rəssam Fikrət Əhədov, bəsətkar Polad Bülbüloğlu, səs operatoru Vladimir Savin, bədii rəhbər Eldar Şengelayadır.

Rollarda Səyavuş Aslan (Qurban), Vaxtanq Pançulidze (Mustafa), Həmidə Ömərova (Zümrüd), Kamil Məhərrəmov (Paşa), Yaşar Nuriyev (Makintoş), Hacı İsmayılov (Mürşüd), Sofa Bəsirzadə (Sona), Ceyhun Mirzəyev (İbadulla), Yusif Əlizadə (Fərid), Adil İsmayılov (təyyarəçi), Məmmədkamal Kazımov (Şəmsi), Eldəniz Zeynalov (şikayətçi) və başqaları çəkilib.

Asim Cəlilovun yazdığı ssenaridə bir çox əhvalatlar real hadisələrdən qaynaqlanıb. Məsələn, təyyarə ilə maşının toqquşması səhnəsinə müəllif həqiqətən də yaşadığı ərazinin yaxınlığında şahid olub.

`...Qızım deyir ki, ata, bunun yarlığı əllə tikilib. Okazıvaetsa bu, heç ərəbski də deyil, nə bilim, nə zibilskidi...`

Filmdə Fərid obrazını canlandıran rejissor, aktyor Yusif Əlizadə:



- Mən filmdə rejissor assistenti kimi işləyirdim. Quruluşçu rejissor Teymur Bəkirzadə idi. Fəridi oynamaq üçün dostum, müğənni Elxan Əhədzadə dəvət olunmuşdu. O, çəkilməli idi, paltarlarını da əvvəlcədən hazırlamışdıq. Ancaq Elxan həmin gün çəkilişə gəlmədi. Aydınlaşdırdıq ki, o, bizdən xəbərsiz qastrola gedib. Səfər qəfil baş tutduğu üçün bunu demək imkanı da olmayıb. Buna görə də ikinci rejissor Rafiq Dadaşov dedi ki, Elxan yoxdursa, Yusif Əlizadəni çəkək. Mənim də imtina etmək şansım olmadı. Çünki başqa aktyorlar da gəlmişdi, çəkiliş mütləq olmalı idi. Rolum çox yaxşı alındı, rejissor razı qaldı.

`- Qurban dayı, atamın goru üçün fransuzski idi...
- Yalansa, fransuzki ilan vursun dilindən


Filmin əsas qəhrəmanı Mustafanı oynayan aktyor Vaxtanq Pançulidzeni Gürcüstandan mən gedib gətirmişdim. Deməli, ünvanın öyrəndim, birbaşa evinə getdim. Yuxudan oyatdım, ssenarini əlinə verdim, dedim ki, sən sadəcə bunu oxu. Əlavə etdim ki, Teymur Bəkirzadə səni kinoda görüb çox bəyənib. Bu filmdə çəkiləcəksən, oxu və gəl.



`Mən onun əyri ayaqlarından raqatka düzəltməsəm, atamın oğlu deyiləm`

Teymur müəllim nədənsə, onu xoşlayırdı, filmdə görmüşdü. O zaman Gürcüstanda azərbaycanlılarla bağlı “İlk məhəbbət” adlı film çəkilirdi. Filmdə baş qəhrəmanı - azərbaycanlı obrazını Vaxtanq Pançulidze oynayırdı. Yaratdığı azərbaycanlı obrazını Teymur müəllim çox bəyəndi. Həmin rola mən də sınaqdan keçmişdim. Siyavuş Aslan mənim həmin rola çəkilməyim üçün çox təkid edirdi. Bəlkə də mən filmdə rejissor assistenti idim deyə Teymur Bəkirzadə istəmədi.

Vaxtanqın boyu Həmidədən çox qısa idi. Çəkiliş zamanı bəzi yerlərdə onun ayağının altına daş qoyurduq ki, boy fərqi bilinməsin.

`- Camaat şir-pələng saxlayır, bu nədi ə...
- Dəymə, atamın yadigarıdır




Hava çox isti idi, çətinlik çəkirdik. Xristian məzarlığında gözətçinin anbarında etdiyimiz çəkilişlərdə istidən nəfəsimiz kəsilirdi. Paşa rolunu oynayan Kamil Məhərrəmovun yanı məftilə batır, həmin səhnəni biz qəbirstanlığın emalataxanasında 50-60 dərəcə tempuraturda çəkmişik. Həmin səhnə əslində əvvəlcədən planlaşdırılmışdı. Kamilin şalvarının altından rezin bağlamışdıq. Ancaq gözlədiyimizdən də bərk yıxıldığından, məftildən biri hətta şalvarından içəri keçmişdir.

Sizə bir əhvalatı da danışım. İkinci operatorumuz Robert Silanyan erməni idi. O, plyonka gətirməyə gedərkən fabrikin baş mühəndisi demişdi ki, bu partiya plyonkalar qüsurlu çıxıb. Erməni operator da deyib ki, eybi yoxdur, biz onu elə edərik ki, brak olmaz. Həmin o plyonkaya görə biz filmi iki dəfəyə çəkmək məcburiyyətində qaldıq. Erməni başımıza oyun açdı. O, qəsdən belə plyonka gətirmişdi. O zaman bizim labarotoriya dayandığı üçün filmin assisentlərindən biri Tiflisə getmişdi. Orada plyonkanı aşkarlayanda demişdilər ki, bu partiya plyonkaların hamısı brakdır. Tiflisdən zəng etdi ki, dayanın, bəs lentlər zaydır. Biz sonradan məcburən yeni lentlər gətirdik, obyektlərin çoxunu təzədən çəkdik.
Erməni operatoru cəzalandırmadılar. Bir-iki söz deyildi, vəssalam.



` ...Rəhmətliklər yığıb məni boğaza...

Maşının xarab olması səhnəsi Biləcəri körpüsündə çəkilib. Pirotexnik maşında texniki nasazlıq yaratdı ki, kiçik partlayış olsun. Çəkiliş qrupu elə bilirdi ki, mən maşın sürə bilmirəm. Daha onlar bilmirdilər ki, mən keçmiş avtomexanikəm. Bununla bağlı bir çox filmlərdə kaskadiyorluq etmişəm.

Daha sonra qəbiristanlıqda etdiyimiz çəkilişdə Qurban Mürşidə deyir e, “Ala, xortda da”, bax, həmin filmdə Hacı İsmayılov doğurdan da çəkiliş zamanı yatmışdı.

Sizi Bura yığmaqda məqsədim odur ki, sizinlə işləmək çox çətindir. Sizdən adam olmayıb, olmaycaq...



Qoyunların təyyarəyə mindirilməsi səhnəsini Xaçmazın aeroportunda çəkmişik. Daha sonra həmin təyyarəni söküb, gətirib Əhmədlidə `Ukrayna` dairəsi yaxınlığındakı Neapol küçəsində quraşdırdıq. Yuxarıdan buraxdıq, yerə doğru gəlib maşınla toqquşdu. Həmi an çəkilişlərimizi etdik. Maşının evin içinə girməsi səhnəsi isə İnqilab küçəsindəki kiçik uçuq bir evdə çəkilib.

`Qayınanam üçün kalqotka almalı idim...`

Filmdə Zümrüdü oynayan aktrisa Həmidə Ömərova:




- Asim Cəlilovun ssenarisi əsasında məzəli komdeiyaya çəkiləndə mən heç bilmirdim ki, tərəf müqabillərim kimlər olacaq. Keçən il təxminən bu vaxt Mədəniyyət Nazirliyindən mənə zəng etdilər ki, Gürcüstanla canlı körpü yaradılır. Biz `Skype` vasitəsilə Vaxtangla danışdıq. İlk dəfə neçə ildən sonra onu gördüm. Siyavuş Aslanın xatirsəinə həsr olunan bir veriliş, telekörpü idi. Mən orada elə bildim ki, bu aparıcıdır, ağ saçlı kişi idi. Biləndə ki Vaxtanqdır , dedim biz bu qədərmi yaşa dolmuşuq. Çox təsirləndik, o, artıq babadır.

`Bura bax, Səfərəli, qoyun var sərgiyə göndərirlər, qoyun da var, burada qalır`

Ən çox baxılan, kassa uğuru qazanan filmlərimizdən biri idi. Bu, bədii film kimi Teymur Bəkirzadənin ilk və son işi oldu.

Vaxtanq boyca məndən balaca idi. Onun elçi gəlmək istəməsi ilə bağlı etiraf səhnəsini Bakının köhnə məhəllələrindən birində çəkdik. Teymur müəllim orada baxıb gördü ki oğlanın boyu məndən balacadır, onun ayağının altına daş qoydu. Filmdə Zümrüd utancaq qızdır, oğlan bunu deyəndə o, naz edir, aşağı baxır, sevincini gizlətməyə çalışır. Bu hissəni oynayarkən başımı aşağı salanda Vaxtaqın ayağının altındakı daşı görürdüm, məni dəli gülmək tuturdu, çəkiliş edə bilmirdik. Axırda Teymur müəllim dedi ki, kameraları söndürün, Həmidə gülüb qurtarsın, sonra çəkilişə davam edək. Hər dəfə də Vaxtaqdan buna görə üzr istəyirdim ki, bağışla, məndən asılı deyil, situasiya gülməlidir. Film iki aya çəkildi, vaxtında təhvil verdik.



`Proizvodstvenni travma` almışam axı...

O zaman cavan idim, itlərdən çox qorxurdum. Teymur müəllim canlı alınsın deyə, çəkiliş yerinə bir neçə it gətirmişdi. Həmin səhnə çox təbii alındı. Deyirdim ki, bu səhnəni tez çəkin qurtarın.

`Daha sonra Mayakda` etdiyimiz bir çəkilişdə, içəridə bir səhnə var idi ki, Zümrüd qaçmaq istəyir. Çünki atası onu aldadıb, dəniz kənarında yaşayan dayısının yanına aparmışdı. Orada onu bağlı qapılar arxasında saxlayırdılar. Bir sözlə, olan-bitəni anlayan Zümrüd qaçmaq üçün variantlar axtarır. Ora qaçır, bura qaçır, görür ki, qapılar bağlıdır. Həmin səhnələrə “Qafqaz əsiri” filmində də rast gəlmək olar. Buna görə də plagiatlıq olmasın deyə, rejissor həmin səhnələri kəsib götürdü.

`Tarix budu e, student qədeş`

Mürşüd rolunun ifaçısı Hacı İsmayılov:



- Ssenaridən kənar improvizasiyalar çox olurdu. Çünki filmdə nəhəng, profesional aktyorlar çəkilirdi və onlara bu baxımdan sərbəstlik verilmişdi. Məsələn, filmdə bir yer var, Yaşar Nuri (Makintoş) deyir ki, ”axı biz niyə çestni adamla işləyirik ki...”. həmin an Siyavuş Aslan (Qurban) onun başına bir qapaz vurub, “Çestni-ne çestni yoxdur bu dünyada..” deyir. Bax, bu, ssenaridə yox idi, Yaşar Nuri bunu qəfildən dedi və Səyavuş da ona qarşılıq verdi. Bu, rejissorun xoşuna gəldiyi üçün həmin səhnəni saxladı.

Maraqlı əhvalatlardan biri də Siyavuşun tavanın içində oturması idi. Deməli, qəbiristanlıqda çəkilişimiz gedirdi. Hamımız çox ac idik. Kamil müəllim də yaxınlıqda yaşayırdı. Dedi ki, gedim evdən yemək gətirim. Qayıdanda bir tava badımcan-bibər dolması gətirdi. Tavanı qoyduq stulun üstünə ki , çəkiliş bitəndən sonra sonra yeyək. Birdə nə görsək, yaxşıdır ? Səyavuşun fikri özündə olmayıb, oturub tavanın üstündə .Üst- başını da pis günə qoydu, yemək də zay oldu. Həmin gün ac qalsaq da, xeyli güldük.


Şahanə RƏHİMLİ
AzVision.az



Teqlər:  





Xəbər lenti