Suriya yenə döyüş meydanına çevrilir

   Suriya yenə    döyüş meydanına    çevrilir
  21 Yanvar 2025    Oxunub:388
Suriyada kürd terrorçuları ilə Türkiyəyönlü ordu arasında döyüşə “Həyat Təhrir əş-Şam” qruplaşması da girib.
AzVision.azxəbər verir ki, Suriyanın şimalında PKK/YPG terrorçularına əsaslanan Suriya Demokratik Qüvvələri (SDQ) ilə Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) arasında şiddətli döyüşlər davam edir.
Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, son günlər Mənbic şəhəri yaxınlığındakı Tişrin bəndi ərazisində döyüşlər xeyli intensivləşib. Türkiyə artilleriyasının Hərbi Hava Qüvvələrinin (HHQ) çətiri altında SMO qüvvələri bəndin ətrafındakı strateji yüksəklikləri ələ keçirməyə yönəlmiş çoxsaylı hücumlar təşkil edir.

Hər iki tərəfin xeyli itki verdiyi bildirilir. Yanvarın 20-də SMO 8 əsgərini itirib, eyni sayda əsgər isə yaralanıb. PUA-lar vasitəsi ilə SDQ bölmələri qarşı tərəfin üç zirehli texnikasını və bir tankını vurublar. SDQ komandirləri Tişrin bəndinin ətrafındakı kəndlər ərazisində əks hücuma keçərək, Türkiyənin dəstəklədiyi qüvvələrin 26 mövqeyinə zərbələr endirdiklərini və bir neçə texnikanı sıradan çıxardıqlarını iddia edirlər.


Eyni zamanda, türk mənbələri Tişrin bəndi ətrafında PKK/YPG terrorçularının mövqelərinə güclü hücumlar edildiyini, nəticədə sonuncunun çoxsaylı itkilər verdiyini bildirir. SOHR-un məlumatına görə, dekabrın ortalarından bəri bənd uğrunda gedən döyüşlərdə hər iki tərəfdən təxminən 450 döyüşçü həlak olub.

Qeyd edək ki, Tişrin bəndi döyüşən tərəflər üçün strateji əhəmiyyətə malikdir. Bənd üzərində yerləşən elektrik stansiyası Suriyanın şimalındakı sakinlərin əsas elektrik enerjisi mənbəyidir. Bundan əlavə, bəndə nəzarət və Fərat çayını keçmək SMO bölmələrinə Kobani şəhərinə yolu açmağa imkan verəcək.

Bu döyüşlər fonunda Suriya televiziyası “Həyat Təhrir əş-Şam (HTŞ) silahlı qüvvələrinin tanklardan istifadə edərək Tişrin bəndinə və Deyr əz-Zor şəhərinə doğru irəliləməyə başladığını açıqlayıb. HTŞ qüvvələrinin artıq bənd ərazisinə çatdığı və SDQ ilə SMO arasında döyüşlərdə iştirak etməyə hazır olduğu vurğulanır.


Xatırladaq ki, HTŞ SDQ və digər silahlı qruplaşmaları yeni Suriya ordusuna qoşulmağa dəvət edib. Kürdlər, prinsipcə, bunun əleyhinə deyillər, lakin şərt kimi Suriyanın şimalına muxtariyyət statusunun verilməsində israr edirlər ki, bu da razılığın əldə olunmasını əngəlləyir.

“Bölgədə hazırda ABŞ, SDQ və HTŞ, həmçinin Türkiyə, HTŞ və SDQ arasında ayrıca üçtərəfli danışıqlar aparılır”, - “Reuters” agentliyi yazıb.

Eyni zamanda, Donald Trampın yeni administrasiyasının Suriyanın keçid hökuməti və bu ölkənin şimalında baş verən hadisələrlə bağlı hansı mövqe tutacağı hələlik məlum deyil. Ona görə də, bütün tərəflər ABŞ-nin siyasəti elan olunmazdan əvvəl öz mövqelərini gücləndirməyə can atırlar.


Bu arada İraq Kürdüstanının yüksək vəzifəli məmuru İsrail hökumətinə mesaj göndərərək, kürdləri “İsrailin agenti” kimi tanıtmaqla onlara zərər verən və kürd icmasının regional statusunu itirməsinə səbəb ola biləcək açıq dəstəkdən çəkinməyə çağırıb. O, həmçinin Suriya kürdlərini isə daha mötədil mövqe tutmağa, PKK-dan uzaqlaşmağa və İraqdakı kürd modelinə bənzər hüquqlarını təmin edən siyasi prosesə qatılmağa çağırıb.

Bəzi mənəblərin məlumatıan görə, bu yaxınlarda Suriyanın şimal-şərqindəki kürd nümayəndələri ilə İsrail rəsmiləri arasında ilk təmas da baş tutub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:





Xəbər lenti