Tunc mələk haqqında ballada

Tunc mələk haqqında ballada
  17 İyul 2014    Oxunub:2998
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist

Söz də insan kimidi, - görən gözü, eşidən qulağı, danışan dili, yeriyən ayağı var...

Zamanı sındıran, zamana zor gələn, onun dizini qatlayıb, kürəyini yerə vuran yeganə ilahi qüdrət də Sözdü...

Nə zaman tanıyar, nə də məkan...

Məkanın, zamanın tanınmadığı yerdə Sözün qüdrəti də Söz sahibindən gələr...


Mən Tolstoyla, Dostoyevski ilə, Kamyu, Yesenin, Kafka, Pasternak, Platonov, Kutze, Nahib Məhfuz, nə bilim daha kimlərlə yol yoldaşı olmuş adamam. Aramızda duz-çörək Halallığı var...

Bu Halallıq dünyanını hər yerində tanınan ilahi Söz kimi qüdrətlidi, ilahi Söz kimi toxunulmazdı...

Bu Halallıq zaman-zaman məni neçə-neçə dostlarımdan ayrı salan, onları məndən, məni də onlardan küsdürən ən qəddar, ən amansız düşmənimdi...

Mənə neçə-neçə arxa-dayaq, qardaş bəxş edən, təkliyimi, tənhalığımı unutduran, gündüzlər Günəşim, gecələr Ayım, Ulduzum olanım da elə bu Hallallıqdı...

Səsini eşitmədiyin, üzünü görmədiyin, hətta çox vaxt dili, dini ayrı adamlarla səni yüz verst, min verst uzaqlardan elə doğmalaşdırır, elə yaxınlaşdırır ki, əsl Dostluğun, əsl Qardaşlığın, əsl İnsanlığın nuruna bələnirsən; əsl Dostluğun, əsl Qardaşlığın, əsl İnsanlığın nurundan doğulursan...

Dünyaya əsl Sözdən gəlirsən...

Həyatın kin-küdurət, nifrət-qəzəb dolu bütün xırdalıqlarını, insanların riyakarlığını, ikiüzlüyünü, xainliyini, xüdbinliyini büsbütün unudursan...

Sümsük it kimi Sözün arxasınca sülənən, Sözü çörək ağacına çevirən, onun-bunun böyür başında quyruq bulaya-bulaya ancaq yetərsay üçün qanqallanan adamlar heç ağlına belə gəlmir...

Bu, əsl Sözün möcüzəsidi...

Dünyanın ən böyük möcüzəsidi əsl Söz...

Ömrünün ən ağır, ən çətin məqamlarında Ona İman gətirənlər öz inanclarının aliliyi, möhtəşəmliyi qarşısında südəmər körpəyə çevrilirlər...

Bu İnanc öz qarşısında diz çökmüş insanı ayağa qaldırır, yenidən həyatın işığına – Günəşinə, Ayına, Ulduzuna tanıdır; O böyük Yaradanla, o böyük Yaradanın ən ali möcüzəsilə - Haqqla, Ədalətlə, Sözlə görüşdürür...

İnsanı Haqqa, Ədalətə, Sözə inandırır...

İnsanı Haqqa, Ədalətə, Sözə inandıra-inandıra Haqqa, Ədalətə, Sözə tapındırır...

Bundan böyük möcüzə, bundan böyük Həqiqət varmı...

Bu yazdıqlarımın hamısı həyatda bir dəfə də olsun üzünü görmədiyim, səsini eşitmədiyim, ancaq bəlkə də indicə, bu saat, bu an dünyanın ən sakit guşəsinə qapılıb öz obrazını uca dağ kimi, sal qaya kimi öz əlilə yonan Tunc Mələk haqqındadı...

Mən öz emosiyalarımın diqtəsinə inanıram...

İnanmayanlar Sözümün səmimiliyinə güvənə bilərlər. Boğazdan yuxarı danışmaqla, nəyinsə xatirinə kimlərəsə yarınmaqla zərrə-zərrə xırdalanmaq sonradan elə asanlıqla adi həyat normasına, adətə çevrilir ki, özünü Kafkanın soxulcana dönmüş bədbəxt qəhrəmanından da betər hiss edirsən...

O üzdən hər şeyə riyakar bir şübhəylə yanaşmağı öz həyat prinsipinə çevirənləri yeni bir məkana – yazıçı Vahid MƏMMƏDLİnin adidən-adi, sadədən-sadə dünyasına dəvət edirəm...

Onu çox ölkələrdə, Rusiyada, İngiltərədə, Türkiyədə, Fransada, Avstriyada, Almaniyada, Çexiyada, Yunanıstanda, Hindistanda, Misirdə... yaxşı tanıyırlar...

Siz də tanıyın...

Bu tanışlıq yaddaşınızda qatarların aramsız taqqıltısına, fit səsinə bələnmiş yollarla (“Mən qatarları sevirəm”), adi bir dağ kəndinin qırmızı böyürtikənlərilə (“Qırmızı böyürtikən”), həyatın əsl simasının kətan üzərindəki əksilə (“Mavi rəngli kostyum”), yad bir şəhərdə “Pakizə!!! Pakizə!!!” deyə fəryad qoparan Qarabala ilə (“Milanda ölüm”) .... qalacaq.

Onun qələm məhsulları - “Atropatena dastanı”, “Cəllad tələsməyi sevmir”, “Fransız xanımın yuxusu”, “Buddanın qayıdışı”, “Bakı – 2031”, “Müqəddəs Məryəm ananın Efesə köç etməsi”, “Heksogenli yol yoldaşı”, “Eksmo”... bütün bunlar həyatınıza yeni rəng qatacaq, Sizi indiyədək tanımadıgınız, görmədiyiniz yeni bir dünya ilə tanış edəcək.

Vahid Məmmədlinin hər yeni əsəri onun bədii təxəyyülünün genişliyindən, xarakterinin zənginliyindən, bir sözlə, tükənməz yaradıcılıq axtarışlarından, fədakarlığından xəbər verir.

O, hər bir əsərilə fərqlənir...

O, hər bir əsərilə fərqli bir ömür yaşayır...

O, hər bir əsərilə yadda qalır...

Çünki o, hər bir əsərilə əsl novotordur, yenilikçidir...

Elə təkcə “Atropatena dastanı”nı oxuyanlar bunu məndən də yaxşı bilirlər. İnandırıcı magiyalarla, yeni fantastika və nağıl qəhrəmanları ilə, məcara, detektiv, döyüş və məhəbbət səhnələrilə tariximizin Albaniya və Atropatena kimi qədim dövrünə güzgü tutmaq, samballı bir epos, trilogiya yaratmaq əsl yazıçı qəhrəmanlığı deyilsə, bəs nədir. Çağdaş ədəbiyyatımızda fentezi janrının tələblərinə cavab verən belə bir əsərə müəlliflik edən ikinci bir qələm sahibi tapmaq çox çətindir...

Bu əsərlərin böyüklüyü, oxunaqlığı onların sadəliyindədi. Hadisələrin səmimi və inandırıcı nəqli, real həyatı olduğu kimi, bəzəksiz-düzəksiz ağ varaqların üzərində əks etdirir. Süni manevrlər, yalançı söz oyunu, hadisələri nəyinsə xatirinə saqqız kimi çeynəyə-çeynəyə uzatmaq, nəhayət, oxucuya özünü agıllı göstərmək yazıçıya yaddı. Çünki oxucu ona doğmadı. Bu mənada sözün gücü-qüdrəti də məhz söz sahibinin özündən gəlir...

Qarşılıqlı səmimiyyətin, etibarlı ünsiyyətin əsl meyarı Vahid Məmmədlinin oxucuya dərin hörmətindən qaynaqlanır. Bu zaman o, sanki mərmər üzərində öz qəhrəmanlarının çılğın obrazını, onların daxili dünyasını, hiss və həyacanını yonan fədakar heykəltaraş obrazında çıxış edir. Və öz işinə o qədər dərindən aludə olur ki, oxucularının bunu necə qarşılayacağını yadına belə salmır. Elə əsl əsərlər də məhz belə yaranır. Elə yazıçının özgürlüyü, fərqliliyi də məhz bundadır...

O öz oxucusuna İnam, Dözüm, Səbr, Sədaqət, Mərdlik kimi ali insani keyfiyyətləri aşılayır, ən çətin vəziyyətdə çıxış yolu göstərir və bütün məqamlarda öz məqsədinə ustalıqla nail olur...

Əsərlərinin nüvəsindəki həyatilik o qədər səmimi, o qədər inandırıcıdır ki, oxucunu istər-istəməz düşünməyə vadar edir, həyatın dərinliklərinə aparır.

Postmodernist, sürrealist süjetlər də adı çəkilən müəllifə yad deyil. Onun dərin analitik düşüncə tərzi, xidməti işilə yaradıcılığı arasında etibarlı bir körpü rolunu oynayır. Bu körpüyə qədəm basanlar öz qarşılarında həm istedadlı bir yazıçı, həm də ehtiraslı bir fırça ustasını görürlər.

...Siz onun yanından ilk dəfə bəlkə də etinasız, soyuq tərzdə keçib gedirsiniz. Amma sonradan Vahid Məmmədli imzası ilə yaxından tanış olanda, üz-üzə dayandığınız sənət əsərindəki öz obrazınızı görər-görməz yenidən ehtirasla o körpüyə qədəm basmaq istəyirsiniz...

Yenidən Vahid Məmmədli ilə üz-üzə gəlmək, Vahid Məmmədli ilə görüşmək üçün...


Teqlər:





Xəbər lenti