Pensiyalar 14.3 faiz, yoxsa 8 faiz artırlır?

Pensiyalar 14.3 faiz, yoxsa 8 faiz artırlır?
  23 Yanvar 2025    Oxunub:337
"Gələn aydan həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq".
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar:

"Yəni, 14.3 faiz artım minimum pensiyalara tətbiq olunacaq. Əgər vətəndaşımız 280 manat, minimum pensiya alırsa gələn aydan həmin məbləğ 14.3 faiz artırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq.

Pensiya artımları niyə fevral ayında ödəniləcək?
Əmək pensiyalarının indeksləşdirilməsi isə “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir".

Deputat qeyd edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur:

“Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.

Ümumilləşdirsək: minimum pensiya alanlarda artım 14.3 faiz, digər məbləğ əmək pensiyası alanlarda indeksləşdirmə ilə artım 8 faiz olacaq. Gələn aydan minimum pensiya 320 manat olduğu üçün aşağı pensiya alanlarda bu meyar nəzərə alınacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   pensiya  





Xəbər lenti