Tramp Aİ-ni və Çini hədələyir

   Tramp Aİ-ni və Çini hədələyir
  22 Yanvar 2025    Oxunub:318
ABŞ-nin yeni prezidenti xarici ticarət əlaqələrində sərt siyasət kursu həyata keçirəcəyi barədə seçki kampaniyasında verdiyi vədlərin ciddi olduğu barədə xəbərdarlıqlar səsləndirməyə başlayıb.
AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, hakimiyyətinin ilk günündə ABŞ prezidenti Donald Tramp yenidən Avropa İttifaqını (Aİ) ticarət tariflərinin tətbiqi ilə hədələyib.

“Onlar bizimlə çox, çox pis davranırlar. Ona görə də onlar rüsumlara hazır olmalıdırlar. Ədaləti əldə etməyin yeganə yolu budur”, - Tramp bildirib.

Ticarət kəsirindən narazılığını açıqlayan ABŞ prezidenti Aİ-nin Amerika avtomobillərini və kənd təsərrüfatı məhsullarını almaqdan imtina etdiyini diqqətə çatdırıb. Bundan əvvəl Tramp Aİ ölkələrini ABŞ-dan neft və qaz idxalını artırmağa da çağırmışdı.

Tramp: “Avropa İttifaqı mini-Çindir”
Donald Tramp həmçinin onun administrasiyasının fevralın 1-dən Çindən idxala 10 faizlik gömrük rüsumunun tətbiqini müzakirə etdiyini bildirib. Buna səbəb kimi o, hər il minlərlə Amerika vətəndaşının həyatına son qoyan sintetik narkotik maddənin - fentanilin Çindən Meksika və Kanada vasitəsilə ABŞ-yə qaçaqmalçılıq yolu ilə gətirildiyini göstərib.

Xatırladaq ki, hələ ilk prezidentliyi dövründə Donald Trampın polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etməsi ABŞ-lə Aİ arasında kəskin ticarət münaqişəsinə səbəb oldu. Onun atdığı addımın cavabında Aİ bir sıra Amerika mallarına, o cümlədən viski, “Harley-Davidson” motosikletləri və “Levi Strauss” geyimlərinə xüsusi tariflər tətbiq etdi.

Sahil İagəndərov
AzVision.az


Teqlər:   Tramp     Çin  





Xəbər lenti