`Azərbaycan` təhlükədə
Halbuki bundan öncə Əsəd Cahangir baş redaktorun müavini təyin olunarkən çoxları hər şeyin yaxşı olacağını gözləyirdi…
Nədənsə, hər şey tərsinə dövr etməyə başladı. Bundan öncə jurnal əməkdaşlarının bəzilərinin kreslo dəyişikliyinə görə, bilərəkdən jurnalın pis çıxarılmasında maraqlı olduğu deyilirdi. Hətta jurnal daxilində qrup “müharibəsi” getdiyini söylənilirdi. Kəskin tənqidi yazılar və.s-dən sonra hər hansı irəliləyişin olmaması jurnalın daxilində vəzifə üstündə(daha doğrusu baş redaktor yeri uğrunda) münaqişə olduğu fikirlərini bir daha ortaya çıxardı. Bununla əlaqədar ədəbi mühitdən tanıdığımız simalara müraciət etdik.
“AYB-nin ən abırlı nəşri "Azərbaycan" jurnalıdır”
Şərif Ağayar: “Mən, səmimi deyirəm, AYB-nin ən abırlı nəşri "Azərbaycan" jurnalıdır. Amma ümumi götürsək, çox geridə qalımış, ədəbi mühitə heç cür təsir edə bilməyən bir dərgidir. Dizaynı da, təqdimatı da, materalları da əsasən maraqsızdır. Mətbuat yeniliyi sevir. Yenilik üçün isə yeni düşüncə, yeni yanaşma lazımdır. Anardan tutmuş AYB qapıçısına qədər hər şey köhnəlib orda. Burda xüsusilə "Azərbaycan" jurnalını fərqləndirmək doğru deyil. Mən düşünürəm ki, rəhbərlik nə arzulayırsa, İntiqam Qasımzadə də onu çap edir. 30 il sədr olmaq olar. 15 il baş redaktor yox? Məntiqsiz söhbətdir.Küllükdə gül axtarmazlar...”
“AYB-nin mətbəxindən çıxa bilmirlər”
Elçin Mirzəbəyli : “Doğrusu AYB-də və AYB-nin nəşrlərində baş verən kluar çəkişmələri haqqında məlumatlı deyiləm. Əsəd Cahangir kifayət qədər istedadlı və öz işini bilən adamdı. Çəkişmə isə hər yerdə var... "Azərbaycan" jurnalının imicinə gəldikdə isə, zənnimcə bu son dövrlərin problemi deyil. Ədəbi mətbəxin içərisində olan 200-300, ən yaxşı halda isə 500 nəfərin oxuduğu bir jurnalın hansı imic problemindən danışmaq olar? Yazıçılar Birliyinə məxsus nəşrlərin ən böyük problemi onların AYB-nin mətbəxindən kənara çıxa bilməmələrindədir. Bu nəşrlərin əhatə dairəsi həddən artıq kiçilib. Zənnimcə bu barədə düşünmək lazımdır”.
“Bu karyera davasıdır”
Cavanşir Yusifli : “Bu “mübarizənin” elə siz deyən kimi olması heç kəsdə mübahisə doğurmur. Söhbət karyera davasına bağlıdır. AYB-nin digər orqanları ilə müqayisədə elə ən yaxşısı “Azərbaycan”jurnalıdır. Mənim oxuduğum, haqqında yazdığım yaxşı yazıların bir qismi elə bu jurnalda çap edilib. Bizdə Sabir demişkən bu bir adətdir: zəif adamı döyməyə bütün el yığışır, güclülərə hamı yaltaqlanır. Ancaq tarixin sınağından keçmiş bir həqiqət də var: gec-tez hamı layiq olduğu qiyməti alır, istəyir kölə olsun, istərsə də baş redaktor müavini. Nə az, nə çox! O ki qaldı hörmətli millət vəkilinin tənqidinə, “Azərbaycan” jurnalına daha çox pul ayırmaq lazımdır”.
“Pulun və yaşın fərqi yoxdur”
Sevinc Elsevər : “Azərbaycan jurnalı, ümumiyyətlə, AYB-nin heç bir mətbu orqanı ətrafında gedən mübahisələr, qalmaqallarla maraqlanmıram. Amma onu deyim ki, ordakı mətbu orqanlara azadlıq verilsə, bəlkə də diqqət cəlb eləmək olar. Ümumiyyətlə, azadlığın olmadığı yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Pul az oldu, ya çox oldu, redaktor gənc oldu, qoca oldu, fərqi yoxdu!”
“Allah onun arzusunu gözündə qoysun”
Kəramət Böyükçöl: “Fikrimcə, "Azərbaycan" jurnalında vəziyyət o qədər də acınacaqlı deyil. Əsas problem "Ulduz"da və "Ədəbiyyat qəzeti"ndə idi, burda da dəyişikliklər oldu. Bu o demək deyil ki, bütün qəzet və jurnallarda vəzifə yenilənməsi olmalıdır. İnqilabi dəyişiklik hər vaxt yaxşı nəticə vermir. Əgər "Azərbaycan" jurnalın daha yaxşı çıxmasını istəyirlərsə mütləqdir ki, baş redaktor dəyişsin? İntiqam Qasımzadə öz işini yaxşı bilən peşəkar bir redaktordur. Redaktor müavini də dəyişdi. Deməli, daha yaxşı iş görmək üçün bir addım da irəli atılıb. Əgər kimsə vəzifəsinin daha da böyüdülüb, baş redaktor olmaq xəyalları ilə yaşayırsa və jurnala qarşı bu cür tənqidlərin daha da alovlanmasında maraqlıdırsa, hətta gizli şəkildə bu tənqidlərə stimul da verirsə, Allah onun arzusunu gözündə qoysun”.
“Jurnal bərbad gündədir”
Kənan Hacı : “ `Azərbaycan` jurnalı haqqında səslənən tənqidi fikirlər həqiqəti əks etdirir. Jurnal göz qabağındadır. Mən düşünmürəm ki, burda hansısa vəzife uğrunda savaş gedir. Fakt budur ki, jurnal bərbad gündədir. Mən son illər bu jurnalda diqqət çəkən, ədəbi prosesə təsir edən, rezonans doğuran bircə mətnə də rast gəlməmişəm. Cavid Zeynallının "Leyla" romanı istisna olmaqla”.
"Azərbaycan" "ədəbi böhran"ın "qurban"ıdır
Aydın Xan (Əbilov) :“ "Azərbaycan" dərgisi bütün dünyada gedən "ədəbi böhran"ın "qurban"larındandır. Qalın ədəbi dərgilər qonşu Rusiyada da 500-1000 tirajla çıxır və get-gedə də oxucularını itirirlər. Bir tərəfdən ədəbiyyata marağın itməsi, digər yandan da internetdəki kreativ resursların artması, elektron dərgilərin,, e-kitabxanaların, yazıçı saytlarının ədəbi portalların get-gedə həm keyfiyyət, həm də kəmiyyət baxımından durmadan nüfuz qazanması, üstəlik də sosial şəbəkələr, yazıçı bloqları, telesseriallar və TV-lər birbaşa olaraq qalın dərgilərdən "oxucu qopartmaları" ilə məşğuldurlar. Bundan başqa da kitab nəşrinin asanlaşması, yazarların öz əsərlərinə görə qonorar almaq istəklərini də bura əlavə etsək, üstəlik də ədəbiyyata marağın get-gedə azalmasını təkan verdi. Bütün bunları nəzərə alsaq, istər "Azərbaycan", istərsə də digər ədəbi dərgilərə maraq azalıb. Söz yox ki, redaksiyalar yazıçı və şairlər əvəzinə dahiyanə əsər yazan deyillər. Böhran varsa, deməli həm də çağdaş ədəbi-poetik söz sənətimizdə, estetik düşüncəmizdə böyük problemlər yaşanılır. Manıslara on minlər verməyi xoşlayan, gündə yeyib-içməkdə olan xalqımızın ədəbiyyata və sözə arxa çevirməsinin, bilgiyə, intellektə diqqət verməməyin axırı elə belə də olmalıydı. Azərbaycan oxucusu üzünü rus, türk və qismən də ingilis dilinə çevirir: xüsusən də gənclər artıq bu dillərdə oxumağa üstünlük verir. Söz yox ki, redaksiya əməkdaşlarının da günahı az deyil, amma yenə deyirəm, problemə kompleks yanaşmasaq, inanmıram hansısa baş redaktoru dəyişməklə bütün "ədəbiyyat problemlərini" yoluna qoya bilərik...”
“AYB-dən qovulmalıdırlar”
Emin Piri:“ `Azərbaycan` jurnalına qarşı xüsusən, bu qısa zaman kəsiyində belə yazılara start verilməsi bir qədər maraq doğurur. İntiqam Qasımzadə ədəbi zövqü yüksək olan, istedadlı adamlara hər zaman yer ayıran biridir. Amma istedadlı gənclər bu jurnalda işlə təmin olunmalıdır. Kiminsə oyunlarının oyuncağına çevrilən şəxslər jurnala gələcəksə və ya hələ də qalacaqsa jurnalın gələcəyi haqqında yüksək fikir söyləmək olmaz.
AYB rəhbərliyi jurnalda oyun quranları jurnaldan qovsa daha yaxşı olar. Həmin şəxslər bu hərəkətləriylə AYB-nin imicinə zərər gətirir. Çünki, bu insanlar artıq rəhbərliyin xüsusən, Anarın humanizmini həmin oyunlara “hə” demək kimi anlayır. Bundan sonra cəmiyyət də həmin “hə”ni elə hə kimi anlayır. Bu belə davam edə bilməz.
Əsəd Cahangir zəhmetkeş və istedadlı gənc tənqidçilər sırasındadır. O, baş redaktorun müavini təyin olunduqdan sonra jurnalın daha sanballı çıxacağını və daha çox da bizim jurnalda təmsil olacağımızı gözləyirdik. Təəssüf ki...”
“Əbədi həyat insanlara niyə verilməlidir ki?”
Fərid Hüseyn: “Düşünmürəm ki, kimsə belə münaqişəylə nəsə əldə etsin. Çünki belə kəskin anlarda Anar müəllim qərar verir və bir ağsaqqal yazıçı kimi daha uyğun , ədalətli qərarı qəbul edir. Anar müəllimin "Gecə düşüncələri" esselərində belə bir məqam var : "Əbədi həyat insanlara niyə verilməlidir ki? Əbədiyyən bir-birini öldürməkçün, bir-birini qırıb çatmaqçün?" Yaxşı ki, həyat ədəbi deyil, yoxsa heç kəs baş redaktor olmaqdan əl götürməzdi və sənin indi verdiyin sual və o sualı yaradan münaqişələrə mən və mənim kimi bir çoxları cavab verməli olardı”.
“Gənclər işə cəlb edilməlidi”
Mübariz Örən: “Bu tip məsələlərdən özümü kənar tutsam da, bir şey aydındı ki, bu qədər büdcəylə və bu sayda işçiylə həm məzmun, mahiyyət, həm də forma, dizayn baxımından daha keyfiyyətli jurnal ortaya qoymaq olar. Təzəlik mütləq olmalıdı, gənclər işə cəlb edilməlidi. Naftalin iyi verən səhifələrdən oxucu yorulub. O ki qaldı, "müharibə" məsələsinə, fikrimcə, öz xoşuna heç nə düzəlməyəcəksə, müharibə və mübarizə də vəziyyətdən çıxışa bir cəhddi”.
“İşçi heyətini rəqabətə stimullaşdırmır”
Sahilə İbrahimova: “Mən də adi oxucu kimi “Azərbaycan” jurnalı haqqında nə isə düşünmürəm. Xəbərim yoxdu onun daxilində və xaricində baş verənlərdən. Bircə nəfər qeyri-yazar adam tanımıram ki, o jurnalı tanısın. Görünür jurnal materialları zövqlə seçilmir. Hazır büdcəsi varkən satış maraqları işçi heyətini rəqabətə stimullaşdırmır. Bu səbəbdən PR duzgun təşkil olunmur. Rəhbərlik qarşısına konkret hədəflər qoyula bilər. Məs. bu budcə, bu işləyəcək komanda, 2 ay ərzində satış filan rəqəmə çatmalıdı. Əks halda maaşdan kəsimlər ola bilər, yaxud hədəfi keçsəniz, bonus ala bilərsiniz. Ümumiyyətlə, kommersiya maraqları olmayan yerdə satış uğursuz təşkil olunur”.
“Ədəbiyatın “ə”sindən xəbərləri yoxdur”
Oktay Hacımusalı : “İntiqam Qasımzadə mətni, sözü bilən adamdır. Hətta, ilk cümlədən bilir ki, kim nƏ yaza bilər... Amma bu onun suçu deyil ki, Azərbaycan jurnalına təqdim olunan materiallar zəifdir. Demək ki, günahı ədəbiyyaımızda axtarmalıyıq. O ki, qaldı müharibələrə, kimin baş redaktorluq iddiası varsa, o iddia yerinə gedib ədəbiyyat yaratsa daha yaxşı olar. Ədəbiyatın ə sindən xəbəri olmayıb cümlə qura bilməyənlərin Azərbaycan jurnalını tənqid etməsini düzü anlaya bilmədim”.
“Deyildiyi kimi bərbad deyil”
Alpay Azər: “Düşünmürəm ki, "Azərbaycan" jurnalı deyildiyi kimi bərdab pis vəziyyətdə çıxır. Və düşünmürəm ki, Azərbaycanda "Novaya Mir", "Znamya" səviyyəsində jurnallar var. "Azərbaycan" jurnalında Mətləb Ağa, Sara Selcan, Səhər Əhməd, Səlim Babullaoğlu, Tərlan Əbilov kimi şairlərin şeirləri, Məmməd Oruc, Mübariz Cəfərli, Aslan Quluyev, Aliq Nağıoğlu, kimi yazıçıların nəsr əsərlərinə, eləcə də adlarını unutduğum digər müəllifləin mətnlərinə də rast gəlmək olar. Yəni birmənalı şəkildə durub demək ki, zəif jurnal çıxır, düzgün deyil. Amma zəif mətnlərə- söhbət oxuduğum hekayələrdən gedir, - hərdən rast gəlmək olur ki, heç bir ədəbi jurnal bundan sığortalanmayıb”.
“Yazı-pozu bacarığımı tam itirərəm ”
Elşən Əzim : “Mən bölgədə yaşayıram, ona görə də bəzi qalmaqalların əsl səbəbini, içini bilmirəm. Nə yaxşı ki, bilmirəm. Belə şeyləri yaxından bilsəm, AYB, AYO və digər ədəbi qurumlar ətrafındakı qeybətlərin iştirakçısı olsam yazı-pozu bacarığımı tam itirərəm. "Azərbaycan", "Ulduz" kimi dərgiləri uşaqlığımdan oxuyuram. Valideynlərimin hər ikisi ədəbiyyatçı olduğundan Sovet dövründən bu jurnalların abunəçisi olmuşuq. "Azərbaycan" jurnalı həmişə ədəbiyyatda yaranan ən yeni əsərləri oxucuya təqdim edib. Yadımdadır, atam bütün romanların əvvəl jurnal variantını "Azərbaycan"dan oxuyurdu, sonra kitabın alıb gətirdi. İndi də belədir dövrümüzdə yaranan bir çox nəsr əsərlərini kitab halında əldə edə bilməsim də "Azərbaycan" jurnalından oxuyuram. Bəli mən də bəzi hallarda jurnalda zəif yazılara rast gəlmişəm. Ancaq bu o demək deyil ki, jurnal başdan ayağa rüsvayçılıqdır. Əsəd Cahangir həmişə obyektivliyi, ədəbi gəncliyə sayğısıyla seçilən bir tənqidçinin jurnalda görəv alması məni də sevindirdi. Ümid edirəm ki, jurnal get- gedə daha da maraqlı yazılarla bizləri sevindirəcək. Həm də jurnalı yeni bir dizaynda görmək istərdim. Dizaynla bağlı yazılan tənqidi fikirlərlə razıyam”.
“Radikal dəyişilik etməlidir”
Dilqəm Əhməd : "İndiyə qədər "Azərbaycan" jurnalını oxumamışam. Çünki kənardan dizaynı o qədər itici gəlir ki, içərisinə baxmağa həvəsim olmayıb. Ümumiyyətlə, AYB-nin jurnalının çoxu belədir. Məsələn, sənət dərgisi "Qobustan" jurnalı ağ-qara çap olunur. Halbuki daha yüksək səviyyədə çap olunmalıdır ki, buna da AYB-nin büdcəsi imkan verir. Dəyişikliklərdən sonra hələ ki, ancaq "Ulduz" jurnalında irəliləyiş hiss olunur. Sadəcə Qulu Ağsəsdən xahiş edirəm ki, yaxşı art-dan başı çıxan dizayner işə cəlb eləsin. Konkret "Azərbaycan" jurnalı isə radikal dəyişilik etməlidir".
"Azərbaycan" 7-1 hesabı ilə məğlub olacaq”.
Aqşin Evrən : “Hesab etmirəm ki, burda "Kurtlar vadisi" əməliyyatları təşkil olunub kimisə sıradan çıxarmaq missiyası qurulsun. Məncə, 25 nəfər kifayət qədər çoxdur. 25 nəfərlə Almaniya dünya çempionu oldu. Bəs niyə bizim "Azərbaycan"ımız çiçəklənmir? Ciddi mətnlər axtarmaq lazımdır. İlk növbədə yüksək qonorar sistemi ilə əməkdaşlıq bahasına olsa belə ciddi, kefiyyətli mətnlər tapıb jurnalın imicini qaldırmaq lazımdır. Ondan sonra yavaş-yavaş yeni işartı olan imzaları yer vermək olar. Belə ağıl vermək kimi çıxmasıne, jurnalın rəhbərliyindəki insanlar bizdən təcrübəlidir, nə etdiklərini bizdən öyrənəsi deyillər. Amma nəyisə dəyişmək lazımdır. Azərbaycan o qədər balacadır ki, nəyinki onun özündə, hətta jurnalında da gizli əməliyyatların keçirildiyini düşünmürəm. Əgər varsa, "Azərbaycan" da 7-1 hesabı ilə məğlub olacaq”.
“Əsəd Cahangirdən sonra heç bir dəyişiklik olmadı”
Rövşən Danyeri: “ “Azərbaycan” jurnalının jurnal estetikasından xəbəri yoxdur. İlk baxışdan ortabab yazıçının kitabını xatırladır. Orda qızıldan qiymətli sözlər də yazılsa (hansıki yazılmır) “Azərbaycan”ı heç kim oxumayacaq. Çünki dizayn demək olar ki, kustar üsulla aparılır. Ən çox arqument gətirilir ki, jurnala ciddi müəlliflər yazı göndərmir. Məncə bu bəhanə yox, əksinə özünütənqiddir. Çünki bir jurnaldan ciddi müəlliflərin imtina etməsi birbaşa rəhbərliyin günahıdır. Düzü Əsəd Cahangirin baş redaktorun müavini təyin edildikdən sonra düşünürdüm ki, burada irəliləyişlər olacaq. Ancaq görünən odur ki, hələki xüsusi bir dəyişiklik yoxdur”.
“Jurnalın işinə gənclər daha çox cəlb olunmalıdır”
Elşad Ərşadoğlu : “Mən düşünmürəm ki, "Azərbaycan" jurnalının ətrafında hansısa müharibə filan gedir. Və jurnalın o qədər acınacaqlı vəziyyətdə olduğunu da hesab etmirəm. Sadəcə, yenilənməyə həmişə ehtiyac var. Qaldı ki, Əsəd Cahangirin jurnala baş redaktor müavini təyin edilməsinə, Ə.Cahangir olduqca yüksək biliyə və intellektə sahib olan bir qələm adamıdır. Eyni zamanda da kifayət qədər yeni, müasir düşüncə sahibidir. Ancaq mənə elə gəlir ki, jurnalda Ə.Cahangir kimi müasir düşüncə sahibləri yetərincə deyil, problem də ondadır. Məncə, jurnalın işinə gənclər daha çox cəlb olunmalıdır” .
“İntiqam Qasımzadə istefa verəcək”
Faiq Hüseynbəyli: “Bu sualın cavabını Əsəd Cahangir tənqidi vicdanına söykənib daha dolğun cavablandırar məncə. Mən biləni, "Azərbaycan" jurnalının poeziya bölməsinin rəhbəri Qəşəm Nəcəfzadədi. Bir iki il bundan öncə təqdim etdiyim şeirlərin işıq üzü görməməsi hələ də məni pərişan edir. Qəşəm müəllim şeirləri baş redaktora təqdim etdiyini deyir. Amma mənə elə gəlir ki, bu söz söhbətlərin nəticəsi kimi İntiqam Qasımzadəni də Ayaz Vəfalının aqibəti gözləyir. Təftiş komissiyası qurulacaq və yoxlamalar başlanacaq. Sonda, İntiqam Qasımzadə səhhəti ilə əlaqəli istefa ərizəsi yazacaq. Bununla da AYB yeni kadr dəyişikliyinə imza atacaq. Daha, postun yenilənməsi üçün kiminsə vəfatını gözləməyə ehtiyac qalmayacaq”.
“Anarı düşmən saymıram”
Saday Şəkərli: “Qanmazlar əlində qalmışıq, vallah. Jurnala dəyərli əsər gətirən və çap olunmayan kimsənin şikayət etdiyini görmüsüzmü? Bəyəm redaktor kiminsə əvəzində şeir, poema, roman yazmalıdır? Gülməli söhbətdi, Anara nə qədər nifrətim olsa da, onu özümə düşmən saymıram, nəinki Anarı, bir bədii misra yazan hər kəsi doğmam sanıram, hətta Rəşad Məcid haqqında kooperativ düşüncəli adamdır deyə yazıblarsa, xətrimə dəyir, hər qələm sahibinin təəssübünü, eləcə də dünya mətbuatında rüsvay edilən vətənimin, millətimin təəssübünü çəkməkdəyəm, xəcalətlə birgə. Jurnalda işləyən 25 nəfərin günahkarı Anardır, onu təkbaşına çıxardaram, yüz dəfə səviyyəli, olmaz belə, yazıçı da haqqı tapdalayırsa, vay millətin halına...”
“Bunlar anti-ədəbiyyat adamlarıdır”
Əsəd Qaraqaplan: “Bunlardan nə desən çıxar, bircə ədəbiyyat adına iş görməkdən, ciddi bir şeylər ortaya qoymaqdan başqa. Aydın məsələlərdi bunlar. Bu adamlar nəinki ədəbiyyat, hətta anti-ədəbiyyat adamlarıdı”.
İstedadlı şairlərin əl-ələ verməsi lazımdır
Məhsəti Musa : “Açığı məhz baş redaktor vəzifəsi uğrunda gedən "müharibə" söhbətinə görə bu məsələyə heç qarışmaq istəməzdim. Mən bir az kənardayam və əsl həqiqəti görməyə bilərəm. Amma ümumilikdə jurnal ətrafında yaranan söz-söhbətlərə nəzər salanda Cəlil Cavanşirin bir fikriylə razılaşdım ki, həqiqətən, əvvəllər hələ mənim anadan olmadığım vaxtlarda da bir çox evlərdə "Azərbaycan" jurnalının demək olar əksər nömrələri olurdu. O cümlədən Ağcabədi rayonunda yaşayan valideynlərimin də şəxsi kitabxanasındakı o jurnalları mən çox illər sonra oxuyurdum. Bu günə qədər qalanları da var. Bu gün isə həmin jurnalın yeni nömrələrini axtarsaq az sayda evlərdə tapa bilərik. Amma gəlin məsələyə birtərəfli yanaşmayaq. Bəyəm, başqa jurnalların alıcıları boy-boya düzülüb ? Əsas problemlərdən biri oxucu problemidir. Oxucunu isə bəli, mətbuat amma eyni zamanda müəlliflər özü yetişdirməlidir. Əziyyət çəkməlidirlər. Qoy elə dərdim təzələnmişkən deyim. Məsələn, mən rayonda yaşadığım üçün buradakı oxucuların zövqünü dəyişmək, məhz vəzifəsi olub istedadı olmayanları, yalançı istedaları, “mələk”, “fələk”, “külək” qafiyələrində ilişib qalanları sıxışdırmaq, oxucunu yeni ədəbiyyatla, düzgün tənqidlə, düzgün seçimlə tanış etmək xatirinə burada bir kitabxana yaratmaq fikrinə düşdüm.(Və inşallah yaxın zamanlarda bu işi başa çatdıracam ). Yazar və şair dostlara müraciət etdim. Nəticə necə oldu ? Ədəbiyyatdan ağız dolusu danışanların əksəriyyəti bircə kitabını məhz o oxucuların xətrinə Ağcabədiyə göndərmədi. Düzdür, göndərənlər də çox oldu və hamısına minnətdaram. Başqa müəlliflərin xeyli sayda kitabını da göndərdiyinə görə isə Rəşad Məcidə və Xəyal Rzaya xüsusi minnətdaram. Amma sırf “Azərbaycan”jurnalından danışmaq mənim işim deyil, çünki, bu problem digər dərgilərdə də var və belə problemlər qaldıqca alıcı, oxucu qıtlığı da hiss olunacaq, söz-söhbət də olacaq. Nə qədər ki vəzifəli şəxslərimiz hamısı şair, yazar olmaq istəyəcək və mətbuat da onlara yer verəcək, bu söhbətlər də davam edəcək ). O ki qaldı son vaxtlar oxuduğum müsahibələrdəki, bu mövzuda olan məqalələrdəki əyalət yazarı, əyalət şairi söhbətlərinə, bu da tam yanlış fikirdir.Belə deyə bilərlər ki, istedadsız şairlərin şeirləri çap olunur. Bunu hər birimiz görə bilərik. Amma bu şəhərlilərin bütün əyalət yazarlarına olan yekəxana münasibətini heç cür qəbul edə bilmirəm. Şəxsən mən son günlər həmin şəhər yazarlarının da əyalət yazarlarının da əsərlərini oxumağa çox vaxt ayırıram və şəhərdəkilərin güclü reklam olunan əsərləri var ki, oxuyub qurtarandan sonra özümə bircə sual vermişəm : Hə, nə olsun ? Amma əyalət yazarlarından da oxuduqlarım oldu və düşündüm ki, uzaqda qaldığı üçün heyf bu istedada... Bir sözlə, təkcə “Azərbaycan” jurnalının tənqidi ilə nə isə etmək olmaz. Ədəbiyyat üçün əslində çox gözəl işlər görmək olar və bunun üçün də istedadlı şairlərin əl-ələ verməsi lazımdır. Siyasi mövqelərini, şəxsi qərəzliliklərini kənara atmaq şərtiylə”.
Vəzifə üçün çalışırlar
Xəyalə Sevil “Biri var iş üçün çalışmaq, bir də var işdəki vəzifə üçün. Görünür bir çoxları vəzifə üçün çalışır, bu da “Azərbaycan” jurnalının zəifləməsinə gətirib çıxarır”.
AzVision.az