"Geyqurşağı" Missiyası - LGBT müdafiəçiləri Azərbaycana niyə gəlib?
Bu missiyalar hansısa namizədin və ya siyasi partiyanın maraqları prizmaszından çıxış etməməli, bütün hallara bitərəf mövqedən yanaşmalı, qiymətləndirmə zamanı konkret faktları nəzərə almalıdırlar. Təəssüf ki, bütün cəmiyyətlərə məhz özünün “dəyər”lərini qəbul etdirməyə çalışan bəzi qurumların əksər hallarda seçkilərin izlənilməsi və onların nəticələrinin qiymətləndirilməsi üçün göndərdikləri missiyalar qərəzli mövqe sərgiləyirlər. Son vaxtlar ATƏT-in də bir sıra ölkələrə bu cür yanaşması xoşagəlməz ənənəyə çevrilib. Hələ bu ilin fevralında ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinə ATƏT tərəfindən müşahidəçi kimi göndərilən LGBT fəalları özlərinin pərdəarxası ağalarının xüsusi tapşırıqlarını yerinə yetirməklə məşğul olmağa çalışırdılar.
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə də ATƏT-in çox müəmmalı şəkildə LGBT təmsilçilərindən ibarət “müşahidəçi” komandası göndərməsi ciddi suallar və şübhələr doğurur.
Son bir neçə onillikdə Qərbin “LGBT+İQ”, “NOwar” “Noracism” və bu kimi şüarlar pərdəsi altında ənənəvi dəyərlərin hökm sürdüyü ölkələrdə kosmopolit cəmiyyətlər formalaşdırmaq və ailə institutunu dağıtmaq cəhdləri hamıya yaxşı bəllidir. Bu mənada rəngli bayraqlarla “silahlanmış” müşahidəçilər missiyalarının işi Qərbin maraqlarının reallaşdırılmasına yönəlib.
Göyqurşağı rəngli bayrağın havadarların əlində iyrənc siyasi alətə çevrilən azərbaycanlı LGBT üzvləri, “feministlər” isə Qərbdən aldıqları ianələr qarşılığında təşkil etdikləri aksiyalarda öz ölkələrinin əleyhinə pankartlar açır, özlərini “siyasi fəal”, “vətəndaş hüquqlarının müdafiəçisi”, “fədai” və s. kimi cəmiyyətə sırımağa çalışırlar.
Maraqlıdır ki, ATƏT-in özünün də müvafiq bəyanatlarında göndərdiyi müşahidəçilərin əsl missiyasının təhdid, şantaj, hədə-qorxu kimi öhdəlikləri olmadığı vurğulanır. Amma bu “müşahidə”çilər Azərbaycana gələr-gəlməz qrafomanlıqla məşğul olmağa başlayıblar. Bəzi məlumatlara görə, hələ 3 gün sonra keçiriləcək parlamnet seçkilərinin nəticələri və qiymətləndirilməsi ilə bağlı ATƏT-in müşahidə missiyasının hesabatı indidən hazırdır.
Həmin sənədə əsasən, bizim cəmiyyətdə LGBT və feministlərə qarşı “dözümsüzlük” və onlara ciddi “təzyiq”lərin göstərildiyinə dair “fakt”lar yerləşdirilib.
Yeri gəlmişkən, bəndeyi-həqiriniz artıq bir neçə dəfə əvvəlki seçkilər zamanı ATƏT DTİHB-nin belə “hesabat”ları ilə üzləşib. Ən maraqlısı isə budur ki, 5 il fərqlə keçirilən seçkilərdə guya yol verilən pozuntuları əks etdirən rəqəmlər həmin “hesabatlar”da dəyişməz qalırdı. Bəli, Qərbdəki qurumlar heç olmasa inandırıcı görünməsi üçün həmin sənədlərdə rəqəmləri dəyişməyə belə lüzum görmürlər.
ATƏT DTİHB-si LGBT-ni təmsil etməyən namizədlərsiz parlament seçkilərini nonsens saymaqla yanaşı, onların parlamentə düşməsinə şərait yaradılmadığını böyük qəbahət kimi qiymətləndirir. Qurumun Aleksandra Tsein və Ann Merril kimi LGBT müdafiəçiləri məhz bu baxımdan təzyiq göstərsinlər deyə Azərbaycana göndəriliblər. “Missioner”lərin sosial şəbəkədəki paylaşımları belə, hansı fəaliyyətlə məşğul olduqlarına aydınlıq gətirir.
Sadalanan məqamlar bir daha sübut edir ki, LGBT dəstəkçiləri Azərbaycana əslində seçkilər prosesində müşahidəçi kimi yox, tam başqa məqsədlər üçün göndəriliblər.
Sahil İsgəndərov, politoloq
AzVision.az
Teqlər: MM seçkilər müşahidəçilər