Ağ Evin aparatına qadın rəhbərlik edəcək

      Ağ Evin aparatına qadın rəhbərlik edəcək
  08 Noyabr 2024    Oxunub:373
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öz seçki kampaniyasının meneceri Süzan Uaylsın Ağ Evin aparat rəhbəri vəzifəsini icra edəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, “CNN” telekanalı belə məlumat yayıb və bununla da ABŞ tarixində ilk dəfə Ağ Evin rəhbəri vəzifəsi zəif cinsin təmsilçisinə həvalə olunacaq.

"Süzi Uayls mənə indicə Amerika tarixində ən böyük siyasi qələbələrdən birini qazanmağıma kömək etdi və mənim uğurlu 2016 və 2020 kampaniyalarımda yaxından iştirak edib. Süzi sərt, ağıllı, yenilikçi və hər kəs tərəfindən bəyənilən və hörmət edilən şəxsdir. O, Amerikanı yenidən möhtəşəm etmək üçün yorulmadan işləməyə davam edəcək”, - Donald Tramp paylaşıdğı bəyanatda bildirib.

Seçkilər gecəsi Tramp qələbə nitqində Uaylsın adını da çəkib, halbuki Süzinin özü “Palm-Beach” Konqres Mərkəzində toplaşan seçicilərə müraciət etmək istəməyib. “CNN” qeyd edir ki, Süzan Uaylsın kölgədə qalmağa hazır olması Trampın və müttəfiqlərinin ona rəğbətini artırıb.

Telekanalın məlumatına görə, Süzan Uayls Ağ Ev aparatının rəhbəri vəzifəsinə razılıq verməzdən əvvəl Trampa bir sıra şərtlər irəli sürüb. Onların arasında əsas olanlardan biri Oval kabinetdə prezidentlə kimin əlaqə saxlaya biləcəyinə nəzarətin gücləndirilməsidir. Trampın ilk prezidentliyi dövründə onun aparat rəhbərləri bir qrup qeyri-rəsmi məsləhətçinin, ailə üzvlərinin, dostlarının və digər kənar şəxslərin onunla görüşmək üçün Ağ Evə girişinə mane olmaq üçün mübarizə aparıblar.

Qeyd edək ki, Floridadan olan veteran siyasətçi Süzan Uayls Trampın ən qədim məsləhətçilərindən biridir. Müşahidəçilər onun Trampın indiyədək ən mürəkkəb və intizamlı kampaniyasına rəhbərlik etdiyini deyirlər.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. “CNN” son məlumatlara görə, Donald Tramp Seçicilər Kollegiyası üzvlərinin 295-nin, Kamala Harrisin isə 226-nın səsini toplayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Uayls   AğEv   rəhbər  





Xəbər lenti