İlham Əliyevə qarşı 2,4 milyon dollar və ABŞ səfirliyində məxfi görüşlər - ARAŞDIRMA
Bəlkə Azərbaycan hökuməti Fars körfəzi ölkələrindən fərqli olaraq daha az səmimidir və Vaşinqtonla əməkdaşlığa könülsüz gedib? Bəlkə Azərbaycan təhlükəsizlik, energetika və hərbi əməkdaşlıq sahəsindəki öhdəliklərinin hansınısa bu illər ərzində bircə dəfə də olsa pozub?
Görünən budur ki, nə İlham Əliyev, nə də ümumən Azərbaycan hökuməti Vaşinqtona müttəfiqlik münasibətlərini nəzərdən keçirmək üçün heç bir əsas və bəhanə verməyiblər. Onda sual doğur: bəs onda ABŞ anti-Əliyev cəbhəsini gücləndirmək üçün niyə dayanmadan cəhdlər göstərir, öz siyasi müttəfiqinin sabit və möhkəm mövqelərini laxlatmağa çalışır?
Buradan təbii olaraq belə bir obyektiv nəticə çıxır: Vaşinqton Əliyev hakimiyyətinin möhkəmlənməsində əsla maraqlı deyil, ona görə də hazırkı hökumətin mövqelərinin zəiflədilməsinə nail olmaq üçün hər yola əl atır.
Anti-Əliyev cəbhəsinin gücləndirilməsi üçün böyük səylər göstərən ABŞ-ın motivi və marağı nədən ibarət ola bilər?
Vaşinqtonun bu addımları atmağa sövq edən motiv iki səbəblə izah oluna bilər:
1) ABŞ İlham Əliyevin müstəqil siyasət yürütməsindən narazıdır. Əliyevin balanslı xarici siyasət doktrinası Ağ Evi qane etmir deyə ABŞ vətəndaş cəmiyyətini və müxalifəti gücləndirmək yolu ilə Azərbaycan hakimiyyətinə siyasi təzyiq rıçaqlarını gücləndirməyə çalışır;
2) Azərbaycanda hakimiyyət başında İlham Əliyev kimi güclü və xarizmatik siyasətçinin olması ABŞ-ı qane etmir. Ona görə də Vaşinqton 2005-ci ilin oktyabrında olduğu kimi yenə də ölkədəki daxili siyasi vəziyyəti gərginləşdirmək, idarəolunan xaos mühiti yaratmaq və hakimiyyəti dəyişmək üçün şərait yaratmaq üçün imkanlar axtarır.
İlham Əliyevə qarşı radikal və barışmaz mübarizə platformasında dayanan mülki cəmiyyət təsisatlarının gücləndirilməsi üçün on milyonlarla dollar vəsait ayrılmasını izah edəcək üçüncü versiya yoxdur və ola da bilməz. Özü də burada söhbət ABŞ hökumətinə yaxın mənbələrdən verilən nəhəng məbləğlərdən gedir.
Müxalifətçilərə axıdılan milyonlar
Əgər ianə, maliyyə layihələri və qrantların böyük əksəriyyəti əvvəllər Respublikaçılar İnstitutu və ya Milli Demokratiya İnstitutu (MDİ) sayaq hökumətə yaxın fondlar vasitəsilə verilirdisə, Vaşinqton indi bu nəcabət maskasını da çıxarıb ataraq Azərbaycan müxalifətini və qeyri-hökumət təşkilatlarını ABŞ-ın əsas hökumət agentliyi olan USAİD (ABŞ hökumətinin Beynəlxalq İnkişaf Agentliyi) vasitəsilə maliyyələşdirməyə başlayıb. Özü də açıq-aşkar...
Ötən araşdırmalarımızın birində də hesabladığımız kimi, Azərbaycanın müxalifətçi QHT-ləri İlham Əliyevin hakimiyyət başında olduğu 10 il ərzində - 2003-2013-cü illərdə USAİD-in xətti ilə 4 milyon 233 min 706 dollar vəsait alıblar. Qeyd etdiyimiz kimi, bu pulların çoxu məhz son illərdə verilib.
Lakin Azərbaycanın müxalif QHT-lərinə axıdılan yeni maliyyə vəsaitləri ilə bağlı məlumatların təhlili göstərir ki, ABŞ hökuməti Azərbaycanla bağlı konsepsiyasını nəzərdən keçirməyə nəinki hazırlaşmır, hətta əksinə, müxalifətə göstərdiyi bu yardımları dəfələrlə artırmaq niyyətindədir. Özü də yeni maliyyə vəsaiti USAİD-in xətti ilə ayrılacaq.
ABŞ-ın yeni layihəsi
Yeni qrantlar məsələsinə keçməzdən əvvəl ABŞ-ın Azərbaycandakı yeni layihəsinə diqqət yetirək. Söhbət “Azərbaycan vətəndaşlarının siyasi proseslərə cəlb olunma səviyyəsinin artırılması” adlı layihənin həyata keçirilməsindən gedir.
Bu layihəni ABŞ Milli Demokratiya İnstitutu (MDİ) həyata keçirəcək. Bəli, yanlış eşitmədiniz. Azərbaycan hökumətinin MDİ-nin ölkəmizdəki nümayəndəliyinin açıq-aşkar pozucu fəaliyyətinin qarşısını vaxtında və qətiyyətlə almasına baxmayaraq ABŞ “rəngli inqilablar”ın bayraqdarı olan bu təşkilatın Bakıda dirçəldilməsinə görünür, hələ də möhkəm ümid bəsləyir. ABŞ gerçəkləşdirilməsi 2013-2015-ci illəri əhatə edəcək bu layihəyə 3,5 milyon dollar ayırıb.
ABŞ “azərbaycanlıların siyasi proseslərə cəlb olunması” deyəndə nəyi nəzərdə tutur? Söhbət doğrudanmı tənqidçilərin çoxdan “kabinet partiyası”siyahısına daxil etdiyi hakim Yeni Azərbaycan Partiyasının fəallaşdırılmasından gedir? Bəlkə amerikalılar məsuliyyət və mübarizənin bütün yükünü dövlət aparatının üzərinə qoymuş prezident tərəfdarlarının sıralarında passionarlıq və kreativliyin yetərincə olmamasından məyus olublar deyə YAP-ın özünü canlandırmaq və Əliyev tərəfdarlarını 2015-ci il parlament seçkiləri ərəfəsində fəallaşdırıb hərəkətə gətirmək qərarı veriblər?
Əlbəttə, biz bu qədər yersiz və mənasız suallar verəcək qədər sadəlövh deyilik. Amma məsələnin “vətəndaşların siyasi proseslərə cəlb olunması səviyyəsinin artırılması” şəklində qoyuluşunun özü bu haqda mühakimə yürüdərkən hər halda ədalətli və qərəzsiz olmağı tələb edir.
Amerikalılar Azərbaycanın bipolyar siyasi sistemindəki balans barədə çətin düşünələr. Çünki Vaşinqton “vətəndaşların siyasi proseslərə cəlb olunması”ndan danışırsa, deməli, “vətəndaşların hakimiyyətə qarşı çıxması”nı nəzərdə tutur.
Nümunə üçün uzağa getmək lazım deyil. 2012-ci ildə ABŞ Azərbaycan hakimiyyətinin “mövqeyinizi dəqiqləşdirin” (bu mövqe isə özünü müxalif qurumların davamlı şəkildə maliyyələşdirilməsində göstərirdi) məzmunlu tənqidlərinə cavab olaraq Azərbaycan Hüquqşünaslar Konfederasiyasına elə həmin bu USAİD-in xətti ilə 1,5 milyon dollar qrant ayırmışdı. Bu pul “Azərbaycan hüquq konsorsiumu” layihəsinin həyata keçirilməsinə verilmişdi.
Vaşinqtonun bu seçimi o zaman bizim siyasi bomondu silkələyib oyatdı. Çünki amerikalılar Azərbaycan Hüquqşünaslar Konfederasiyasına rəhbərlik edən iqtidaryönlü deputat Əli Hüseynli ilə müxalifətçi hüquqşünaslar İntiqam Əliyev, Rəşid Hacılı və digərləri arasındakı qrant uğrunda mübarizə ənənələrinə zidd olaraq üstünlüyü sonda hakimiyyətin nümayəndəsinə vermişdi.
Vaşinqtonun bu misilsiz qərarı qeyri-hökumət çevrələri tərəfindən sərt tənqidlərlə qarşılandı. Onlar ABŞ-ı tənqid atəşinə tutaraq demokratiyanı neftə qurban verməkdə ittiham edirdilər. Bu qərar eyni zamanda ABŞ-ı mütəmadi olaraq yalnız “rəngli qüvvələr”i maliyyələşdirməkdə ittiham edən əksər analitikləri, ekspertləri, hətta hakimiyyət nümayəndələrinin özlərini belə sual qarşısında qoydu.
Lakin USAİD bu il mayın 19-da bu layihənin maliyyələşdirilməsinin dayandırıldığını qəflətən bəyan etdi. Əli Hüseynli və onun konfederasiyası bunu belə izah etdilər ki, amerikalılar onlardan hakimiyyəti tənqid etməyi davamlı şəkildə tələb edirmişlər. Ə.Hüseynli isə bundan imtina edib. Nəticədə layihəni dayandırıb əməkdaşlığı kəsdilər.
Amerikalılar doğrudanmı elə düşünürlərmiş ki, Ə.Hüseynlini və onun təşkilatını milyon yarıma satın ala bilərlər? Bəlkə amerikalılar bu əməkdaşlığı deputatın Rusiya TV-sinə verdiyi müsahibədən sonra dayandırdılar?
Yada salaq ki, Ə.Hüseynli həmin müsahibəsində Rusiyanı açıq şəkildə müdafiə edərək ABŞ-ı, o cümlədən səfir Riçard Morninqstarı Azərbaycanda permanent “rəngli inqilab”ların təşkili cəhdlərində ittiham etmişdi.
Şübhəsiz ki, bunlar bizim versiyalardır. Sadəcə versiyalar... Yaxşı, bəs amerikalılar durub durduqları yerdə əməkdaşlığı niyə kəsdilər? Onlar MDİ-nin bağlanmasına baxmayaraq “vətəndaşları siyasi proseslərə cəlb etmək” layihəsini niyə davam etdirirlər? Söhbət “bu vətəndaşlar”dan getmirsə, onda ABŞ hansı “vətəndaşlar”ı nəzərdə tutur?
Bu suala sonra cavab verərik. İndiliksə bu suala aydınlıq gətirək: “Facebook inqilabı”nın müjdəçisi olan MDİ Azərbaycanda rəsmi qeydiyyatı olmaya-olmaya “etibarlı vətəndaşlar”ın (Əli Hüseynli və onun kimilərinin yox!) siyasi proseslərə cəlb olunması layihəsini maliyyələşdirməyi necə, hansı şəraitdə davam etdirmək niyyətindədir?
ABŞ rezidenti Aleks Qriqoryevs bu suala özünün son qalmaqallı müsahibəsində cavab verib.
Yadınıza salın, jurnalist A.Qriqoryevsdən soruşdu ki, MDİ-nin bank hesabları olmaya-olmaya siz azərbaycanlı tərəfdaşlarınıza pulu hansı hesabdan ödəyirsiniz. Qriqoryevs söz altda qalmadı və dərhal cavab verdi: “Mənim şəxsi bank hesabımdan”.
Yəni rezident pulu öz hesabından çıxararaq onu “facebook inqilabı işi”nə nağd şəkildə ödəyirmiş. Görünən budur ki, amerikalılar “soyuq müharibə” taktikasına qayıdırlar. O taktika da budur: qeyri-hökumət qurumlarını və müxalifəti toxunulmazlıq hüququ olan diplomatlar vasitəsilə nağd pulla maliyyələşdirmək.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın bir neçə il qabaq mənə dediklərini yaxşı xatırlayıram. Brayza deyirdi ki, amerikalılar Voytsex Yaruzelskinin hakimiyyəti dövründə Polşada da yalnız nağd pulla işləyirdilər.
“Şəxsən mən özüm Müqavimət Hərəkatı fəallarına xüsusi çamadanlarda dəfələrlə nağd pul vermişəm” - deyə 80-ci illərdə ABŞ-ın Varşavadakı səfirliyində işləmiş Brayza etiraf edirdi.
Əminliklə belə güman etmək olar ki, “vətəndaşların 3,5 milyon dollar müqabilində siyasətə fəal cəlb olunması” layihəsinin həyata keçirilməsi pulların konspirativ qaydada bölüşdürülməsinin “soyuq müharibə” dövründə sınaqdan keçirilmiş sxemi əsasında davam etdiriləcək.
Əli Hüseynlinin təşkilatının maliyyələşdirilməsi tarixçəsi isə istisna hal idi. Əslində amerikalıların səhlənkarlığının nəticəsi idi. Sonradan bu səhvlərini tələm-tələsik düzəltdilər.
Buna bir daha əmin olmaq üçün ABŞ-ın hökumət agentliyi olan USAİD-dən 20 milyon dollar vəsait almış təşkilat və şəxslərin siyahısına baxmaq kifayətdir. USAİD İlham Əliyevin hakimiyyətdə olduğu müddət ərzində Azərbaycanda müxalif KİV-lərin yaradılmasına və söz azadlığının inkişafına 20 milyon dollara yaxın pul ayırıb. Buyurub baxa bilərsiniz...
Bu siyahı, bu da hədəf...
“İnternews Network” təşkilatı “müstəqil KİV-in inkişafı” üzrə xüsusi layihə adı ilə 2000-2004-cü illər ərzində 2,5 milyon dollar alıb. Hərçənd ki, burada söhbət mətbuatın müstəqilliyindən yox, hökumət əleyhinə tənqidi platformanın genişləndirilməsindən gedirdi.
İREX təşkilatı isə 2004-2010-cu illərdə 5,7 milyon dollar almışdı. O, bu pulların çoxunu Azərbaycanda müxalif fikrin formalaşdırılmasına yönəltmişdi.
İREX 2007-2009-cu illərdə USAİD-dən əlavə olaraq daha 250 min dollar alıb. 2010-2014-cü illərdə isə İREX “yeni mətbuat orqanları”nın yaradılması adı ilə 6 milyon dollar alıb. Bu layihə 2014-cü ildə başa çatır. Onun nəticələri çox maraqlıdır: xaricdən maliyyələşən bu yeni mətbuat orqanlarının mütləq əksəriyyəti ya müxalifətçi, ya da müxalif əhval-ruhiyyəlidir. Unutmaq olmaz ki, burada söhbət hədəfi yalnız prezident İlham Əliyev olan xüsusi layihələrdən gedir!
Yeri gəlmişkən, İREX öz antiazərbaycan mövqeyini heç vaxt gizlətmir. Yeni mətbuat layihəsinin icrasını rumıniyalı Anjela Nikoaraya tapşırıblar. Azərbaycan hökumətinin qatı tənqidçisi olan xanım Nikoara həm İ.Əliyevi, həm də hökumətin daxili siyasətini tənqid atəşinə tutan çoxsaylı hesabatların müəllifidir.
Həmin hesabatlar ölkəmizə dərin nifrət hissi ilə yoğrulub. Bu da təsadüfi deyil. A.Nikoara ermənipərəst mövqeyini də dəfələrlə ortaya qoyaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsini tez-tez qaldıran biridir.
Bundan başqa, o, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlanan Rauf Mirqədirova hərtərəfli dəstək verməyi Vaşinqtondan şəxsən xahiş edib. Mirqədirov problemini beynəlxalq aləmdə və ABŞ-da Azərbaycana təzyiq aləti kimi “cücərdib böyütmək” ideyasının müəllifi də A.Nikoaradır. İREX Mirqədirovun müdafiəsi ilə bağlı beynəlxalq kampaniya aparmaq üçün xüsusi proqram işləyib hazırlayıb.
USAİD-in yeni xüsusi layihəsi
USAİD bu il mayın 21-də heç bir elan və anons vermədən, demək olar ki, gizli şəkildə “Azərbaycanda KİV-in dəstəklənməsinə dair fəaliyyət” adlı layihə ilə bağlı müsabiqə elan etdi.
Amerikalılar “KİV” deyəndə İlham Əliyevin ünvanına sərt tənqidləri nəzərdə tuturlar. Biz bunu Xədicə İsmayılova, Nüşabə Fətullayeva və “Regional təhqiqatçı jurnalistlər şəbəkəsi” vasitəsilə maliyyələşdirilən və həyata keçirilən kompromat dövriyyəsi üzrə digər “mütəxəssis”lərin fəaliyyətinin nümunəsində əyani şəkildə görmüşük.
Yeri gəlmişkən, bu layihənin Cənubi Qafqaz üzrə əlaqələndiricisi sosial şəbəkələrdə, ümumən virtual məkanda prezidentin və onun ailə üzvlərinin ünvanına hər gün təhqiramiz status və şərhlər yazan Xədicə İsmayılovadır. Amerikalılar da bunu bilir, dəstəkləyir və maliyyələşdirir...
Beləliklə, USAİD Əliyev əleyhinə yeni layihənin həyata keçirilməsinə nə az, nə çox - düz 2,4 milyon dollar ayırıb. Fikir verin, USAİD bu pulu məhz İREX-in oxşar layihəsi başa çatan gün ayırıb. Böyük ehtimalla bu pulu yenə İREX alacaq. Müsabiqə, elan və tenderlər isə gözə kül üfürmək, “şəffaf və təmiz fəaliyyət” görüntüsü yaratmaq üçündür.
Beləliklə, bu pullar İREX-ə çatacaq. Bəs İREX-də media layihələri ilə kim məşğuldur? Hüquqşünas Ələsgər Məmmədli.
Bu adam müxalif fikirlidir, hökuməti tez-tez tənqid edir. Onun nurçularla əlaqələrinə dair təkzibolunmaz dəlillər də var.
İndi də gəlin ABŞ-ın bu təşkilatının Azərbaycandakı ənənəvi fəaliyyətinə, onun himayə etdiyi çevrələrə nəzər salaq.
İREX-in tərəfdaşlarının siyahısı dəyişməz olaraq qalır. Söhbət İ.Əliyevin qatı əleyhdarlarından və tənqidçilərindən gedir. Onlar aşağıdakılardır: Rəşid Hacılı (Media Hüquqları İnstitutu), Mehman Əliyev (“Turan” agentliyi), Emin Hüseynov (Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu), Anar və Əziz Orucovlar (“Media Qafqaz” Tədqiqat Mərkəzi), Rəsul Cəfərov (İnsan Haqları Klubu) və s.
Şübhə yoxdur ki, 2,4 milyon dollarlıq yeni tranş bu dəfə də hökumətin əleyhdarları və tənqidçiləri arasında bölüşdürüləcək.
Bu təşkilatların həyat qabiliyyətini qoruyub saxlamaq amerikalılardan ötrü çox vacib məsələdir. Bunu anlamaq o qədərmi çətindir?
ABŞ səfirliyində məxfi görüş
ABŞ-ın anti-Əliyev KİV-lərin ömrünü daha bir neçə il uzatmalı olan yeni layihəsinə fərqli yanaşmalar meydana çıxandan dərhal sonra ABŞ səfirliyi bərk əl-ayağa düşdü. Səfirliyin məsul şəxsləri müxalifətçilərlə təcili qapalı görüşlər keçirməyə başladılar. Həmin görüşlərdə müxalifətçilərə hökumətə yaxın şəxslərlə və jurnalistlərlə hər cür təmaslardan qaçmaq, eləcə də ağızlarından yeni xüsusi layihədə iştiraklarına dair heç bir söz qaçırmamaq məsləhət görülürdü.
Amerikalılar Əli Hüseynli ilə bağlı qalmaqaldan sonra USAİD-in Azərbaycandakı yeni fəaliyyət strategiyası üzərində işləyirlər. Bu strategiya Vaşinqton üçün xüsusi hesabatlar hazırlayan və rəsmi qeydiyyatdan keçmiş amerikapərəst QHT-lərin mobil ofislərinin qorunub saxlanmasına nail olmaq üçün sistemli iş aparmağı nəzərdə tutur. Amerikalılar iqtidaryönlü QHT-lərlə işləməyin mənasız və səmərəsiz olmasına artıq əmin olublar. USAİD-ə hakimiyyətin xüsusi diqqətini cəlb etməmək təlimatı verilib. Çünki amerikalılar da başa düşürlər ki, 2013-cü ilin martından - A.Qriqoryevsin və MDİ-nin “facebook inqilabı” hazırlığı ifşa olunandan, NİDA əhvalatından, İlqar Məmmədovun REAL işindən, Qriqoryevsin “əlaqələndiricisi” Anar Məmmədlinin həbsindən sonra onların yeni QHT-ləri qeydiyyatdan keçirməsi elə də asan olmayacaq. Buna görə də onlar köhnə QHT-ləri qoruyub əldə saxlamaq xətti götürüblər.
Vaşinqton bu layihəyə böyük ümidlər bəsləyir. Çünki həmin layihə gələn ilin yayında Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunları, habelə 2015-ci il parlament seçkiləri ilə birbaşa bağlıdır. Amerikalılar həmin qızmar siyasi mövsümdə etirazçıların mövqeyini gücləndirməyə ümid edirlər.
ABŞ səfirliyi Azərbaycan hökumətinin bu layihəni qeydə almaqdan sadəcə imtina etməsindən ehtiyatlanır, ona görə də qeydiyyat prosesinə qədər açıq qarşıdurmaya girməkdən çəkinir.
Bundan əlavə, plana görə, qeydiyyat proseduru ərəfəsində Vaşinqtondan Bakıya xüsusi ekspert qrupu gəlməli, hökumət nümayəndələrini bu qrant layihəsini qeydə almağın vacibliyinə inandırmalıdır.
Olimpiada və parlament seçkiləri ərəfəsində (“Eurovision” ərəfəsində olduğu kimi) Əliyev hökumətini maksimum tənqid etmək kimi aydın bir məqsədi olan bu nəhəng layihənin koordinatoru müxalifətçi Ülvi İsmayıldır. Fəal sosial şəbəkə istifadəçisi olan Ü.İsmayıl hakimiyyətin ünvanına hər gün küfr və nifrin yağdırır. Lakin bu, USAİD-in keçmiş əməkdaşına ABŞ-ın xüsusi təşkilatlarında yüksək vəzifələrə dırmanmaqda əsla mane olmadı. Ülvi İsmayıl İREX-in Vaşinqton ofisi rəhbərinin müavini postunu tutdu. Yeni xüsusi layihəyə birbaşa o, kuratorluq edəcək.
Krallar hər şeyi bacarır
Amerikalıların heç vaxt üst-üstə düşməyən sözləri ilə əməllərində narahatlıq doğuran məqam budur ki, onlar bütün olub-bitənləri çox lovğa şəkildə və yekəxanalıqla izah etməyə çalışırlar. Hər şeyi öz adı ilə çağırası olsaq, bu, müttəfiqlik öhdəliklərinə xəbis və mənfur münasibətdən başqa bir şey deyil.
Onlar ümumbəşəri dəyərləri, insan haqları fəlsəfəsini və demokratiya ideallarını əldə bayraq edirlər. Məsələni elə təqdim edirlər ki, bu dəyərlər ABŞ xarici siyasətinin guya ayrılmaz tərkib hissəsi imiş. Bu fəlsəfə nəyə görəsə məhz xüsusi seçilmiş ölkələrə tətbiq olunur. Azərbaycan da ya anlaşılmazlıqdan, ya da Vaşinqton isteblişmentinin bir hissəsinin məsələyə qeyri-şüuri yanaşması üzündən bu siyahıya düşüb.
Sual yaranır: ABŞ-ın maraqlarından ötrü strateji əhəmiyyət daşıyan sahələrdə, daha dəqiq desək, energetika və təhlükəsizlik məsələləri sahələrində İlham Əliyevlə tərəfdaşlığı gücləndirib dərinləşdirməyin vacibliyi və müttəfiqlik öhdəliklərinin əhəmiyyəti barədə bəlağətlə danışa-danışa indiki hakimiyyəti devirməyi qarşısına maksimum vəzifə kimi (minimum vəzifə indiki iqtidarı gözdən salmaqdır) qoymuş şəxs və təşkilatları maliyyələşdirib gücləndirməyə nə ad vermək olar?
Vaşinqtonun buna özünəməxsus izahı var: Azərbaycanda güclü vətəndaş cəmiyyəti olmasa, bu ölkənin hökuməti ABŞ-la müttəfiqlik münasibətlərinin gələcəyi barədə guya dərindən və hərtərəfli düşünə bilməz.
Məsələyə ABŞ tərəfindən bu cür çox qəribə, deyərdim hətta saxtakar, satqıncasına bir yanaşma var. Bunun belə olduğunu ABŞ-ın Fars körfəsi ölkələrində az qala yarım əsrdir yeritdiyi siyasət də sübut edir.
Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və s. ölkələrdə bəyəm “vətəndaş cəmiyyəti” anlayışı var?
Digər tərəfdən, əgər həmin bu demokratik təsisatların dəstəklənməsi və müdafiəsi Vaşinqtonun xarici siyasətinin dorğudan da məhək daşıdırsa, onda niyə nə Ağ Ev, nə Dövlət Departamenti, nə USAİD, nə də İREX bu ərəb ölkələrindəki müxalifətçi QHT-ləri dəstəkləmək üçün əllərini ağdan qaraya vurmayıblar?
Prezident Barak Obama Səudiyyə Ərəbistanının despotik kralının əlini öpür. Bu, nəhəng dövlətin partlamağa hər an hazır olan həssas regiondakı maraqları ilə izah olunur.
Tutaq ki, belədir. Bəs onda ABŞ-ın digər təşkilatları, məsələn, elə həmin bu MDİ, yaxud NED Fondu Səudiyyə Ərəbistanı cəmiyyətinin liberallaşdırılması çağırışları ilə çıxış edən səudiyyəli liberal Raif Bədvinin müdafiəsi haqda niyə heç olmasa düşünmür, bu fikri nədən özlərinə yaxın belə buraxmırlar? Axı kral Abdulla R.Bədvinin elektron qəzetini elə demokratiyanın beşiyi olan ABŞ-ın prezidenti tərəfindən öpülmüş əlləri ilə bağlayıb, elə deyilmi?!
USAİD bu cəsur ərəb jurnalistini dəstəkləmək və ona fəxri mükafat vermək üçün doğrudanmı pul tapmadı?! Yoxsa ABŞ hökuməti öz ölkəsində internetə girişi tamamilə məhdudlaşdıran bu ərköyün kralın qəzəbli və köntöy reaksiyasından ehtiyatlanıb qorxdu? Bəs onda dəyərlər, demokratiya söhbətləri necə olsun? Bəs onda prinsiplər hara yoxa çıxdı? Bəlkə yerini deyəsiniz?
Kral Abdullanın hakimiyyəti dövrü “despotiya” termininin tam tətbiqinə imkan verir. Bu rejim Oksford və Kembric universitetlərinin divarları arasında yetişib çıxan “milli ziyalı sinfi”nin yaratmaq istədiyi vətəndaş cəmiyyəti ideyasını beşiyindəcə boğub.
Cəmi bir ilini həbsxanada keçirmiş Emin Milli sayaq hansısa əldəqayırma bloggerin şikayətinə o dəqiqə reaksiya verən Hillari Klinton ondan hüquqlarının müdafiəsini tələb edən yüz minlərlə ərəb qadının kütləvi müraciətlərinə nədənsə cavab vermir. Səudiyyəli qadınlara maşın sürmək də qadağan edilib. Əhalinin əksəriyyəti H.Klintona müraciət edərək ondan xahiş etdilər ki, kralın bu elementar hüququ onların əlindən almasına heç olmasa etirazını bildirsin, bu yasağı aradan qaldırmaqda yardımçı olsun.
Amma xanım Klinton zavallı səudiyyəli qadınlara heç quru cavab verməyi də özünə rəva bilmədi. Niyə? Kral Abdulla bin Əbdül Əzizi qəzəbləndirməkdən qorxdu.
Elə həmin bu Səudiyyə Ərəbistanında günahı yalnız və yalnız kralı Vaşinqtonla ittifaqa girdiyi üçün tənqid etməkdən ibarət olan şiə lideri Nimr əl-Nimri istintaqsız-məhkəməsiz güllələyəndə də çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatlarının tükü də tərpənmədi. Onlar görkəmli alimin alçaqsacına qətlə yetirilməsini görsələr də susdular.
Daha pisi odur ki, “The Foreign Policy” nəşrinin yazdığına görə, ər-Riyadda işləyən amerikalı diplomatlar hələ uzun müddət ona mat qalıblarmış ki, hakimiyyət Nimr əl-Nimri niyə daha əvvəl - bu alim monarxiyanın ünvanına tənqidlər səsləndirib şiələrin yaşadığı şərq vilayətlərinin ayrılmasına çağırış edəndən niyə dərhal sonra həbs etməmişdi...
Yaxud ABŞ-ın digər müttəfiqini - Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) götürək. BƏƏ-nin BMT Baş Assambleyasının insan haqlarına dair tövsiyələrinin heç birinə əməl etməməsi faktı ABŞ-a məlumdurmu? Axı “Freedom House” təşkilatının özü də BƏƏ-ni demokratiya əlamətlərinin yerli-dibli olmadığı ölkələr siyahısına daxil edib. Bəs onda USAİD BƏƏ Hüquq Müdafiə Təşkilatları Assosiasiyasına niyə yardım göstərmir? Orada yeni media layihələrinə niyə milyonlar ayırmır?
Amerikalı kahinlərin bundan xəbəri varmı ki, Yəməndə prezidentin tənqid edilməsi hətta “ərəb baharı”ndan sonra da qanunla qadağandır və rəsmən cinayət sayılır?
Amerikalılar bəs İordaniyada niyə belə passivdirlər? İordaniyanın yerli Xədicə İsmayılovasına - əfsanəvi təhqiqatçı-jurnalist Renaya niyə heç bir yardım göstərmirlər?
İordaniyanın Ümumölkə Həmkarlar Federasiyasına və Mazena Maayta niyə kömək etmirlər?
Bəs bəhreynli müxalifətçi Nabil Rəcəbə işgəncə veriləndə niyə susdular? Axı hətta “Amnesty İnternational” da bu ölkədə insan haqları ilə bağlı məsələyə görə həyəcan təbili çalır. Bəs ABŞ niyə susur?
Dövlət Departamentində oturan məmurların öz şerində “ərəb baharı”na sadəcə rəğbətlə yanaşan istedadlı qətərli şair Əcəminin bircə bu şerə görə 15 il həbs cəzasına məhkum edilməsindən xəbəri varmı? Amerikalı hüquq müdafiəçiləri Əcəminin həbsinə bilirsinizmi necə münasibət bildirmişdi?! Demişdilər ki, “görünür, bu işin siyasi çaları var”.
Siz hələ ifadələrə, yanaşmaya baxın: “görünür...”, “siyasi çalar...”
Cənablar, bəs sizin o odlu-alovlu, qəzəbli və ifşaedici nitq və çıxışlarınız hanı? Dinləmələriniz, Helsinki komissiyalarınız hanı?
Bu suallara mənim əvəzimə “Human Rights Watch” təşkilatının əməkdaşı, hüquq müdafiəçisi Nikolas MakGian cavab verir: “Beynəlxalq birlik, daha dəqiq desək, Qərb özünü Fars körfəzi ölkələrindəki vəziyyətlə bağlı çox laqeyd və tədbirli aparır. Ona görə də bu ölkələr insan haqları sahəsindəki kobud qanun pozuntularına görə cəzadan yayına bilirlər”.
Bu suallara mənim əvəzimə bəhreynli müxalifətçi Nabil Rəcəb cavab verir: “Beynəlxalq birlik, əsasən də amerikalılar bizim ölkəmizdə baş verənlərə göz yumublar. Çünki Bəhreyn, Fars körfəzi və Səudiyyə Ərəbistanı dünyanın Qərbə böyük təsir gücünə malik varlı bölgəsinə aiddir. Qərb müxtəlif ölkələrə müxtəlif cür yanaşır. Bu zaman həmin ölkələrin maliyyə vəziyyəti, neftinin olub-olmaması və ya onunla silah alveri edib-etməməsi kimi amillərə əsaslanır. Bu da Qərbə olan etimadı artırmır”.
Yaxşı, Vaşinqton Azərbaycan müxalifətinə ayırdığı çoxmilyonluq tranşlara indi necə izah verəcək? Bunu demokratik dəyərlər amili ilə izah edəcəkmi? Bunu ədalətli seçki ilə izah edəcəkmi? Bunu dəyişilməz prinsiplər amili ilə izah edəcəkmi?
Cənablar, siz axı şərqli despotların əlini öpürsünüz!
Özünü Obamanın bu gün bərk-bərk yapışıb lovğalandığı dəyərlərə qurban vermiş ABŞ prezidenti Avraam Linkolnun dedikləri öncəgörmə kimi düz çıxdı.
A.Linkoln deyirdi: “Yaxın gələcəkdə çox qorxulu bir dönüş baş verəcək. Korporasiyaların hakimiyyətə gəlməsinin ardınca satqınlıq dövrü başlayacaq və kapital demokratiya üzərində hökmranlıq edəcək. Kapital bütün milli sərvətlər bir qrup adamın əlində cəmləşənə qədər kütlənin ən incə instinktləri ilə oynayacaq. Ondan sonra demokratiya və bərabərliyə son qoyulacaq...”
Prezident öz ölkəsinin taleyini öncədən belə görürdü. Onu bu tarixi çıxışından bir neçə il sonra öldürdülər. Həmin dövrdən etibarən ABŞ-da prezidentləri çox tez-tez öldürməyə başladılar. Onları demokratiya naminə öldürürlər!!!
Eynulla Fətullayev / haqqin.az