İsmayıllıda daha bir böyük müəssisənin təməli qoyulub

İsmayıllıda daha bir böyük müəssisənin təməli qoyulub
  18 May 2024    Oxunub:1809
"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin İsmayıllı rayonunda yeni istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycanda fəaliyyət göstərən və dünyaca məşhur “Coca-Cola” şirkətinin sərinləşdirici içki məhsullarını istehsal edən “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni investisiya planlarına uyğun olaraq, qurumun ölkədə ikinci istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi və inkişafı, daxili və xarici sərmayələrin cəlb olunması, istehsal və ixrac imkanlarının artırılması dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin önəmli istiqamətlərindəndir: “Ölkəyə investisiyaların cəlb edilməsi, idxalı əvəz edən və ixracyönümlü istehsal sahələrinin yaradılması məqsədilə işlər davam etdirilir. Sağlam və şəffaf biznes mühiti Azərbaycana müasir texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların həcmini artırır”. Qeyd edilib ki, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılmasına hesablanmış tədbirlər regionlarda da iqtisadi artımın təmin olunmasına, yeni müəssisələrin yaradılmasına, məşğulluğun təşviqinə imkanlar açır.

Bu baxımdan İsmayıllı rayonunda daha bir böyük müəssisənin təməlinin qoyulması bölgənin sosial-iqtisadi inkişafı, investisiya mühitinin cəlbediciliyinin artırılması üçün əlavə stimuldur. İsmayıllıda yeni müəssisə Türkiyənin “Anadolu Group” şirkətinə aid “Coca-Cola İçecek” şirkətinin törəmə müəssisəsi olan "Azerbaijan Coca-Cola Bottlers" MMC ilə İqtisadiyyat Nazirliyi arasında 1 fevral 2021-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılır.

Zavod İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisinə 50% güzəşt əldə edib, eyni zamanda 7 il müddətində əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub.

Yeni istehsal müəssisəsi rayonun sənaye potensialının reallaşdırılmasına, yerli istehsalın gücləndirilməsinə, yeni texnologiyaların regionlara transferinə, sosial rifahın yüksəldilməsinə töhfə verəcək. Vurğulanıb ki, davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarımızda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda turizm, kənd təsərrüfatı, istehsal və emal sənayesinin, digər sahələrin inkişafı üçün geniş imkanlar olduğunu qeyd edib. Vurğulanıb ki, burada istehsal müəssisələrinin fəaliyyət göstərməsi bölgə iqtisadiyyatının inkişafına münbit zəmin yaradır.

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova bildirib ki, Azərbaycanda “Coca-Cola” şirkətininin ikinci zavodunun təməlqoyma mərasimini keçirməkdən böyük məmnunluq duyur: “İsmayıllıda yeni fəaliyyətə başlayacaq müəssisəyə sərmayə qoymaq qərarımız ölkədə güclü iqtisadiyyata və əlverişli investisiya mühitinə olan möhkəm inamımızı bir daha təsdiq edir. İnvestisiya planlarımızın həyata keçirilməsi prosesində Azərbaycan dövlətinin dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, yeni müəssisənin fəaliyyətə başlaması yerli əhali üçün yeni iş yerləri yaradacaq, yerli təchizatçılara daha çox biznes imkanı verəcək, dövlət büdcəsinin vergi gəlirlərini artıracaq və yerli infrastrukturun güclənməsinə təkan verəcəkdir. Zavodun 2025-ci ildə işə salınmasını səbirsizliklə gözləyirik”.

İnvestisiya dəyəri 68 milyon manat olan, beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal müəssisəsi 15 ha sahədə qurulur və burada 100-dən artıq sakinin işlə təmin edilməsi planlaşdırılır. İllik istehsal gücü 165 milyon litr olacaq müəssisədə şirkətin “Coca-Cola”, “Fanta”, “Sprite” kimi brendləri istehsal olunacaq. Yeni zavod, əsasən, daxili bazar ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub.

“Coca-Cola”nın Azərbaycana investisiyalarının artırılması ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Bu həm də ölkədə qeyri-neft sektorunun inkişafının göstəricisidir.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti