Hacılar üçün psixoloqlar | Vüsal Məmmədovun yazısı

     Hacılar üçün psixoloqlar    | Vüsal Məmmədovun yazısı
  02 Avqust 2024    Oxunub:6639
1940-cı illərdə, II Dünya Müharibəsi əsnasında ABŞ-nin Hərbi Hava Qüvvələrinin fəxri olan məşhur “Boeing B-17” (“Uçan qala”) bombardmançı təyyarələri hərbi aerodromlara enərkən müəmmalı şəkildə qəzaya uğramağa başlayırlar. Budur: təyyarə yaxınlaşır, qəzanın baş verməsi üçün heç bir səbəb yoxdur, hər şey əla gedir, amma qəfildən 20 tonluq nəhəng maşın yerə çırpılır.
Maraqlısı o idi ki, təhqiqatlar təyyarələrin saz vəziyyətdə olduğunu göstərirdi. Pilotlar da işini bilən, təcrübəli mütəxəssislər idilər. Belə çıxırdı ki, peşəkar pilot yaxşı vəziyyətdə olan təyyarəni heç bir səbəb olmadan yerə çırpır.


Bir neçə ardıcıl belə qəzadan sonra Hərbi Hava Qüvvələrinin rəhbərliyi Yel Universitetinin professoru, psixoloq Alfons Çapanisi araşdırmalara cəlb edir. Çapanis bir sıra tədqiqatlar apararaq, belə qənaətə gəlir ki, qəzaların səbəbi pilotların olduğu kabinənin, daha doğrusu, cihazlar panelinin dizaynı ilə bağlıdır. Təyyarənin qanadlarının arxa hissəsini idarə edən dəstəklə şassiləri açıb-yığan dəstək bir-birinə çox yaxında yerləşməklə yanaşı, tamamilə eyni formada idilər. Normal halda pilotlar onları qarışdırmırdı, amma çətin missiyadan qayıdanda, gərgin, stressli vəziyyətdə şassini açmaq əvəzinə səhvən qanadların arxasını qaldıran dəstəyi çevirir, beləliklə, təyyarənin yerə çırpılmasına səbəb olurdular.


Psixoloq Alfons Çapanisin hesabatından sonra “Boeing” şirkəti həmin dəstəkləri bir-birindən araladı və şəklini dəyişdi. Yeni dizaynda şassini açıb-yığan dəstək elə təyyarə şassisinə bənzəyirdi, onu daha heç nə ilə qarışıq salmaq mümkün deyildi. Bununla da “uçan qala”ların qəzaları kəskin azaldı.


Çapanis həmin araşdırmadan sonra 1949-cu ildə “Tətbiqi eksperimental psixologiya: Mühəndis layihələrində insan amili” adlı kitab yazaraq, erqonomika elminin əsasının qoyur. 1950-ci illərdə isə “Bell Labs” şirkətində işləyərkən apardığı araşdırmaların nəticəsində düyməli telefonların dizaynını yaradır. Günü bu gün də nömrə yığarkən işlətdiyimiz rəqəmli klaviaturanın düzülüşü məhz psixoloq Alfons Çapanisin apardığı araşdırmaların məhsuludur.

***

1960-cı illərdə London metrosunda intihar halları artanda psixoloqlar “Çıxış yoxdur” ( "No Exit" ) yazılmış lövhələri “Çıxış o tərəfdədir” xəbərdarlığı ilə dəyişməyi tövsiyə edirlər. Bundan sonra həqiqətən də intiharların sayı xeyli azalır. Çünki ümidsiz vəziyyətdə olan insanlar “Çıxış yoxdur” ifadəsini qeyri-ixtiyari öz vəziyyətlərinə şamil edir və dərin depressiyaya qapılaraq, intihara üz tuturdular. “Çıxış o tərəfdədir” ifadəsi isə əksinə, onlarda belə bir fikri yaradırdı ki, problemə yanaşmalarını dəyişsələr, hər şey düzələcək. Çıxış həmişə var...

***

1978-cı il, dekabrın 28-də Nyu-Yorkdakı Con Kennedi aeroportundan havaya qalxan “McDonnell Douglas DC-8” təyyarəsi “United Airlines 173” reysi üzrə Oreqon ştatının Portlend şəhərinə yön aldı. Hava milad bayramından qayıdan sərnişinlərin kefi kimi yaxşı idi, təyyarəni təcrübəli pilotlar idarə edirdilər. Uçuş heç bir problem olmadan başa çatmalı idi.


Təxminən 2 saat yarımdan sonra, 17:10-da təyyarə Portlend aeroportuna yaxınlaşanda kapitan, 52 yaşılı Malbörn Makbrum şassiləri açmaq üçün dəstəyi çevirir. Adətən bu prosedurdan sonra şassilər rahat açılaraq, xarakterik şıqqıltı ilə yerini alırdı. Amma bu dəfə elə olmur. Bərk danqıltı eşidilir, təyyarənin gövdəsi titrəyir, şassinin açıldığını təsdiqləyən siqnal işığı isə yanmır.
Şassinin açılıb-açılmadığını yoxlamaq üçün Kapitan Makbrum qüllədən əlavə vaxt istəyir. Onu şəhərin kənarındakı “gözləmə zona”sına yönəldirlər. Bort mühəndisi Forrest Mendenhol şassinin açılıb-açılmadığını müəyyən etməyə çalışsa da, qəti bir qərara gələ bilmir. Amma kapitana məlumat verir ki, yanacaq qurtarmaq üzrədir.

“DC-8” təyyarəsi dəqiqədə 0,1 ton yanacaq işlədir. 17:50-də bort mühəndisi və ikinci pilot bir də kapitana xatırladırlar ki, yanacaq tükənmək üzrədir. “Mənə 15 dəqiqə vaxt verin”,- kapitan çəmkirir. Amma mühəndis bilirdi ki, 15 dəqiqə sonra çənlər sadəcə bomboş olacaq. Di gəl ki, subordinasiya qaydalarına görə onun kapitandan nəsə tələb etməyə haqqı yox idi.

18:06-da 4 nömrəli mühərrik dayananda ikinci pilot kapitana xəbərdarlıq edir:
- Mühərriki itirdik.
- Niyə?
- Yanacaq!

Artıq gec idi, təyyarəni 13 kilometr aralıda olan enmə zolağına çatdırmaq mümkün deyildi. Kapitan Makbrum onu şəhərin kənarındakı evlərin üstünə endirməyə məcbur idi...


Bu qəza aviasiya tarixindəki ən məşhur hadisələrdən sayılır. Heç kim anlaya bilmirdi ki, 25 il təcrübəsi olan pilot, İkinci Dünya Müharibəsinin veteranı Malbörn Makburn belə bir axmaq səhvə necə yol verib axı? Şassiləri açılmış, tamamilə normal vəziyyətdə olan salamat təyyarəni yanacağı tükənənə qədər havada fırladıb, sonra evlərin üstünə salmaq nə deməkdir? Buna gətirib çıxaran səbəblər hansılardır?

ABŞ-nin Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Komitəsi qəzanı araşdırmaq üçün xüsusi qrup yaradır. Qrupa psixoloq Alan Dil də daxil edilmişdi. Qəzanın insan amili ilə hansı şəkildə bağlı olduğunu da məhz o başa düşür: Gərgin anlarda insanın diqqəti problemin ancaq bir tərəfinin üzərində fokuslananda beyin eyni məsələnin başqa tərəfləri haqqında düşünə bilmir. Eyni zamanda, zaman hissi təhrif olunur. Bu vaxt mütləq kimsə zamanın keçdiyini və problemin digər tərəflərinin də olduğunu tez-tez xatırlartmalıdır. Amma o dövrün uçuş protokolları ikinci pilotun və bort mühəndisinin kapitanın işinə müdaxilə etməyinə icazə vermirdi. Alan Dil hesabatında göstərir ki, əgər ikinci pilotun öz dediyində təkid etmək ixtiyarı olsaydı, qəza baş verməyəcəkdi.
Bu araşdırmadan sonra protokollar dəyişdirilir, ikinci pilotun hüquqları artırılır. Və bu tip qəzalar həqiqətən də daha baş vermir.

***

Hər üç halda hadisələrin əsas müsbət qəhrəmanları psixoloqlardır. Belə hallar əslində minlərlədir. Mürəkkəb vəziyyətlərdə insan amilinin rolunu, insan şüurunun gizli mexanizmlərini araşdırıb, başa düşən psixoloqlar on minlərlə, yüz minlərlə həyatları xilas ediblər. Bəzən bir ofisdə bir detalı, interyerdə hansısa rəngi dəyişməklə işçilərin məhsuldarlığını artırır, şirkətlərə əlavə milyonlar qazandırırlar. Psixoloq əslində bu deməkdir – insan şüurunun fəaliyyət mexanizmlərini öyrənən və öyrəndiyini insanlığın xeyrinə tətbiq edən mütəxəssis.

Bizdə isə “psixoloq” sözü sürətlə marginallaşaraq, az qala məşhur qədim peşə adının sinoniminə çevrilməkdədir. Bunu ürək ağrısı ilə yazıram. Hörmətli, dərin bir elm və onun mənsubları gözdən salınır. “Psixoloq” adı ilə ortaya atılanlar özünə müştəri axtaranlara qədim peşənin müasir sirlərini öyrətməklə məşğuldurlar. Biri 3000 manatlıq mənəvi ehtiyacdan danışır, o biri qadınlara özünü kişilərə necə “saxlatmağın” yollarını başa salır... Halbuki, onların xaricdəki həmkarları bir məqalə yazmaq üçün aylarla araşdırmalar aparır, yüzlərlə insanın fikrini öyrənir, sonra bir səmərələşdirici təklif irəli sürməklə böyük müsbət dəyişikliklərə səbəb olurlar.

Azərbaycanda iki adın ciddi reabilitasiyaya, hətta deyərdim, reanimasiyaya ehtiyacı var: “Hacı” və “psixoloq”. Xaricdən gəlib, burada dilimizi öyrənən əcnəbi düşünə bilər ki, hacı – “müğənni” saxlayan pullu kişi, psixoloq – qadınlara pozğunluğun legitim üsullarını öyrədən ekspert deməkdir. Vəziyyətdən çıxmaq üçün ilk növbədə fahişəliyin adını olduğu kimi çəkməkdən qorxmayan mütəxəssislərə ehtiyacımız var. Bununla hansı peşə məşğul olmalıdır, bilmirəm, amma hər şeyi öz adı ilə çağırmağa başlasaq, bəlkə həm müğənnilər, həm hacılar, həm də psixoloqlar üçün vəziyyət yavaş-yavaş düzəlməyə doğru gedər...

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Psixoloq  





Xəbər lenti