İyulun 10-da Kannda bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində ölkəmizlə bağlı növbəti təqdimat iyulun 10-da Festivallar sarayında Azərbaycana aid sərgilərin açılışı ilə baş tutub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbirdə çıxış edən Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks bildirib ki, artıq ikinci ildir ki, Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu da şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Kler-Ann Reks şəhərə gələn çoxsaylı turistlərin də bu tədbirlərə böyük maraq göstərdiklərini qeyd edib.
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı:
- Xanımlar və cənablar, əziz dostlar.
Azərbaycanı Fransada nümayiş etdirən sərginin açılış mərasiminə xoş gəlmisiniz. İyirmi ildən çoxdur ki, Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq yaranıb. Bu əməkdaşlıq ikitərəfli hörmət, dostluq və maraq əsasında qurulub.
Bu ilin may ayında Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bir daha bu əlaqələrimizin strateji xarakter daşıdığını təsdiqlədi. Mən bu kontekstdə təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasını qeyd etmək istərdim. Bu assosiasiyanın yaradılmasını alqışlayırıq və dəstəkləyirik. Assosiasiya öz ətrafına Azərbaycanın dostlarını toplamış və assosiasiyanın üzvləri Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırırlar. Mən burada assosiasiyanın sədri cənab Jan-Fransua Manseli salamlayıram və ona öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin assosiasiyanın ən fəal üzvlərindən olan və Azərbaycanın əziz dostu xanım Raşida Datini görməyimə çox şadam. Ümidvaram ki, Assosiasiyanın üzvlərinin sayı artacaqdır. Mən sizin işinizə uğurlar arzulayıram.
Eyni zamanda, Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr ildən ilə möhkəmlənir. Ölkələrimiz telekommunikasiya, şəhərqurma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlıq qurmuşdur. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və bu fəaliyyət ikitərəfli fayda gətirməkdədir. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır.
Tarix boyu dilindən, dinindən asılı olmayaraq insanları, xalqları birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq. Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlmişdir. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda fransız liseyi inşa olunmuş və fəaliyyət göstərir. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Bu yaxınlarda Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib. Əminəm ki, atılan bütün bu addımlar xalqlarımızı və ölkələrimizi biri-birinə daha yaxın edib, daha çox və sıx dostluq əlaqələri yaradıb. Bu sırada keçən il Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərini xüsusi qeyd etmək istərdim. Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim bütün tədbirlərimiz böyük maraq və hörmətlə qarşılandı. Biz bu şəhərə ürəkdən bağlandıq və mədəniyyət günlərimizi ənənəvi olaraq burada keçirmək istərdik. Mən fürsətdən istifadə edərək bizə yardım göstərən və bütün tədbirlərimizdə bizə dəstək verən hər bir insana, eyni zamanda Kann şəhərinin keçmiş meri cənab Bernar Broşana və hazırki meri cənab David Lisnarda öz dərin minnətdarlığımı çatdırıram.
Əziz qonaqlar, sonda bir daha sizin ölkənizə olan öz hörmətimi və məhəbbətimi çatdırıram və hamınıza xoş axşam arzulayıram. İndi isə sizi sərgi ilə tanış olmağa dəvət edirəm.
***
Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monsel rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Assosiasiyanın üzvlərinin sayı getdikcə artır və bu da Fransada Azərbaycana olan maraqdan irəli gəlir. O, bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Daha sonra sərgi ilə tanışlıq olub.
Heydər Əliyev Fondu yarandığı gündən xaricdə ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etmək məqsədilə müxtəlif layihələr reallaşdırır. Hər il minlərlə turistin ziyarət etdiyi Kannda bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılışı da bu istiqamətdə Fondun atdığı növbəti addımı olub.
Sərgidəki bölmələrdən birində rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilmişdir. “Fransa Azərbaycan rəssamlarının gözü ilə” adlı bölmədəki əsərlərdə bu ölkə, onun regionları və paytaxtı Paris təsvir olunmuşdur. Burada fırça ustalarımız özlərinə məxsus bədii üslubda maraqlı sənət əsərlərini təqdim edirlər.
İyulun 31-dək davam edəcək bu sərgilər 2013-2014-cü illərdə Fransanın regionlarında Azərbaycan tərəfindən təşkil olunan sərgilərin bir növ icmalı kimi dəyərləndirilir. Bu sərgi Azərbaycanın mədəniyyətini, tarixini, irsini tanıtmaq məqsədi daşıyır və bir daha təsdiqləyir ki, ölkəmizin beynəlxalq imicinin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən fəaliyyət proqramı artıq öz uğurlarını qazanıb.
Sonra Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.
AzVision.az