Azərbaycan bu il Yunanıstana nə qədər qaz ixrac edəcək?

   Azərbaycan bu il Yunanıstana nə qədər qaz ixrac edəcək?
  13 İyun 2024    Oxunub:832
Bu ilin sonuna Azərbaycan Yunanıstana 1,2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
AzVision.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov bu gün keçirilən Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında bildirib.

Onun sözlərinə görə, ötən il Yunanıstanın qaza tələbatının təxminən 18 %-i məhz Azərbaycanın "mavi yanacağı" hesabına təmin edilib.

P. Şahbazov bildirib ki, Avropaya 3,5 il ərzində tədarük edilən 36,8 milyard kubmetr qazın 3,6 milyard kubmetrdən çoxu və ya 10 %-i Yunanıstanın payına düşüb:

İclasda iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 1,4 milyard ABŞ dolları təşkil etdiyi, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb. Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Avropada təchizatın şaxələnməsinə və dekarbonizasiyaya töhfələri qeyd edilib.

Nazir, həmçinin deyib ki, Avropanın etibarlı enerji təchizatçısı olan və uğurla “yaşıl artım” siyasəti həyata keçirən Azərbaycan beynəlxalq miqyasda böyük etimad və hörmətin nəticəsi olaraq bu il COP29-a ev sahibliyi edir. Zəngin əməkdaşlıq gündəliyi olan bu yeni tarixi dövrdə enerji prioritet mövzulardan biridir.

Yunanıstanın xarici işlər nazirinin müavini Kostas Fragogiannis isə deyib ki, komissiyanın iclası ölkələrin ikitərəfli münasibətlər qurmaq niyyətini əks etdirir: “Müxtəlif sahələrdə, o cümlədən ticarət və investisiya, nəqliyyat, kənd təsərrüfatı, energetika, texnologiya, səhiyyə və turizm kimi istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişafı və təşviqini davam etdirmək üçün qabaqcıl mexanizm yaradılıb. Ümumilikdə, birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası Yunanıstan ilə Azərbaycan arasında davamlı, konstruktiv, səmərəli dialoq və fikir mübadiləsinin əsasını qoyur”.

İclasda ticarət, sənaye, nəqliyyat, turizm, kənd təsərrüfatı, enerji, təhsil, səhiyyə, mədəniyyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Azərbaycanda əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, sənaye zonaları və aqroparklarda, həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzrə əməkdaşlıq imkanları barədə məlumatlar diqqətə çatdırılıb. Komissiya çərçivəsində bütün sahələrdə əməkdaşlığın yol xəritəsini müəyyən edən ikillik Fəaliyyət Planı qəbul edilib.

Yekunda Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolu və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti