“Made in Turan” brendi yaradılıb

“Made in Turan” brendi yaradılıb
  22 May 2024    Oxunub:770
200 milyondan çox insanın yaşadığı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişlənir.
Türk dünyası ölkələrinin tarixi İpək Yolunun üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində də önəmli rola malik olmasına şərait yaradır. Statistik göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzərindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləşməsi TDT-nin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, TDT-yə üzv ölkələrin dünya iqtisadiyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir.
Türk Dövlətləti Təşkilatına üzv ölkələr bu gün qlobal və regional miqyasda strateji hesab olunan Orta Dəhlizin üzərində yerləşir. Avropa ilə Asiya arasında vacib neft-qaz və nəqliyyat marşrutlarının keçdiyi Orta Dəhliz TDT-yə üzv dövlətlər üçün strateji əhəmiyyətə malikdir.

TDT-yə üzv ölkələrdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi isə 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.

Markalaşmanın yaratdığı ən böyük təsirlərdən biri də insanda yaratdığı sahib olma hissidir. TDT-yə üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq.

“Made in Turan” markası dedikdə TDT-yə üzv ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. "Made in Turan" markası üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcək.

“Made in Turan” markasının tətbiq olunması həmçinin Türk dünyası markalarının yeni dövrə keçid etməsidir. Bu markalaşma siyasəti nəticəsində türk dövlətləri markaları qlobal marka olma yolunda əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi artacaqdır.
“Made in Turan” markası Türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcək.

Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) idarə heyyətinin sədri Camid Mövsümov bildirib ki, “Made in Turan” brendi layihəsinin ideya müəllifi AFA-dır.
Layihədə əsas iştirakçı ölkələr kimi 7 türk dövlətinin, həmçinin Macarıstanın daxil edilməsi planlaşdırılır. Marka sözügedən ölkələrdə bütün istehsal edilən məhsullara şamil edilə bilər.

"Cənubi Koreyadan, Kanadadan, Türkiyədən bu markanın tətbiqi ilə bağlı artıq müraciətlər var. Mayın 22-dən artıq prosesə start verilir, struktur hazırlanır. 2025-ci ilin fevral ayında Türk Dövlətləri İqtisadi Forumunda şirkətlərə rəsmi şəkildə tətbiqinə başlanacaq. Bütün sözügedən dövlətlərə markanın tətbiqi ilə bağlı müraciət ediləcək. “Made in Turan” markasına xüsusi güzəştlər planlaşdırırıq. Bundan əlavə, müxtəlif xarici ölkələrdə "Turan Evləri”nin qurulması nəzərdə tutulub"- C. Mövsümov əlavə edib.
AzVision.az



Teqlər:





Xəbər lenti