“Bloomberg” Rusiyanın Ukraynaya yeni şərtlərini açıqlayıb

   “Bloomberg” Rusiyanın Ukraynaya yeni şərtlərini açıqlayıb
  16 Yanvar 2025    Oxunub:471
Rusiya Ukraynanı NATO-ya üzv olmayan və məhdud orduya malik neytral ölkə kimi görmək istəyir. Moskva Ukraynanın keçmiş ərazilərinin beşdə biri üzərində nəzarəti saxlamaq niyyətindədir, lakin mübadiləyə də açıqdır.
AzVision.az xəbər verir ki, mənbələrinə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Moskva ayrı-ayrı NATO üzvlərinin Ukraynaya təhlükəsizlik zəmanəti razılaşmaları əsasında silah tədarükünü davam etdirməsinə qarşı deyil. Lakin bu silahlardan Rusiyaya qarşı hücumlar və ya Kiyevin itirdiyi ərazilərin geri qaytarılması üçün istifadə olunmamlıdır.

“Moskva Ukraynanın təxminən 20% əraziləri - Krım, Sevastopol, Zaporojye, Xerson vilayətləri, “DXR” və “LXR” üzərində “ən azı de-fakto” nəzarəti saxlamaq niyyətindədir. Bununla belə, Kreml ərazilərin mübadiləsi barədə müzakirələr aparmağa açıqdır”, - agentlik qeyd edir.

Agentliyin həmsöhbətlərindən birinin iddiasına görə, Ukrayna və Rusiya Qətərdə nüvə obyektlərinin hücumlardan qorunma ilə bağlı məhdud danışıqlar aparır. Ukrayna mənbələri isə, yalnız əsirlərin dəyişdirilməsi və Ukraynadan aparılmış uşaqların geri qaytarılması ilə bağlı danışıqların davam etdiyini bildirib.

Mənbələrə istinad edən “Reuters” agentliyi ABŞ-nin gələcək prezidenti Donald Trampın 5 gündən sonra vəzifəsinin icrasına başlayacaq müşavirlərinin Ukraynanın ən azı “yaxın gələcəkdə NATO-ya üzv olmayacağını nəzərdə tutan həll variantına meylləndiklərini” vurğulayıb. Bu varianta əsasən, münaqişə tərəflərinin təmas xəttindəki hazırkı mövqeləri dondurulmalıdır.

Tramp komandası Ukraynaya ciddi təhlükəsizlik təminatlarının verilməsini, o cümlədən Avropa qoşunlarının patrul nəzarəti həyata keçirəcəyi demilitarizasiya zonasının yaradılmasını dəstəkləyir.

Yanvarın 12-də Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, ABŞ-nin gələcək prezidenti Rusiyanı Ukraynanın keçmiş ərazilərindən “çıxmaq” ideyasının real olmadığını qəbul edir.

Lakin Ukraynanın Xarici İşlər naziri Andrey Sbiqa ikitərəfli təhlükəsizlik zəmanətlərinin Ukraynanın NATO-ya üzvlüyünü əvəzləməyəcəyini, yalnız alyansa gedən yolda onu gücləndirmək üçün alət ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, NATO-ya üzvlük “Ukrayna üçün yeganə effektiv təminat” rolunu oynaya bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   şərtlər  





Xəbər lenti