Rusiyanın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

   Rusiyanın daha bir yüksək rütbəli hərbçisi öldürülüb
  20 Yanvar 2025    Oxunub:397
Rusiya Federasiyası Silahlı Qüvvələrinin 22-ci motoatıcı alayının komandir müavini, polkovnik-leytenant Yevgeni Tixanoviç öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, yüksək rütbəli hərbi məmur Kursk vilayətində gedən gəgin döyüşlər zamanı ölüb.

Mordviçevin ölüm xəbəri yayıldı: 3 həftəyə 5 general öldürülüb
Onun ölümü ilə bağlı yayılan məlumatları Rusiyanın ictimai səhifələrindən biri olan “Pervoe qorodskoe Sayanoqorsk" nəşri də təsdiqləyib. Xəbərdə 41 yaşlı rusiyalı hərbçinin “Kursk vilayətinin sakinlərini müdafiə uğrunda canından keçdiyi” bildirilir: "O, Leninqrad Hərbi Dairəsinin birləşmiş strateji komandanlığının 44-cü ordu korpusunun 22-ci motoatıcı alayının briqadasının komandir müavini vəzifələrində çalışıb".

Yayılanan fotoda Tixanoviçin sinəsində 2014-cü ilin martında Rusiya Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş “Krımın qaytarılmasına görə” medalının olduğunu görmək olar.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi xeyli sayda yüksək rütbəli hərbi məmur və zabit öldürülüb. Onların arasında daha çox Rusiya generallarının olması diqqət çəkir.

Rusiya hətta döyüş bölgəsindən kənarda Moskvada da general itirir. Ötən ay Ukrayna xüsusi xidmət orqanlarının təşkil etdiyi sui-qəsd nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürüldü.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Kursk   Hərbçi  





Xəbər lenti